Logo

Şəkidə müəllim və şagirdlərlə görüş keçirilib

02.06.2025 11:30 113 baxış
IMG

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Şəkidə müəllim və şagirdlərlə görüş keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində keçirilən görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, katibi Günay Əkbərova, üzvü Orxan Kərimzadə, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, mətbuat nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ulu Öndər Heydər Əliyevin “Müəllimdən uca ad yoxdur!” fikri ilə çıxışına başlayan Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim peşəsinin nüfuzu, milli və ideoloji tərbiyənin əhəmiyyəti, süni intellekt çağırışları və peşə təhsilinin inkişaf prioritetlərindən bəhs edib. C.Məmmədov qeyd edib ki, təhsil hər bir inkişaf etmək istəyən dövlətin dayağı, müəllim isə bu sistemin əsas sütunudur.

Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı şəkildə yenilənməsi, təhsil müəssisələrinin texnoloji imkanlarının gücləndirilməsi və müəllimlərin peşəkar inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi dövlətin təhsilə verdiyi yüksək diqqətin və uzaqgörən strategiyasının göstəricisidir.

O, çıxışında xüsusilə Qarabağ bölgəsində – Şuşa, Xocalı, Xocavənd və digər azad olunmuş ərazilərdə təhsilin bərpa olunmasını yalnız infrastruktur deyil, həm də ideoloji baxımdan milli ruhun yenidən dirçəlməsi kimi qiymətləndirib:

“Bu gün Qarabağda məktəblərimizin qapılarının açılması, dərs zənglərinin səslənməsi yalnız bir infrastruktur layihəsi deyil, bu bizim milli-mənəvi kimliyimizin, dövlətçiliyimizin, mədəni irsimizin bərpası deməkdir. Bu, böyük bir ideoloji qələbənin təntənəsidir”.

Deputat həmçinin çağdaş dövrün reallıqlarına toxunaraq süni intellektin və texnologiyaların sürətli inkişafı fonunda gənclərin yeni bacarıqlar qazanmasının vacibliyini xüsusi qeyd edib, bu gün təhsilin həm struktur, həm də ideoloji səviyyədə sistemli şəkildə inkişaf etdiyini vurğulayıb.

“Biz artıq elə bir dövrdə yaşayırıq ki, süni intellekt bir çox sahələrdə insan əməyini əvəz edir. Bu reallıq fonunda siz – gənclər bilik və təcrübələrinizi dərinləşdirməli, ağıllı və çevik bacarıqlarınızı inkişaf etdirməli, yalnız nəzəri deyil, həm də praktiki və analitik düşüncə ilə özünüzü formalaşdırmalısınız. Sabahın peşələri bu gün formalaşır. Sizi rəqabətə davamlı edən də məhz bu hazırlıq olacaq”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə çıxışında Şəki rayonunun zəngin tarixi və elmə verdiyi töhfələrdən söz açıb. O bildirib ki, Şəki təkcə abidələr və tarixi ilə deyil, həm də maarifpərvər ziyalıları, müəllimləri və alimləri ilə tanınıb:
“Şəki təhsilinin uğurlarının əsasında müəllim əməyinin zəhməti dayanır. Bu gün bu ənənənin davam etdirilməsi zərurətdən doğur. Müəllimlərin bilik və bacarıqlarından bəhrələnən şagirdlər nəinki akademik nəticələr, həm də vətənpərvərlik və milli dəyərlər baxımından formalaşırlar”.

Professor əlavə edib ki, təhsil XXI əsrdə yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaq və ideoloji məsuliyyət daşımaq funksiyasını yerinə yetirməlidir:

“Yeni təlim modelləri – şagirdyönümlülük, sinif menecmenti, emosional intellektin inkişafı, liderlik bacarıqları kimi anlayışlar müasir müəllimin fəaliyyət spektrinə daxildir. Gənclərə təkcə dərs demək kifayət deyil, onları ruhlandırmaq, yönləndirmək və milli-mənəvi dayaqlarla tərbiyə etmək də müəllimin əsas vəzifəsidir”.

YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsilin dövlət siyasətində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, son illərdə region məktəblərində yeni tikililər, əsaslı təmir işləri və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi təhsilə strateji yanaşmanın nəticəsidir.

Ziya Vəliyev deyib: “Müəllim yalnız tədrisçi deyil, həm də milli və ideoloji düşüncə formalaşdıran şəxsdir. Bu gün müəllimlərin vətənpərvərlik ruhunda şagirdlər yetişdirməsi ölkəmizin gələcək təhlükəsizliyinin, milli birliyinin təminatıdır. Təhsil dövlətin ideoloji dayağıdır və bu sahəyə qoyulan hər bir sərmayə gələcəyə verilən töhfədir”.

Şuranın katibi Günay Əkbərova isə çıxışında Elm və Təhsil Nazirliyinin reallaşdırdığı layihələrin təhsil sistemində yaratdığı yeni keyfiyyət mərhələsindən danışıb. O vurğulayıb ki, təhsilin yalnız ali səviyyəsi deyil, peşə və texniki istiqamətləri də hazırda prioritet sahələrdəndir.

G. Əkbərova bildirib ki, peşə təhsilinə yönəlmiş məktəblər və siniflər artıq regionlarda da fəaliyyət göstərir. Bu siniflərdə şagirdlər həm texniki bacarıqlar, həm də əmək bazarına hazır olmaq üçün praktik biliklər qazanırlar. İKT, toxuculuq, kənd təsərrüfatı texnologiyaları, aşpazlıq, avtomatika, elektrik işləri və digər sahələr üzrə peşə sinifləri gəncləri həm iqtisadi cəhətdən müstəqil, həm də cəmiyyətə faydalı fərdlərə çevirir”.

O əlavə edib ki, peşə təhsili sistemində tətbiq olunan modul təlim yanaşmaları, beynəlxalq təcrübəyə əsaslanan kurikulumlar və istehsalatla birgə təlim mexanizmləri bu sahənin sürətli inkişafına səbəb olub. Günay Əkbərova müəllimlərin sertifikatlaşdırılması məsələsinə də toxunaraq qeyd edib ki, bu mexanizm pedaqoji heyətin peşəkarlığını artırmaq və təhsildə keyfiyyətin təmin olunması baxımından olduqca vacibdir.

Şəki–Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov bildirib ki, son illərdə idarənin tabeliyində olan məktəblərdə infrastrukturun müasirləşdirilməsi, pedaqoji heyətin davamlı təlimlərə cəlbi, rəqəmsal bacarıqların tədris prosesinə inteqrasiyası regionda təhsilin keyfiyyət göstəricilərinin artmasına səbəb olub.

O vurğulayıb ki, məktəblərdə həyata keçirilən intellektual yarışlar, innovativ dərs nümunələri və müəllimlərin təşəbbüskar yanaşması ümumi təhsil sisteminin gələcəyinə inamı daha da möhkəmləndirir.

Tədbirin sonunda məktəblilərlə açıq formatlı ictimai dinləmə keçirilib, onların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib, görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 

 

 

 


 

Xəbər lenti