İyunun 4-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə Gənc Etnoqrafların I Respublika Forumu işə başlayıb.
Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalib Turabovun TƏHSİL.BİZ -ə verdiyi məlumata görə, forum Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.
Forumun işinə Quba Soyqırımı Memorial Kompleksinin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb.
Tədbir iştirakçıları sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanış olublar.
Plenar iclasın açılışında Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, layihənin təşəbbüskarı Günay Həsənova çıxış ediblər.
Forum iştirakçıları geniş elmi məruzələrlə “Tarix və mədəniyyət”, “Arxeologiya və antropologiya”, “Etnoqrafiya və etnologiya” və “Tarixi abidələr və turizm” sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, slayd və posterlər təqdim ediblər.
Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib. Tədbir iştirakçıları Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar.
İkigünlük forum iyunun 5-də iştirakçılar üçün nəzərdə tutulan mədəni proqram, Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarət edilməsi ilə başa çatacaq.
Bu tədbir gənc etnoqrafların və tədqiqatçıların bir araya gəlməsi, əməkdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın zəngin mədəni irsinin qorunması məsələsində yeni yanaşmaların ortaya qoyulması baxımından böyük əhəmiyyət kəsb edir.
Forum çərçivəsində 70-ə yaxın elmi məqalə təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.