Bakı Su İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş DİA tələbələri arasında turnirin final mərhələsinə yekun vurulub.
DİA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, final mərhələsində 4 komanda arasında mübarizə gedib, müvafiq olaraq I, II və III yerlərin qalibləri müəyyənləşib, mükafatlandırılma mərasimində qaliblər təltif olunublar.
Mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Mərasimdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov bu cür layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb, Ulu Öndər Heydər Əliyevin gənclər və idman siyasəti haqqında danışıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev qalibləri təbrik edib, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən layihələrin əhəmiyyəti barədə danışıb, gənclərə tövsiyələrini verib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə fikirlərini bölüşüb, Müstəqillik dövründə aparılan gənclər siyasətindən söz açıb.
DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə bir aydan çox davam edən çempionat barəsində məlumat verib, göstərilən dəstəyə görə Dövlət İdarəçilik Akademiyası və YAP Səbail Rayon Təşkilatının rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbir Dövlət İdarəçilik Akademiyasının tələbələrlə iş üzrə koordinatoru Murad Həsənxanlının moderatorluğun ilə keçirilib.