Logo

Kişi müəllimlərinin sayının artırılması üçün ÇIXIŞ YOLU

07.01.2022 11:01 853 baxış
IMG

Dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edir. Lakin son illərdə bəzi ölkələrdə əks tendensiya müşahidə olunmaqdadır. Buna da səbəb oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətməkdən ibarətdir.

Bu ölkələrdən fərqli olaraq Azərbaycanda kişi müəllimləri ilə qadın müəllimləri arasında xeyli say fərqi var. Ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir. Amma kişi və qadın müəllimlər arasında bu qədər böyük say nisbətinin olması cəmiyyətdə birmənalı qarşılanmır.

Milli Məclisin sonuncu plenar iclasında deputat Məlahət İbrahimqızı gender bərabərliyindən danışarkən kişilərin təhsil prosesində azlıq təşkil etdiyini vurğulayıb.

Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidir ki, oğlan abituriyentlər seçim edərkən pedaqoji ixtisaslara da üstünlük versinlər?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məsələni Modern.az-a şərh edərkən bildirib ki, indiki dövrlə müqayisədə əvvəllər məktəblərdə kişi və qadın müəllimləri arasında nisbi bərabərlik vardı:

“Bu məsələ zaman-zaman Milli Məclisin iclaslarında səsləndirilib. Bu problem özünü açıq şəkildə həm məktəblərdə, həm də universitetlərdə göstərir.

Təbii ki, birmənalı olaraq, tədrisdə kişilər də, qadınlar da olmalıdır. Əvvəlki dövrlərdə məktəblərdə kişi və qadın müəllimləri arasında nisbi bərabərlik vardı. Misal üçün, əvvəlki zamanlarda Bədən Tərbiyəsi fənni ilə əsasən kişi müəllimlər məşğul olurdu. Amma indi bu fənni qadınlar da tədris edir. Hətta universitetlərdə elə kafedralar var ki, orada məsələn 23 müəllimdən 20-si qadındı, 3-ü kişidir.

Müşahidələrin hamısı onu göstərir ki, zaman-zaman kişilərin elmə, təhsilə marağı azalır. Tədris prosesində kişi müəllimlər olmalıdır ki, oğlanlar müəyyən məsələlərdə kişilərdən nümunə götürüb, onlarla məsləhətləşsin. Bu istiqamətdən tədrisdə kişilər və qadınlar arasında nisbətin pozulmaması önəmlidir”.

Parlamentari tədris prosesində kişilərin azlığını müəllim maaşının aşağı olması ilə əlaqələndirib:

“Kişilər ailə başçısı olduğu üçün əsasən yüksək maaşlı işlərə üstünlük verirlər. Onları müəllimlərə verilən maaş qane etmir. Düzdür, son illər müəllimlərin maaşında Prezidentin sərəncamı ilə artımlar var. Amma ümumən götürdükdə özəl sektorda, bir sıra qurumlarda maaş yüksək olduğu üçün kişilərin nisbətən müəllimliyə marağı azalıb.

Hesab edirəm ki, gələcəkdə bu məsələyə bir daha baxılmalıdır. Çünki bu tendensiya davam etsə, ümumiyyətlə, müəllimlik peşəsinə marağın azalması ilə nəticələnəcək.

Bir nüansı da qeyd edim ki, akademiyanın institutlarında hər il doktoranturaya qəbul üçün 1 yer uğrunda 3-4 namizəd mübarizə aparırdı. Amma bu il akademiyanın elə institutu oldu ki, ora 20-dən artıq doktorluğa yer verilmişdi və cəmi 3 nəfər müraciət etmişdi. Bu da onu göstərir ki, ölkədə elmə maraq azalıb. Bu marağı qorumaq üçün maaş məsələsinə yenidən baxılmalıdır. ”.

C.Məmmədov maaşlarla yanaşı, müəllim peşəsində çalışanlara müəyyən qədər stimullaşdırıcı alətlərin tətbiqinin vacib olduğunu vurğulayıb:

“Müəllimlik peşəsinin cəzbedici olması, bu peşəyə marağın artması üçün stimullaşdırıcı alətlər olmalıdır. Yəni məsələn, mən müəllimlik peşəsini seçirəm və mənə təklif olunur ki, ev aldıqda, torpaq aldıqda, hansısa güzəştlər olacaq. Və ya kredit götürəndə hansısa güzəştlər tətbiq ediləcək. Bunların hamısı müəllimlik peşəsinə marağı artıracaq”.

Xəbər lenti