1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şuşa şəhərində “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər.
Festivalda türkdilli ölkələrdən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, həmçinin müşahidəçi statusunda olan Macarıstandan uşaqlar iştirak ediblər. Məqsəd türkdilli ölkələrdən olan uşaqlar arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarixini və mədəniyyətini layiqincə təmsil etmək imkanı yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdan ibarət olub.
Festivalın rəsmi açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müxtəlif ölkələri təmsil edən uşaq kollektivlərinin rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub. Tədbirdə Azərbaycanı təmsil edən “Təbəssüm”, “Azəri inciləri”, “SƏNƏT” və digər yaradıcı kollektivlərlə yanaşı, Türkiyənin “Derin Sanat” və “Aydın Aydans”, Qazaxıstanın “Munara”, Özbəkistanın “Turon”, Qırğızıstanın “Jıldız”, Şimali Kiprin “Yedidalğa” və Macarıstanın “Csepp-Csepel” ansamblları da səhnədəki maraqlı çıxışları ilə yadda qalıblar.
Festival çərçivəsində təşkil olunan konsert proqramına qatılmaq üçün türk dövlətlərinin bədii kollektivlərindən ibarət 300 nümayəndə, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin tamaşaçı qismində iştirak edən 150-yə yaxın məktəbli və şəhid övladı Şuşaya gəlib. Bu fakt özü-özlüyündə tədbirin miqyasını və əhəmiyyətini bir daha nümayiş etdirir.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən ifa edilən “Şuşanın dağları” musiqisi, Nilay Quluzadənin səsləndirdiyi “Qarabağ” mahnısı və festivalın yekununda təqdim olunan “Türksoy” kompozisiyası tamaşaçılara unudulmaz anlar yaşadıb. Uşaqların səmimi ifaları və səhnədəki sərbəstliyi tədbir iştirakçılarında dərin təəssürat yaradıb.
Bundan əlavə, festival çərçivəsində Azərbaycanın musiqi tarixində mühüm yer tutan, böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə də xüsusi yer ayrılıb. Onun zəngin sənət irsi, yaratdığı musiqi məktəbinin bu gün də davam etdirilməsi və gənc nəslin tərbiyəsindəki əhəmiyyəti tədbir zamanı vurğulanıb. Uşaqların ifasında səslənən milli musiqilər, həmçinin Üzeyir Hacıbəyli yaradıcılığına həsr olunan təqdimatlar bir daha göstərdi ki, Azərbaycan musiqisi gələcək nəsillər tərəfindən yaşadılacaq və qorunacaq.
Qeyd edək ki, beynəlxalq festival çərçivəsində iştirakçılar Azərbaycanın müxtəlif guşələrinə ekskursiyalar edib, ölkənin zəngin təbiəti, tarixi-memarlıq abidələri və aparılan genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olublar.
Şuşada uşaq səslərinin eşidilməsi, onların səhnədə sərbəst və yaradıcı çıxış etməsi bu torpaqlara həyatın və gələcəyin qayıtdığının parlaq sübutudur. Uşaqların gülüşü, sənətə olan maraqları və öz mədəniyyətlərini nümayiş etdirmək arzusu Şuşanın mədəni həyatına yeni nəfəs gətirib.
Belə tədbirlər vasitəsilə həm uşaqlar arasında dostluq körpüləri qurulur, həm də mədəniyyətlərin qarşılıqlı tanıdılması və gələcək əməkdaşlıqlar üçün zəmin yaradılır. Şuşanın növbəti illərdə də bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi arzusu ilə festival başa çatıb.