Logo

“Dil koqnitiv, ritorik və neyrobioloji elmlərin qovşağında” monoqrafiyası çapdan çıxıb

16.05.2025 13:42 53 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti, filologiya elmləri doktoru Günel Bayramovanın “Dil koqnitiv, ritorik və neyrobioloji elmlərin qovşağında” adlı fundamental monoqrafiyası nəşr olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, əsərdə müasir dilçilik elminin aktual istiqamətlərindən olan koqnitiv yanaşma, ritorik analiz və neyrobioloji paradiqmaların sintezinə əsaslanaraq dilin funksional və konseptual təhlili aparılıb. Tədqiqatda dilin yalnız kommunikativ vasitə deyil, həm də idrak proseslərinin strukturlaşdırıcısı kimi fəaliyyəti ön plana çəkilir. Əsərdə dilin insan beynində formalaşma mexanizmləri ilə bağlı neyrolinqvistik yanaşmalar geniş təhlil olunur və bu aspektin linqvistik fəaliyyətin dərkində mühüm əhəmiyyət daşıdığı elmi şəkildə əsaslandırılır. Müəllif dilin koqnitiv struktur kimi təşəkkül tapması ilə bağlı neyrobioloji və psixoloji amillərin qarşılıqlı təsirini araşdıraraq çoxşaxəli elmi inteqrasiya nümunəsi təqdim edir.

Monoqrafiyanın elmi redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri professor İdris Abbasov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Aytən Allahverdiyeva və Elnurə Abbasovadır.

Əsər koqnitiv dilçilik, psixolinqvistika, neyrolinqvistika və koqnitiv semiotika sahələrində aparılan müasir tədqiqatlar üçün dəyərli elmi mənbə kimi çıxış edir. Monoqrafiya ali təhsil müəssisələrinin müəllim və tələbələri, doktorant və dissertantlar, dilçilik elminin müxtəlif istiqamətləri üzrə ixtisaslaşan mütəxəssislər üçün faydalı araşdırma materialıdır.

 

Xəbər lenti