Bəşər tarixində mövcud olan hər bir millətin formalaşıb özünün dünyanın digər xalqları arasında təsdiqləməsində xüsusi əhəmiyyət daşıyan ünsürlərdən biri də məhz dildir.
Dil milləti bütövləşdirən, onun tarixin ən ağır sınaqlarından keçməsində müstəsna rol oynayan, varlığını bütün bəşəriyyətə tanıdan, onu yaşadan mühüm amil, mənsub olduğu dövlətin müstəqilliyinin, suverenliyinin başlıca rəmzidir. Dilə xalqın milli sərvəti kimi yanaşılmalı, hər bir insan öz ana dilini bütün incəlikləri ilə bilməli və onu göz bəbəyi kimi qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında əvəzolunmaz vasitədir. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa və bununla da özünü bəşər övladı kimi təsdiqləməyə geniş imkan yaradır.
Dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyev qeyd edirdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ulu öndər Heydər Əliyevin hələ sovet dövründə mövcud totalitar quruluşun müxtəlif təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinin qorunub saxlanması və hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, hərtərəfli zənginləşməsinə böyük əhəmiyyət verir, dili daim ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Onun məşhur ifadəsi böyük məna kəsb edir: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz". Ulu öndər Azərbaycan dilini millətin milliliyini qoruyub saxlayan ən böyük vasitə sayırdı. Xüsusilə qeyd edilməlidir ki, dövlətin ana dilimizin inkişafına həmişə xüsusi diqqəti və qayğısı olmuşdur. Sovet dövründə müəyyən təzyiqlərə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində misilsiz qətiyyət və fədakarlıq nümayiş etdirmişdir. Ana dilinin inkişafı ilə əlaqədar Ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilirdi.
Onun "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Fərmanı isə dövlətin dil siyasətinin həyata keçirilməsində müstəsna rol oynadı. Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb, qərarlar qəbul edilib. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən məqamlardan biri də 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi ilə bağlı 2001-ci il avqustun 9-da imzalanan sərəncam oldu.
Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı isə Azərbaycan dilinin əlifbası ilə bağlı problemlərin tamamilə həll edilməsi istiqamətində atılmış mühüm addımdır. Bu rəsmi sənəd əsasında ölkəmizdə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının imzaladığı sonrakı sərəncamlar əsasında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu yetərincə zənginləşdirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında" sərəncamdır. Bu rəsmi dövlət sənədlərinə əsasən qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynamışdır.
Azərbaycan dili qədim tarixə, zəngin mədəniyyətə sahib olan xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Ana dilimizi sevək və sevdirək.
Sevgi ilə yaşanan varlıq - əbədidir.
Ramin Səmədov
BDU-nun Humanitar məsələlər və
gənclər siyasəti şöbəsinin müdiri