Logo

Nəsir Əhmədli: "Dilin varlığı millətin varlığıdır"

22.07.2021 12:22 945 baxış
IMG

(Filologiya elmləri doktoru, professor, Əməktar jurnalist Nəsir Əhmədli ilə müsahibə)

 

Nəsir müəllim, uzun illər həm jurnalist fəaliyyəti ilə məşğul olmusunuz, həm də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təlim-tərbiyə prosesində iştirak etmisiniz, bu sahədə professorsunuz. Azərbaycan ədəbi dilinin saflığını, düzgünlüyünü qoruyan dil normalarının keşikçilərindənsiniz. Hazırda mediada ədəbi dilin normalarına əməl olunmasının hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

 

- Dilimizin inkişafı tarix boyu həmişə vətənpərvər ziyalılarımızın diqqət mərkzində olub. Bugün də belədir, gələcəkdə də belə olacaq. Dil millətin varlığının əsas atributudur, yəni dil yoxdursa, millət də yoxdur. Sevinirəm ki, bu atributun qorunmasında mənim də azacıq xidmətim var. Düz 50 ildir, mən peşəkar jurnalistikadayam. 1971-ci ildə BDU-nun Jurnalistika fakütəsini bitirdikdən sonra 4 ildən artıq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində çalışmışam. 1975-ci ildə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq üçün doğma fakültəmizə dəvət olunmuşam, namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişəm. Fakültəyə qayıtdıqdan sonra da praktik jurnalistikadan ayrılmamışam. Bütün bu müddətdə həmişə ana dilimizin qorunması, saflığı, zənginləşməsi uğrunda mübarizə aparmışam, bildiklərimi gənc jurnalistlərə  öyrətməyə çalışmışam. İndi onların çoxu mənə “ustad” deyə müraciət edirlər və bu ifadə mənim çox xoşuma gəlir.

 

1980-ci illərin əvvəlləridə fakültəmizdə “Jurnalistin nitq mədəniyyəti” fənninin əsası qoyulub və o vaxtdan bu günə qədər həmin kursu mən tədris edirəm. Bu sahə ilə bağlı iki dərs vəsaitinin, bir dərsliyin, onlarca elmi məqalənin müəllifiyəm. “Jurnalistin nitq mədəniyyətinin əsasları” dərsliyi iki dəfə Dövlət Mükafatına təqdim olunub. Arzu edərdim ki, başqa fakültələrdə də analoji fənn tədris olunsun. Məsələn, Hüquq fakültəsində “Hüquqşunasın nitq mədəniyyəti” kursu təşkil edilsin, çünki hüquq-mühafizə orqanları əməkdaşlarının düzgün danışmaları və yazmaları vacib şərtlərdəndir.

 

Mediada çalışan jurnalistlərin dilə münasibətinə gəlincə, deyə bilərəm ki, bunların əksəriyyəti bu və ya digər dərəcədə dil normalarına əməl edirlər. Bununla belə, bəzi şou-proqramların aparıcıları bu mühüm sahəyə laqeyd yanaşır, efir üçün məqbul sayılmayan ifadələrə öz nitqlərində geniş yer verirlər. Yaxşı olardı ki, belələri üçün xüsusi nitq mədəniyyəti kursları təşkil edilsin.

 

- Kütləvi informasiya vasitələrində ən çox diqqətinizi çəkən dil qüsurları nələrdir?

 

- Qüsur çoxdur: mətnlərdə məntiq qanunlarının pozulması, cümlələrdə sözlərin düzgün sıralanmaması, pleonazmların, yəni lüzumsuz sözlərin və şəkilçilərin işlədilməsi, orfoqrafiya və orfoepiya tələblərinə  əməl edilməməsi və s.

 

- Son vaxtlar başqa sahənin mütəxəssisləri dilçilik məsələləri haqda daha çox danışırlar. Buna münasibətiniz necədir?

 

- İxtisasından asılı olmayaraq hər bir ziyalı ana dilini mükəmməl bilməli, yeri gəldikcə onun təbliği ilə də məşğul olmalıdır. Bəzən başqa sahənin mütəxəsisləri dilçilik sahəsində daha böyük uğur əldə edirlər. Məsələn, professor Qulu Məhərrəmli və professor Ramiz Əskər ixtisasca jurnalist olsalar da, daha çox dilçi kimi tanınırlar.

 

- Nəsir müəllim, alınma sözlər məsələsinə dair fikrinizi bilmək istərdik. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi o vaxt üçün alınma sözlərin dilimizə gəlişini təqdir etməkdə haqlı idimi? Bu gün alınma sözlərə ehtiyac varmı? Yoxsa ana dilimizdə qarşılığı yaradılmalıdır?

 

- “Jurnalistin nitq mədəniyyətinin əsasları” dərsliyindən bir hissəni burada verməklə sualınızı daha geniş cavablandırmaq istəyirəm.Bunu ayrıca bir məqalə kimi də dəyərləndirə bilərsiz.

