Bakı Mühəndislik Universiteti və INHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-INHA İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş BMU nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində baş tutub.
Rektor Yaqub Piriyev ölkənin strateji sahələrinin yüksəksəviyyəli və rəqabətqabiliyyətli kadr potensialı ilə təminatında ikili diplom proqramlarının rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidənqurma işlərinə diqqət çəkən rektor qarşıya qoyulan hədəflərə nail olunması, kadr tələbatının ödənilməsində İDP məzunlarının da rol oynayacağına inandığını vurğulayıb.
BMU-INHA İDP-nin icrasına toxunan Yaqub Piriyev tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü, habelə onların güclü mütəxəssis kimi yetişdirilməsinə dövlətimiz tərəfindən hər zaman dəstək veriləcəyini qeyd edib.
Görüşdə tələbələrin tədris prosesində üzləşdikləri problemlərə toxunulub, onların həlli istiqamətində tapşırıqlar verilib. Eyni zamanda, tələbələrin gündəlik məsələləri ilə bağlı verdikləri suallar cavablandırılıb.
Qeyd edək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində tələbələr 3 ili BMU-da, sonuncu kursu isə INHA Universitetində təhsil alırlar. Hazırda INHA Universitetində 83 tələbə təhsilini davam etdirir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.