Azərbaycan Dillər Universitetində “Məzun-35” adlı tədbir keçirilib. Tədbir 1985-1990-cı illərdə ADU-da təhsil alan məzunlara həsr olunub.
Öncə Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının 264 saylı məktəb ərazi üzrə ƏPT-nin sədri Telman Rüstəmov məzunları salamlayıb, onları yenidən doğma universitetlərində görməkdən məmnun olduğunu bildirib.
ADU-nun Elmi işlər üzrə prorektoru Həmidə Əliyevə tədbir iştirakçılarına ADU-nun rektoru, akademik Kamal Abdullanın salamlarını çatdırıb.
Qeyd olunub ki, ADU son illər bir sıra uğurlara imza atıb. QS reytinqlər cədvəlində uğurla irəliləyən ADU-nun beynəlxalq nüfuzunun artmasının rəhbərliyin, müəllim və tələbələrin böyük zəhmətinin göstəricisi olduğu vurğulanıb.
ADU-nun HİK sədri, dosent Misgər Məmmədov tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, ADU öz məzunlarına daima diqqət göstərir. Çıxış zamanı məzunlarla işin vacibliyi önə çəkilib.
Daha sonra məzunların tələbəllik illərindən bəhs edən slayd təqdim olunub.
Dosent Sevinc Tağıyeva, Azərbaycan İngilis Dili Müəllimlər Birliyinin rəhbəri Rəqsanə Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinn baş müəllimi Amalya Sezgin, ABŞ-nin Viskonsin ştatında həkim işləyən Nəzakət Bayramova, Bakı şəhəri 143 saylı tam orta məktəbin müəllimi Xuraman Səfərova, “Sanqalan Tikinti Təmir Təchizat” MMC direktoru Fikrət Xankişiyev çıxış ediblər.
Bildirilib ki, ADU son illər dünya miqyasında tanınmış bir təhsil ocağına çevrilib və bu uğurların rəhbərliyin, professor-müəllim heyətinin, məzun və tələbələrin ortaq əməyi ilə mümkün olub.
Məzunlar öz adlarından ADU-ya notbuk və printer hədiyyə ediblər.
Görüşün əsas məqamlarından biri isə məzunların öz maraqlı xatirələrini bölüşmələri oldu. Onların tələbəlik illəri haqqında nostalji dolu hekayələri tədbirin emosional anları ilə yadda qaldı.
Tədbir bədii hissə ilə davam edib.