Logo

1969-cu il 14 iyul plenumu - Azərbaycan elminin inkişafında yeni dövrün başlanğıcı

14.07.2022 10:02 498 baxış
IMG

Dünyanın böyük xalqları mövcud olduqları siyasi coğrafiyada tutduqları strateji mövqelərinə görə müdriklik zirvəsini fəth etmiş liderlərinə, xalqı təşkilatlandırıb arxasınca apara bilən müzəffər sərkərdələrinə, milli ideyaya sadiq və onun daşıyıcısı olan görkəmli ictimai-siyasi xadimlərinə borcludurlar. Bu cür şəxsiyyətlər öz xalqlarının tarixini yazır, yaradır, müəyyən anlarında dövlətlərin taleyinə və inkişafına ciddi təsir edən hadisələrin mərkəzində dayanır, bəzən bu hadisələrin istiqamətini dəyişəcək qədər qüdrətli olurlar. Bu gün Azərbaycan Respublikası müstəqillik dövründə bütün çətinlik, problem və təhdidlərə qarşı möhkəm dayanıb intensiv inkişaf yoluna çıxaraq öz təhlükəsizliyini təmin edə biləcək qüdrətə çatıbsa, Vətən müharibəsində böyük Zəfərin əldə edilməsinə nail olubsa, bütün bunlar ulu öndər Heydər Əliyevin şəxsiyyəti, rəhbərlik qüdrəti, sarsılmaz iradəsi, əsasları məhz onun tərəfindən 53 il bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoyulmuş böyük dövlətçilik siyasəti sayəsində mümkün olub.

Bu fikirlər AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın “1969-cu il 14 iyul plenumu - Azərbaycan elminin inkişafında yeni dövrün başlanğıcı” sərlövhəli məqaləsində yer alıb.

1960-cı illərin sonlarında respublika iqtisadiyyatı dərin böhran mərhələsində qədəm qoymuşdu. Bir çox sahələrdə milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənaye sahələrində, kənd təsərrüfatında texniki-iqtisadi göstəricilər aşağı düşürdü. Taxılın, pambığın, tərəvəzin, üzümün, çay və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi. İqtisadiyyatın inkişafı üçün prinsip etibarilə yeni konseptual proqram işlənməsi, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri həyata keçirilməsi, təsərrüfatçılıq işində yeni metodlar tətbiq edilməsi və s. zəruri vəzifələr qarşıda dururdu. Bu çətin və mürəkkəb işlərin həyata keçirilməsində güclü, bacarıqlı təşkilatçı, cəsarətli bir rəhbərə ehtiyac var idi. Məhz belə bir zamanda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il iyulun 14-də baş tutmuş plenumu xalqımızın, dövlətimizin və milli dövlətçiliyin tarixində böyük dönüş nöqtəsi oldu, ölkənin iqtisadiyyatında, mədəniyyətində, dövlət quruculuğunda, ictimai-hüquq sistemində, elm və təhsilində yeni, möhtəşəm bir dövrün başlanğıcını qoydu. Plenumda yekdilliklə Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə seçilmiş Heydər Əlirza oğlu Əliyev çıxışında göstərmişdi ki, o, tam məsuliyyətlə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcəkdir. Dahi Heydər Əliyevin fitri istedadı, yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və güclü təşkilatçılığı respublikada 1970-80-ci illərdə qazanılmış bütün müvəffəqiyyətlərin rəhni olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin inkişaf və tərəqqi siyasətinin milli məfkurəyə və dərin elmi təhlillərə, ölkənin elmi potensialının daim gücləndirilməsinə və bu potensialdan maksimum səmərəli istifadəyə əsaslanması onun ardıcıllığını, davamlılığını, tarixi uğurlarını təmin etmişdir. Azərbaycan xalqının böyük rəhbərinin elm və təhsilin əhəmiyyətinə verdiyi dəyər cəmiyyət həyatının bütün digər sektorlarının dayanıqlılığı və inkişafı üçün çox böyük önəm daşıyıb.

Böyük Fransız yazıçısı Emil Zolyanın “Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər” fikrini Ulu Öndər qədər dərindən duyan, dərk edən ikinci dövlət xadimi tapmaq çox çətin olardı. Böyük strateq Heydər Əliyev bilirdi ki, elm yer üzündə canlı həyatın davamında və bəşəriyyətin yaşam keyfiyyətinin yüksəldilməsində, insan cəmiyyətinin tərəqqisi və rifahının yaxşılaşdırılmasında, daim qloballaşan dünyada dayanıqlı inkişafının, beynəlxalq sülh və əməkdaşlığın təmin olunmasında və dərinləşdirilməsində başlıca hərəkətverici qüvvədir. O, cəmiyyət həyatının və xalq təsərrüfatının heç bir sahəsinin insan dühasının və emprik təcrübənin sayəsində minilliklər ərzində toplanmış və bu gün insan təxəyyülünü belə qabaqlayan elmi biliklərin və onlardan qaynaqlanan texnika və texnologiyaların, innovasiyaların iştirakı olmadan tərəqqi edə bilməyəcəyini çox yaxşı bilirdi. Təsadüfi deyildir ki, Ümummilli Lider Azərbaycan SSR KP MK-nın 1969-cu ilin avqust ayında keçirilmiş məşhur plenumunda özünün uzunmüddətli inkişafa hesablanmış iqtisadi və idarəçilik proqramını elan edərkən respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin, milli təhsil sisteminin inkişaf etdirilməsini, elm və təhsil adamlarına diqqət və qayğı göstərilməsini öz fəaliyyətinin başlıca istiqamətləri kimi göstərmiş, bütün sonrakı həyatını sədaqətlə bu ideallara xidmət etməyə sərf etmişdir.