 

Dili zənginləşdirməyin ən geniş yayılımş üsulu başqa dillərdən sözalmadır. Bəzən bu prosesə hədsiz pis münasibət duyulur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalarla gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".

 

Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamısını əhatə etməyən, daha çox qədim yunan və latın dillərindən əxz olunmuş “Əcnəbi sözlər lüğəti”ndə 20 minə yaxın söz var. Bu gün Azərbaycan türkcəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da əksəriyyəti rus dili vasitəsilə Qərbi Avropa dillərindən gəlib. Aşağıdakı şəkildən də göründüyü kimi, ingilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latın (29 %), fransız (29 %), yunan (6 %), Norveç (4 %) və başqa naməlum dillərdən (6 %) alınmışdır.

 

 

Bu baxımdan Azərbaycan türkcəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir. Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s. demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də çox vaxt uğursuzluqla nəticələnir, həmin sözlərə yalnız bir qrup ziyalının nitqində rast gəlirik. Təkcə onlar xolodilnikə soyuducuruçkaya qələm deyirlər. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət kondisionerləri zavodu tikildi. O zaman kondisioner (latınca: normaya salanmüəyyən vəziyyətə gətirən) bizim üçün yeni söz idi. Onu sərinkeş adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü qısa oldu: 1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: -keş leksik şəkilçisi isimə artırılaraq ona çəkən anlamını verir (zəhmətkeş - zəhmət çəkənxətkeş - xətt çəkəncəfakeş - cəfa çəkən…). Sərin sözü isə sifətdir. Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir.

 

Başqa dillərdən alınmış zəruri sözləri ilk dəfə qəzet səhifəsinə çıxararkən hökmən onların açımını vermək lazımdır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində xeyli alınma söz işlədir və onların hər birinin nə olduğunu oxuculara anladırdı: "Məlumdur ki, indi olan Osmanlı davasında torped (torpedo – müəl.) çox iş görür. Torped bir su keçirməyən dəmir qutudur ki, onun içini barıt ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped atılıb gəmini para-para edir" («Əkinçı» qəzeti, 1877, 21 iyul 1877-ci il) .

 

İndiki qəzetçilərimiz də yazılarında invoysprolonqasiya kimi əcnəbi sözləri gen-bol işlədir, lakin Həsən bəydən fərqli olaraq onların şərhini verməyi özlərinə rəva bilmirlər:

 

Tütün məmulatlarına gömrük rüsumları da malın invoys qiymətinə deyil, həcminə tətbiq edilir;

 

Bu sənədin prolonqasiyasının uzanması sürücülərin yol fonduna vergilər verməsini təsbit edir.

 

Birinci cümlədə invoys qiyməti ifadəsini işlətmək o qədər də vacib deyil, çünki onun Azərbaycan türkcəsində daha yaxşı səslənən qarşılığı var - qaimə qiyməti. Yox, invoys sözü müəllifin hədsiz xoşuna gəlibsə, heç olmazsa, onun izahını verməli idi. İkinici cümlədə isə həm sözün mənası aydın deyil, həm də plonazm (təkrarlanma) var. Belə ki, prolonqasiya sözünün etimologiyası latıncadan tərcümədə uzatmaq deməkdir. İndi o, hüquq termini kimi işlənir və açımı belədir: “Müqavilənin, sazişin, borcun, vekselin və s. fəaliyyət müddətinin uzadılması» (Словарь иностранных слов, c. 412.). Buna görə də qəzetdən misal gətirdiyimiz həmin cümlədə uzanması sözünü ixtisara salıb, sadəcə, bu sənədin prolonqasiyası yazmaq daha düzgün olardı.

 

Eyni, yaxud yaxınmənalı anlayışları bildirmək üçün müxtəlif əcnəbi dillərdən alınmış sözlər öz aralarında, həm də onların dilimizdəki milli qarşılığı ilə sinonimlər sırası yaradır və adətən, bunların hər biri müəyyən məqamda işlənir. Məsələn, ərəbcədən alınmış aləm və dünya, farscadan alınmış cahan sözləri heç də həmişə bir-birini əvəzləyə bilmir: dünya müharibəsi, cahan müharibəsi deyirik, aləm müharibəsi demirik. Heyvanlar aləmi deyirik, heyvanlar cahanı demirik və s. Eyni qaydada, günah, təqsir, suç sözləri arasında da məna çalarları var, lakin biz, nədənsə, onların fərqinə varmırıq. Günah din terminidir, yəni insanın yalnız Tanrı yanında günahı ola bilər, bəndələrin bir-birinə münasibətində isə təqsir və suç deyimlərindən istifadə edilməlidir. Kütləvi informasiya vasitələrimizdə isə, bir qayda olaraq, günah və günahkar sözləri təqsirmüqəssirsuç, suçlu mənalarında işlədilir.

