Logo

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

06.05.2025 15:15 48 baxış
IMG

Mayın 6-da 56 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 146 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin dördüncü təsnifatına, 39-u beşinci təsnifatına, 34-ü altıncı təsnifatına və 72-si yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (13 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 42-si Naxçıvan Muxtar Respublikasının 14 dövlət orqanı, 56-sı isə 25 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:

-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər mayın 6-dan 20-dək (saat 18:00-dək) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

Xəbər lenti