Logo

“BankTech” Hakatonu keçirilib

02.06.2025 11:29 130 baxış
IMG

31 may–1 iyun tarixlərində Azərbaycan–Fransız Universiteti ilə “PAŞA Bank”ın 48 saatlıq “BankTech” Hakatonu baş tutub.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, hakatonda müxtəlif universitetlərdən olan tələbələr iştirak edərək bank sektorundakı real maliyyə çətinlikləri qarşısında problem həll etmə bacarıqlarını sınayıblar. Onlar “PAŞA Bank” və UFAZ ekspertlərinin nəzarəti altında innovativ həllər üzərində çalışıb mükafatlar uğrunda mübarizə aparıblar.

Turnirdə iştirak etmək məqsədilə müxtəlif universitetlərdən ümumilikdə 170 komanda müraciət edib. Altı nəfərlik seçim komitəsi müraciətləri ideyanın aktuallığı, innovasiya potensialı və ideyanın mümkünlüyü kriteriyaları üzrə dəyərləndirilib. Qiymətləndirmənin nəticəsində 15 komanda hakatonda yarışmaq şansını əldə etib.

Tədbirin ilk günü UFAZ-ın İcraçı Direktoru vəzifəsini icra edən Lətifə Nəsibovanın açılış nitqi ilə başlayıb. Daha sonra söz “PAŞA Bank”ın Baş təhlükəsizlik müdiri Vasif Qasımov, Rəqəmsal Mühəndislik Departamentinin müdiri Rəşad Əmircanov və Biznes İnnovasiyaları Klasterinin rəhbəri Zaur Bağırova verilib.

Hakatonla bağlı ümumi məlumat təqdim edildikdən sonra rəqəmsal bankçılıq və müştəri təcrübəsi, məlumatların analitikası və proqnozlaşdırılması sahələri, həmçinin ödəniş həlləri və “fintech” inteqrasiyası mövzularında ardıcıl seminarlar baş tutub. Daha sonra işəqəbul mütəxəssisləri Nisə Tağızadə və Hidayət Kərimov tərəfindən karyera məsləhətləri səsləndirilib. Ardınca üç saat davam edən əsas mentorluq sessiyası reallaşıb. “PAŞA Bank”ı təmsil edən 17, UFAZ-dan isə 7 mentor çıxış edib.

İkinci gün mentorluq sessiyasının davamı ilə başlayıb. UFAZ-ın Baş Katibi Martin Qodonun və “PAŞA Bank”ın işəgötürmə mütəxəssisi Fidan Hüseynovanın çıxışlarından sonra təqdimat mərasiminə keçid edilib.

Biliyinə güvənən 2-ci, 3-cü və 4-cü kurs bakalavriat, eləcə də magistratura səviyyələrində təhsil alan tələbələr 3 nəfərdən ibarət komandalar halında yarışıblar. 15 komanda hər birinə 10 dəqiqə ayrılmaq şərtilə 8 nəfərlik münsiflər heyəti qarşısında biznes və texniki məsələlər üzrə layihələrini təqdim edib sual-cavab mərhələsində iştirak ediblər.

Xallar hesablandıqdan sonra ilk üç pillənin qalibləri müəyyənləşib və mükafatlandırma mərasimi baş tutub. Birinci yerə “PRAXIS”, ikinci yerə “STAR”, üçüncü yerə isə “ZENGEZUR BHOS” komandası layiq görülüb.

Mükafatlandırma mərasimində birinci yerin qalibinə 3 000 manatlıq qalibiyyət kartı təqdim olunub. İkinci və üçüncü yerləri tutan komandalara isə müvafiq olaraq 2 000 və 1 000 manatlıq mükafatlar verilib. Bundan əlavə, hakatonda yüksək nəticə göstərən iştirakçılar “PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramına seçilmək imkanı qazanıblar.

 

 

 

 


 

Xəbər lenti