Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti, akademik Şahin Mustafayev Krakova səfəri çərçivəsində Polşa Elmlər Akademiyasının Krakov bölməsinin vitse-prezidenti və Prezident Şurasının üzvü, professor Nazzi Stanislav ilə görüşüb.
Bu barədə TƏHSİL.BİZ -ə BTA-dan məlumat verilib.
Görüşdə Şahin Mustafayev Türk Akademiyasının fəaliyyət istiqamətləri, türk xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyəti sahələrində fundamental tədqiqatların dəstəklənməsi üzrə beynəlxalq təşəbbüslər və proqramlar haqqında məlumat verib.
Professor Nazzi Stanislav Akademiyanın elmi layihələri ilə maraqlandığını bildirib, institutlararası əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonda elmi qurumlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılığa gəlinib. Tərəflər əməkdaşlığın müxtəlif formalarına, o cümlədən birgə tədbirlərin təşkilinə və akademik materialların mübadiləsinə açıq olduqlarını bildiriblər.