“Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri iyunun 2-də Qarabağ Universitetində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Nazirin sözlərinə görə, Qarabağ Universiteti yalnız dövlətin və ya ayrı-ayrı qurumların təşəbbüsü ilə fəaliyyət göstərməməlidir:
“Əsas məqsədimiz odur ki, təhsil sahəsində yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə inkişaf mümkün olsun”.
Emin Əmrullayev bildirib ki, Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçidində rol oynayacaq:
“Bu ali təhsil müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi üçün işləmək əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır”.
Nazir əlavə edib ki, universitetin əmək bazarına və iş dünyasına nə dərəcədə inteqrasiya olunması da diqqət mərkəzində saxlanılmalı məsələlərdəndir:
“Bu istiqamətdə öyrənməli və etməli olduğumuz çox məsələlər var”.