Plenumdakı çıxışında Azərbaycanın yeni lideri deyirdi: “... Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər. Ölkəmizdə elmi işçilərin əməyi şərəflidir, onlara ehtiram göstərilir, onlar layiqli nüfuz qazanmışlar”. Həmin tədbirdə Ulu Öndər, həmçinin elm adamları qarşısında proqram xarakterli vəzifələr qoymuşdu: “Elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda yaradıcı mübarizənin önündə getmək, tədqiqat nəticələrinin praktikada, istehsalatda tətbiqinə, mütərəqqi texniki yeniliklərin öyrənilməsinə öz əsərləri, kəşfləri, ideyaları ilə kömək etmək alimlərin borcudur”.

Respublikada müxtəlif təsərrüfat sahələrinin dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsinin düzgün elmi yollarının müəyyənləşdirilməsini öz rəhbərlik fəaliyyətində ön plana çıxaran dahi lider Heydər Əliyev iqtisadiyyatın modernləşdirilməsi, sosial-iqtisadi, elmi-mədəni inkişafının təmin olunmasında elmi potensialın gücləndirilməsi və əldə edilən nailiyyətlərin tətbiqi, yeni ehtiyat mənbələrinin əsaslandırılması və istifadə edilməsi yolunu özünün fəaliyyət kredosu seçmişdi. Xarakterikdir ki, son 100 ildə böyük bir inkişaf yolu keçmiş Azərbaycan elmi və milli təhsil sistemi özünün ən yüksək səviyyəsinə 1960-cı illərin sonlarından başlayaraq çatıb. Məhz Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində 1970-ci illərdə ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, Azərbaycan elmi kifayət qədər geniş dairədə tanıdılmış, elmi tədqiqatların istiqamətləri dünyada gedən tendensiyalara uyğun şəkildə genişləndirilib və problemlərin həllinə yönəldilib, elm və təhsil müəssisələrində çalışan hər kəs hərtərəfli qayğı ilə əhatə edilmişdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi bacarmışdı. 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12 min 850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi idarə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR EA-nın 56 həqiqi və 71 müxbir üzvü, 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı. 1970-1980-ci illərdə Azərbaycanda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı.

Ulu Öndərin hər zaman Elmlər Akademiyasına, onun elmi heyətinə xüsusi həssaslıqla yanaşması məlum həqiqətdir. Onun respublikaya rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu illərdə Azərbaycan Elmlər Akademiyası “Xalqlar dostluğu” ordeni (1995) ilə təltif olunub, Elmlər Akademiyasının əməkdaşları beynəlxalq yarmarkalarda, xalq təsərrüfatı sərgilərində qızıl medallara, dövlət və hökumət təltiflərinə, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarla respublika Dövlət mükafatına layiq görülüb, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Müdrik Liderin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarla kafedra, problem laboratoriyaları, yüzlərlə ixtisas açılıb, ali təhsilli şəxslərin sayı 70 mindən 100 minə qədər artmışdı. 1982-ci ildə 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, yüksək təşəbbüskarlığı və gənclərə himayəsi nəticəsində 1970-80-ci illərdə 80-dən yuxarı sahəni əhatə edən 250-dən çox ixtisas üzrə on beş mindən artıq azərbaycanlı gənc (orta hesabla ildə 800, 1980-ci illərin əvvəllərindən başlayaraq hər il 1000-1400 nəfər) Bakıda imtahan verməklə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində təhsil almağa göndərilib, onlara güclü mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılmışdı. Bu proses unikal xarakter daşımaqla, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialının yaradılması demək idi. Heydər Əliyevin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin xidmətlərini mütləq qeyd etmək lazımdır. Bu böyük şəxsiyyətin elmi uzaqgörənliyi sayəsində Azərbaycanda biokimya, molekulyar biologiya, molekulyar genetika, biofizika, gen və hüceyrə biotexnologiyaları, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafı, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin biologiya və aqrar elmlər üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən istifadə edilməsi öz bəhrəsini vermişdir. Cəlal Əliyevin yaratdığı böyük məktəbin nümayəndələri bu gün elmə ləyaqətlə xidmət edir, Azərbaycana dünya səviyyəsində nüfuz qazandırırlar.

