AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb. Əlyazmanın mətnini yenidən tərtib edib nəşrə hazırlayan, tədqiqat (elmi-paleoqrafik, filoloji araşdırma, mətnin transfoneliterasiyası və faksimilesi), “Ön söz”, izah və qeydlərin müəllifi Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Məmmədbağıroğludur.
Bu barədə TƏHSİL.BİZ - ə institutdan bildirilib. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan “Əsli və Kərəm” dastanının “Hekayəti-Kərəm” adı ilə əlyazmaya köçürülmüş, Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsi ilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn Əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb. Yazılı dastan abidəsi ilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, əlyazmanın mətnini tərtib edən mərhum alim, Əməkdar elm xadimi Şamil Cəmşidov, rəyçisi professor Kamil Allahyarov, redaktoru Macarıstanın Peç Universitetinin doktorantı Mahnur Kərimovadır.