 

Başqa dildən söz alarkən üç əsas cəhətə diqqət yetirməliyik:

 

1)  Həmin sözlərin dilimizdə uğurlu qarşılığı olmasın;

 

2) Alınan söz inkişaflı dillərin çoxunda işlənsin, yəni beynəlmiləl termin statusu qazansın;

 

3) Diləyatımlı olsun, asan deyilsin.

 

Anadolu türkcəsindən və başqa türklərin (türkmənlərin, qaqauzların, tatarların, özbəklərin, qazaxların və s.) leksikasından sözlər alınması göstərilən üsullar sırasında, bir növ, orta yer tutur. Belə ki, türk dillərindən sözalma prosesinə həm ümumtürk klassikasından, həm ümumtürk folklorundan, həm dialektlərdən sözalma kimi, həm də indi haqqında danışacağımız qrammatik yolla sözyaratma prosesi kimi baxmaq olar. Məsələn, quzeygüney sayağı bir qrup söz var ki, onlara həm türk dillərinin bir çoxunda, həm klassik ədəbiyyatımızda, həm folklorumuzda, həm də bəzi dialektlərimizdə rast gəlinir.

 

“Son dövrdə Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən, dilimizin ehtiyacını ödəyən “qurum”, “yetərsay”, “örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”, “öndər”, “dəstəkləmək”, “açıqlamaq”, “önəmli”, “özəl” kimi sözlər vardır...

 

Bununla belə, Azərbaycan və Türkiyə türkcələri adicə ləhcələr yox, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq formalaşmış müstəqil dillərdir. Onlar son dərəcə yaxın və doğma olsa da, aralarında fonetikadan tutmuş sintaksisə qədər bütün səviyyələrdə prinsipial fərqlər mövcuddur. Buna görə də öz dilimizdə əsrlər boyu işlədilən, qarşılığı ola-ola yaxın, bəzən hətta eyniköklü digər bir kəlmənin türk dilindən alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna xələl gətirir. Məsələn, yerinə düşdü-düşmədi, hər yerdə yazıçı əvəzinə yazarmaraqlı əvəzinə ilginccavabdeh əvəzinə sorumluyozmaq əvəzinə yorumlamaqtüstü əvəzinə dumankökəlmək əvəzinə kilo almaqarıqlamaq əvəzinə kilo verməksual əvəzinə sorusevimli tamaşaçılar əvəzinə sevgili seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə görüntüləmək işlətməyə nə ehtiyac var?!

 

Yersiz “mənimsəmələr”, təəssüf ki, yalnız leksik yox, sintaktik səviyyədə də müşahidə olunur. Müxtəlif mətbuat vasitələrinin dilində bu tipli cümlələrə rast gəlinir:

 

Sonda baş bakan meydana toplaşanlara yeni təkliflə səsləndi.

 

Mən sizinlə bu mövzunu dartışmaq istəmirəm.

 

İlk təhlükəli hücum “Neftçi” komandasından gəldi.

 

Mən Bakıya ikinci dəfə gəldiyimdə şəhəri tanıya bilmədim.

 

“Qarabağ” Azərbaycan futbolu adına böyük bir qəhrəmanlıq yaşadı.

 

Rusiyanın cənubunda havanın hərarəti iqlim normalarının bir xeyli üzərindədir.

 

Maraqlı, amma çox maraqlı bir kitabdır.

 

Dramaturgiyanın inkişafını söz konusu etmək özü də dartışılacaq bir şey kimi görünür.

 

Şahmatçımız bu oyunu qazana bilsə, final mərhələsində çıxış edəcək.

 

Səfir sadə şəkərlə yetinməli olur.

 

Bu cümlələrdə dilimizin lüğət tərkibinə daxil olmamış kəlmələrin məqamına uyğun olmadan işlədilməsindən əlavə, dilimizin bir sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn, arzu məzmunlu cümlənin xəbəri felin şərt şəklində işlədilir, felin təsriflənməyən forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq, təsrifləndirilərək işlədilir, ədatla bağlayıcı səhv salınır və s.”

 

- Sonda Milli Mətbuat Günündə jurnalistlərimizə nə tövsiyə edərdiniz?

 

- Milli mətbuatımızın tarixində öyrəniləsi, ibrət götürüləsi faktlar çoxdur. H.Zərdabinin, Ə.Hüseynzadənin, C.Məmmədquluzadənin əsərlərində dillə bağlı maraqlı fikirlər var. Bugünkü jurnalistlərimiz həmin fikirləri öyrənərək inkişaf etdirməlidirlər. Peşə bayramımız münasibəti ilə bütün həmkarlarımızı ürəkdən təbrik edir, hər birinə can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Müsahibəni hazırladı:

Nərminə Əsədova

Xəbər lenti