Heydər Əliyev ümumxalq sevgisindən və xalq arasında boyük nüfuzundan istifadə edərək cəmiyyətin elm və təhsilə, elmi potensiala münasibətinə məqsədyönlü şəkildə müsbət təsir göstərir, “şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam… ona görə ki, elm adamları müstəsna adamlardır”, “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” kimi çıxış və çağırışları ilə ictimai fikri ustalıqla istiqamətləndirirdi.

Fitri istedadı, yüksək intellekti, dərin bilikləri və idarəçilik novatorluğu ilə dünya liderlərinə nümunə olan Ulu Öndər bütün məsələlərin həllinə hər zaman elmi cəhətdən əsaslandırılmaqla yanaşılmasını yeganə düzgün yol hesab edirdi. Bu baxımdan, milli və dövlətçilik tariximizin ən görkəmli simasının siyasi, iqtisadi-təsərrüfat, hüquqi dövlət quruculuğu, beynəlxalq və s. fəaliyyəti kifayət qədər elmtutumlu olmaqla özü də iri həcmli elmi tədqiqatların mövzusu ola bilər.

Müstəqillik dövründə xalqının çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər, ilk növbədə, alimlərlə görüşmüş, onların fikir və mövqelərini öyrənmiş, Elmlər Akademiyası ətrafında gedən söz-söhbətlərə də son qoymağa nail ola bilmişdi. O deyirdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”.

Hələ 1997-ci ildə Ulu Öndər Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti olaraq müəyyənləşdirib, elmlə bağlı mövqeyini ortaya qoymuşdu: “... Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir daha bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək elmi müəssisəsi, elmi təşkilatıdır...”. Cəmiyyətə verilən bu mesajlar elmimizin nüfuzunu yenidən artırıb, akademik qurumların ölkənin inkişafında rolunu möhkəmləndirib. Ulu Öndərin 2001-ci il 15 may tarixli Fərmanı ilə Elmlər Akademiyasının adına “Milli” sözünün əlavə edilməsi də əlamətdar hadisə hesab edilə bilər. Onun təşəbbüsü ilə 2002-ci ildə AMEA-nın həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılıb. Son 30 ildə AMEA əməkdaşlarının, ümumən elm və təhsil işçilərinin sosial müdafiəsi üzrə əhəmiyyətli layihələr həyata keçirilib, onların vəzifə maaşları dəfələrlə artırılıb, elmi adlara görə ödəmələr təyin edilib. Heydər Əliyevin 2003-cü il 4 yanvar tarixli Fərmanı ilə AMEA-nın ali elmi qurum kimi statusu təsdiq edilib, yeni Nizamnaməsi təsdiqlənmişdir.

Ümummilli Liderin ölkədə elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin elmə baxışlarına şəxsən yüksək qiymət verib, özünün də eyni baxışlara sahib olduğuna diqqət çəkmişdir: “Bütün dövrlərdə – 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ... nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir … Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır”.

Məsələlərə məhz bu mövqedən yanaşan Prezident İlham Əliyev elmin idarə olunmasının və hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində Ulu Öndərin siyasətini daha da inkişaf etdirib. 2016-cı il iyunun 14-də Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 27 mart - Elm Gününün təsis olunması Azərbaycanın yuksəlişində elmin vacib rolunu bir daha təsdiq edib.

İnsan kapitalına, insan indekslərinin inkişafına investisiyaların qoyuluşu, biliklərə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması bu gün Azərbaycan dövlətinin elm siyasətinin başlıca strateji istiqamətlərindəndir. Ölkə Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, müasir dünyanın reallıqları Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoyur. Yalnız mövcud elmi potensialı qorumaq və gücləndirməklə bu vəzifələrin öhdəsindən gəlmək olar.

Son bir neçə ildə Azərbaycan elmi yenidən dərin islahatlar və keçid dövrünü yaşamaqdadır. Ulu Öndərin və Prezident İlham Əliyevin diqqət və qayğısına, analoqu olmayan dövlət dəstəyinə elm və təhsil sektorunun, elmi ictimaiyyətin də layiqli şəkildə cavab verməsi, pandemiyaya qarşı davam edən mübarizədə, işğaldan azad edilmiş torpaqlara “Böyük Qayıdış”da, Azərbaycan dövlətçiliyinin yüksəlişi və inkişafı, təhlükəsizliyinin təmin olunması planlarının gerçəkləşdirilməsində, elmin və elm adamlarının ön sıralarda olması dövrün tələbidir. Qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gəlmək üçün elmimiz real potensiala, lazımi elmi-texniki və təşkilati resurslara malikdir. Bu potensialın və resursların təşəkkül və inkişafında Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumu önəmli bir mərhələ kimi ölkə tarixinə qızıl hərflərlə yazılıb.

"Kaspi" qəzeti

Xəbər lenti