Logo

BSU-nun rektoru Berlində Türk Dünyasının qlobal elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə həsr olunan konfransda çıxış edib

05.06.2025 11:53 57 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 3 iyun 2025-ci il tarixində Berlin şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində TÜRKSOY və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən “İnnovasiya və incəsənət mərkəzi: Türklərin dünya elm və mədəniyyətinə töhfələri” adlı konfransda çıxış edib. Konfransda TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Nəsimi Ağayev, Almaniya Federativ Respublikasında akkreditə olunmuş Türk dövlətlərinin səfirləri, yerli və əcnəbi alimlər və tədqiqatçılar iştirak edərək Türk dünyasının dünya elm və mədəniyyətinə verdiyi töfhələr haqqında təqdimatlar edib, müzakirələr aparıblar.

“Türklərin dünya elminə töfhələri” adlı paneldə çıxış edən BSU-nun rektoru Anar Nağıyev “Elmi üfüqlər: Azərbaycan alimləri və onların qlobal təsirləri” adlı məruzəsində Azərbaycan alimlərinin qlobal elmə verdiyi geniş töhfələrdən bəhs edib. O, təqdimatında orta əsr fəlsəfəsi və astronomiyasından başlayaraq müasir dünya elminə verilmiş nailiyyətlərə qədər zəngin tarixi trayektoriyanı əks etdirib.

Anar Nağıyev çıxışında ilk olaraq Aristotel fəlsəfəsini Şərqdə inkişaf etdirən, İbn Sinanın tələbəsi olan azərbaycanlı mütəfəkkir Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin Orta əsr Şərq fəlsəfəsinə töhfəsindən danışaraq onun məntiq və metafizikada təməl mətni olan “Ət-Təhsil” traktatından geniş danışıb. Rektor Şərq musiqi təfəkkürünü elmi cəhətdən sistemləşdirən Safiəddin əl-Urmavinin orta əsr elminə töfhəsindən bəhs edərək, onun əbcəd sisteminin itirilən melodiyaları qoruyub saxlamağa imkan verdiyini bildirib.

İslam dünyasının böyük azərbaycanlı alimi Nəsrəddin Tusinin yaradıcılığından geniş bəhs edən rektor alimin astronomik və riyazi tədqiqatlarının sonrakı dövrlər üçün əhəmiyyətindən danışıb. Rektor Nəsrəddin Tusinin “Əxlaqi Nasiri” əsərinin islam fəlsəfi ənənəsində ən təsirli etik traktatlardan biri olduğunu vurğulayıb. O, Nəsrəddin Tusinin Hülaku xanın dəstəyi ilə yaradılan Marağa Rəsədxanası vasitəsilə astronomik tədqiqatlara rəhbərlik etdiyini bildirib. A.Nağıyev Nikolay Kopernikin "heliosentrik sistemi" təlimində Nəsrəddin Tusinin “Tusi cütlüyü” adlanan planetlərin hərəkətinə dair həndəsi konstruksiyasından istifadə etdiyini xüsusi vurğulayıb. Həmçinin, rektor dünya elm tarixində ilk dəfə olaraq triqonometriyanı müstəqil bir sahə kimi əsaslandıran N.Tusinin riyaziyyat elminə töhfəsini qeyd edib.

Anar Nağıyev XX əsrdə Azərbaycan alimlərinin dünya elminə töhfələrindən bəhs edərək professor Yusif Məmmədəliyevin hərbi və kosmik sənaye üçün vacib olan yüksək oktanlı yanacaqların işlənib hazırlanmasını təmin edən tədqiqatlarından söz açaraq, alimin Nobel mükafatına namizədliyinə yaradılmış süni əngəlləri vurğulayıb.

Rektor sovet dövründə kosmik tədqiqatların təşkilində mühüm rol oynayan Kərim Kərimovun fəaliyyətlərinin mühüm nəticələrini qeyd edib.

A.Nağıyev çıxışının sonunda qeyri-səlis məntiqi təqdim edən, klassik Airstotel məntiqinin ikili prinsiplərinə meydan oxuyan azərbaycanlı alim Lütfi Zadənin tədqiqatlarından danışaraq onun araşdırmalarının süni intellekt, avtomatlaşdırma və idarəetmə sistemlərində tətbiqində əhəmiyyətini vurğulayıb.

Tədbir TÜRKSOY tərəfindən təşkil olunan bədii hissənin nümayişi ilə yekunlaşıb.

 

 

 

 


 

Xəbər lenti