AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Xalq rəssamı, heykəltaraş Tokay Məmmədova həsr olunmuş nəşrlər yer alır.
Tehsil.biz xəbər verir ki, 1972-ci ildə Moskvada “Tokay Məmmədov” adlı kitab nəşr olunub. Kitabın müqəddiməsində tanınmış azərbaycanlı sənətşünas Cəmilə Novruzova ədəbi dildə görkəmli heykəltaraşın o dövrdəki yaradıcılığının geniş icmalını verib, ayrı-ayrı sənət işlərini əsaslı təhlil edib.
Eyni zamanda, “Tokay Məmmədov” bukletləri 1965-ci ildə ingilis, fransız və ərəb dillərində nəşr olunub.
Tokay Məmmədovun (1927-2018) əsərləri Azərbaycan heykəltaraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. O 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib.
Heykəltaraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub.