Logo

Ağdam, Kəlbəcər ve Zəngilanda yeni məktəblər istifadəyə veriləcək

02.06.2025 14:17 86 baxış
IMG

“İlkin mərhələdə, yəni 2022, 2023 və 2024-cü illərdə görülən işlərin nəticələri artıq özünü göstərməyə başlayıb”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti illərdə onlarla məktəbin istifadəyə verilməsi planlaşdırılır:

“Paralel olaraq, kəndlərdə onlarla məktəb istifadəyə veriləcək. Məsələn, cənab Prezidentin hər səfəri zamanı, demək olar ki, yeni bir məktəbin açılışı həyata keçirilir. İnanıram ki, növbəti tədris ilində istifadəyə verilmiş təhsil müəssisələrinin sayı 40-a çata bilər” ,– deyə nazir bildirib.

Emin Əmrullayev vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 20-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir:
“Həmin ərazilərdə 2200-ə yaxın şagird təhsil alır. Onların 300-ə yaxını məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Bu rəqəmlər hər gün artır”, – deyə o qeyd edib.

Nazir əlavə edib ki, artıq bir sıra məktəblər istifadəyə verilib və növbəti tədris ilində fəaliyyətə başlayacaq:

“Bəzi məktəblər artıq açılıb, bəzilərinin isə yaxın zamanda açılışı gözlənilir. Bunlar arasında şəhər tipli məktəblər də var. Məsələn, Ağdam Zəngilan və Kəlbəcər şəhərlərində yerləşən məktəbləri qeyd edə bilərik. Bu, qürurverici bir prosesdir və düşünürəm ki, yaxın gələcəkdə biz artıq bu məktəblərin sayını hesablamağa belə ehtiyac duymayacağıq”.

Xəbər lenti