Logo

"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda təlimlər keçirilib

02.06.2025 12:08 70 baxış
IMG

31 may və 1 iyun tarixlərində "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda TOT təlimləri uğurla həyata keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, təlimin əsas məqsədi təhsil müəssisələrində uşaqların müdafiəsinin və təhlükəsizliyinin təmin olunmasına dair bilik və bacarıqların artırılması, bu sahədə standartların öyrədilməsi və davamlı öyrədici komandanın formalaşdırılmasıdır.

İki gün davam edən təlim hər gün 4 saat olmaqla təşkil olunub. Təlimin birinci günü iştirakçılara layihənin məqsədi və mahiyyəti haqqında ətraflı məlumat verilib. Təhsildə uşaq müdafiəsi ilə bağlı diqqət yetirilməli əsas məsələlər müzakirə olunub, müxtəlif formaların yazılma ardıcıllığı və onların məzmunu izah olunub.

İkinci gün isə praktiki fəaliyyətlərə həsr olunub. İştirakçılar formalarla işləyib, real situasiyalar üzərində “case-analiz”lər apararaq əldə etdikləri bilikləri möhkəmləndiriblər.

Təlim Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı Səbinə Balayeva tərəfindən keçirilib. Əldə edilən bilik və bacarıqların davamlılığını təmin etmək məqsədilə təlim iştirakçıları gələcəkdə bu mövzuda digər şəxslərə də təlim keçəcəklər.

Uşaqların rifahı və təhlükəsizliyi üçün bu cür təşəbbüslər böyük əhəmiyyət daşıyır və təhsil sistemində bu sahədə biliklərin artırılması davam etdiriləcək.

Qeyd edək ki, təlimlər AGMA-nın birlik rəhbərləri və koordinatorları üçün nəzərdə tutulub.

 

 

 

 


 

Xəbər lenti