Logo

“Azərbaycan Dəmir Yolları” BDU tələbələri üçün infosessiya keçirib

05.06.2025 08:32 61 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə BDU tələbələri üçün infosessiya keçirib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir gənc nəslin ekoloji şüurunun artırılması və yaşıl nəqliyyat sahəsində maarifləndirilməsi məqsədilə təşkil edilib.

Universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı son illər ölkəmizdə müxtəlif təşkilatlar tərəfindən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən innovativ layihələrdən danışaraq, bu istiqamətdə ADY-nin xüsusi payının olduğunu bildirib. O, Ekologiya və torpaqşünaslıq fakültəsi ilə ADY-nin əməkdaşlığının uğurla davam etdiyini, mütəmadi infoekskursiya və infosessiyalar təşkil olunduğunu vurğulayıb.

ADY-nin Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Humay Abdullayeva nəqliyyatın ətraf mühitə təsiri və dəmir yollarının ekoloji üstünlükləri, nəqliyyat sektorunun istixana qazı emissiyalarındakı rolu, Azərbaycanda dəmir yolunun dekarbonizasiya potensialı, iqlim dəyişikliyinə qarşı emissiyaların azaldılması, ADY-nin Biləcəri yuyucu-buxarlayıcı sahəsində həyata keçirilən innovativ yeniliklər barədə təqdimat edib. O, bərpaolunan enerji mənbələrindən istifadənin tətbiqi, elektrikləşdirilmiş nəqliyyat infrastrukturunun genişləndirilməsi, dəmir yolu nəqliyyatında kağız tullantıların azaldılması, tullantıların idarə olunması, ISO 14001: 2015 standartının tətbiqinin fayda və üstünlükləri haqqında da iştirakçıları məlumatlandırıb.

Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti