Logo

“MİSSİYA”

29.07.2022 13:52 398 baxış
IMG

Sözün yaratdığı PORTRET

Heydər Əliyev o fenomenal şəxsiyyətlərdəndir ki, fəaliyyət arealı, keçdiyi həyat yolu və bu yolun sosial-siyasi məcmusu ancaq müasirlərini deyil, gələcək nəsilləri də özünə çəkib, çəkəcək və bu fəaliyyətin məzmununu dərindən öyrənmək tələbatı yaradacaq.

Bu, ancaq 1923-cü ildə Naxçıvanda, çoxuşaqlı ailədə doğulub boya-başa çatan, həyat yolunu müəyyənləşdirən, zəngin olduğu qədər də parlaq ömür missiyasını Vətəninə və xalqına xidməti ilə Ümummilli Lider səviyyəsinə qədər yüksələn şəxsiyyətin cazibəsi ilə izah olunmur.

Bu, təkcə bir əsrdə, müxtəlif zaman və məkanlarda dəfələrlə soyqırımına və deportasiyalara məruz qalan, Rusiya İmperiyasının, həmçinin ideoloji antaqonizmlərə baxmayaraq, imperiya ambisiyalarına görə onun xələfi hesab edilən SSRİ-nin  dağılması ərəfəsində öz dövlət müstəqilliyini bərpa etmiş xalqın tarixinə daha yaxından bələd olmaq istəyindən bəhrələnən təbii maraqdan yaranan tələbatdır.

Ona görədir ki, illər ötdükcə bütün zamanların nadir şəxsiyyəti Ümummilli Liderimizi, onun unikal, parlaq  dövlətçilik məharətini, siyasi uzaqgörənliyini öyrənən gəncliyimiz üçün Azərbaycan dili və ədəbiyyatının, incəsənət və mədəniyyətinin hamisi olan Heydər Əliyevin irsi xüsusilə cəlbedici olacaqdır.

Ümummilli Liderimiz bütün məsələlərə, o cümlədən Azərbaycan dilinin və ədəbiyyatının öyrənilməsi məsələsinə tarixi bağlılıq və ənənəvilik prinsipinin prizmasından baxırdı. O, hesab edirdi ki, gələcək inkişafın yolu məhz həmin prizmalar üzrə baxışlardan keçir.

Heydər Əliyev cəmiyyətdə gedən inkişaf prosesində fəlsəfənin əsas prinsiplərinin necə ehtiva olunduğunu görür, müxtəlif sistemlərin daxili hərəkət və inkişaf mexanizmlərini proqresin başlıca mənbəyi hesab edirdi. Buna görədir ki, Ümummilli Lider fəaliyyətinin bütün məqamlarında qaçılmaz ziddiyyətlərin daim aradan qaldırılmasını, azından minimum səviyyəyə endirilməsini ən optimal variantlardan biri sayır və bununla bağlı baxışlarını bölüşürdü.

Bu, cəmiyyəti ancaq evolyusiya ilə proqresə yönəltmək yolunun maarifçilikdən keçməsini şərtləndirən ən klassik formuladır.

Bu, həmin fəlsəfi sistemlər toplusunun formalaşdırdığı dünyagörüşün nəticəsi idi ki, XX əsrin 70-ci illərindən Heydər Əliyevin şəxsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Hesab edirik ki, təcrübəli müəllim olmaqla bərabər, həm də bugünkü Azərbaycan dilçilik məktəbinin məhsuldar nümayəndələrindən biri olan filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətində konkret bir sahəni - böyük dövlət adamının Azərbaycan dilinin qorunması və inkişafı, ədəbiyyat və incəsənətə, elə həmin kontekstdən, ədəbiyyat və incəsənət xadimlərinə diqqət və qayğısı, gəncliyin hərtərəfli şəxsiyyət kimi formalaşması işində mühüm yerlərdən birini tutan təhsilə strateji məsələ kimi baxmasını şərtləndirən amilləri araşdırmaya cəlb etməsi başadüşüləndir. Mahirə Hüseynovanın dərin təhlilə əsaslanaraq çıxardığı nəticələr buna görədir ki, inandırıcıdır. “Missiya” kitabının hər bir səhifəsi üçün xarakterik olan bu inandırıcılıq onun oxucularının təsəvvüründə Heydər Əliyevin dolğun portretini yaratmağa müvəffəq olur.

Müəllif sadəcə olaraq, tədqiqata cəlb etdiyi, zamanında aktual göründüyü kimi, bu gün, elə, sabah da aktual olacağı şübhə doğurmayan faktları təqdim edir. Kitabı oxuduqca, bir neçə illik gərgin zəhmətin, Ümummilli Liderin 32 illik çıxış və məruzələrinin, məqalə və müsahibələrinin dönə-dönə, diqqətlə araşdırılması və Mahirə Hüseynovaya Ulu Öndərin dövlətçilik fəlsəfəsini dərindən dərk etmək imkanı verdiyinə əmin olursan.

Tarixdə həmişə belə olub, mənsub olduğu xalqın taleyində söz sahibi olanlar, onu zamanın ağır sınaqlarından çıxaran şəxsiyyətlər illər keçəndən, həmin təlatümlü və taleyüklü  məqamlar adlayandan sonra  həqiqi qiymətlərini alırlar. Bu qiymətdə o şəxsiyyətlərin fəaliyyət miqyası ilə yanaşı, həmin fəaliyyətin nəticələri, mövcud ictimai-siyasi vəziyyətin dəyişilməz kimi görünən məcrasının istiqaməti bir daha bəlli olur. Buna görədir ki, filologiya elmləri doktoru Mahirə Hüseynovanın tədqiqata cəlb etdiyi sahələr üzrə təqdim olunan statistik məlumatların arxasında böyük dövlət adamının gərgin fəaliyyəti aydın görünür.

O fəaliyyətin və millətin gələcəyi qarşısındakı şəxsi məsuliyyətin, azərbaycançılıq strategiyasının parlaq nümunələri Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ilk aylarında açıq-aydın görünür. Bu, gəncliyin formalaşmasında, cəmiyyətin mütərəqqi istiqamətdə köklənməsində ədəbiyyatın və ədəbiyyat xadimlərinin oynadığı, oynaya biləcəyi rola verilən qiymətdə özünü göstərir. Bu cəhətdən Heydər Əliyevin gəncliyin tərbiyəsi ilə bağlı dediyi ibrətamiz fikirləri xatırladan müəllif ancaq böyük siyasətçi və dövlət adamının deyil, həmçinin oxucusunun təsəvvüründə gələcəklə bağlı narahatlığını ifadə edən mütəfəkkirin dolğun obrazını canlandırır: “Onun qayğısına qalınmalıdır ki, insan- cəmiyyətin 20 il əvvəlki, küçə- bu günkü, məktəb- 20 il sonrakı tələblərə cavab versin”.

Buna görədir ki, müəllif Heydər Əliyevin 1972-ci ilin iyun ayında yazıçılarla görüşündə onları cəmiyyət qarşısında məsuliyyətə səsləyən fikrinin üzərində məxsusi dayanır: “Yazıçılarımız öz sələflərinin işini davam etdirməlidirlər”.

Bu, geniş erudisiyanın və zəngin dünyagörüşün ədəbiyyat qarşısında dayanan başlıca vəzifələrin nədən ibarət olduğu ilə bağlı çıxarılan nəticədir. Ümummilli Liderin nümunə kimi göstərdiyi sələflər Azərbaycanın ictimai məfkurəsinin sərhədlərini göstərən, xalqı ətrafda baş verən proseslərə qoşulmağa imkan verməyən ətalətdən xilas olmağa çağıran Mirzə Fətəli Axundov, milli hisslərin milli şüura çevrilməsi üçün  yollar axtaran və buna təşviqin yollarından birini milli mətbuatın yaranmasında görən Həsən bəy Zərdabi, “göz yaşları içindəki qəhqəhələr”lə xalqını cəhalətdən uzaqlaşdırmağa çalışan Cəlil Məmmədquluzadə, “qanma!”- deyilərkən, “Məni məzur tut, böyləcə təklifi unut. Olurmu insan olmaq və qanmamaq?!”- sualını verən Mirzə Ələkbər Sabir, komediyaları və felyetonları ilə insanlarımızı yeniliyə səsləyən Üzeyir Hacıbəyov, 20-21 yaşlı Qori Müəllimlər Seminariyasının məzunu, milli fəlakətlərimizin başlıca hərəkətverici qüvvəsini “Nadanlıq”da göstərən Nəriman Nərimanov və digər parlaq şəxsiyyətləri idilər.

Ümummilli Lider öz müasiri olan yaradıcı insanları böyük məktəbin ənənələrini davam etdirməyə səsləyirdi. Bu, böyük vətənpərvərin Azərbaycanda istər birinci, istərsə də ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra, dövlət müstəqilliyinin daha kövrək məqamlarında, ərazisinin 20 faizindən çoxunun Ermənistan silahlı qüvvələrinin işğalında olduğu, ölkə əhalisinin 1 milyondan artıq nəfərinin məcburi köçkünə çevrildiyi və ancaq iqtisadi problemlər yaşamadığı zamanlarda vaxt tapdığı təxirəsalınmaz problemlərdən biri kimi qaldırdığı məsələlərdən idi. Bunun hansı zərurətdən yarandığını Ümummilli Liderin 1995-ci il aprel ayının 16-da ziyalılarla görüşündə bir daha xatırlandığına diqqət çəkən Mahirə Hüseynova həmin görüşdəki çıxışın üstündə dayanır: “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır, şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var, ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir”.

“Missiya” müəllifi parlaq zəka və dərin təfəkkürün mahiyyətindən doğan fikirləri qırmızı xətlə təqdim etməyə xüsusi önəm verir. Onun böyük zəhmət və məsuliyyət, gərgin əməklə seçdiyi sitatlardan yerli-yerində istifadəsi buna görədir də, kitabın əsas qəhrəmanı Heydər Əliyevin ürək yanğısı böyük dövlət xadiminin portretində əsas ştrixlərdən biri kimi yadda qalır. Mahirə Hüseynova hər məqamda öz yazı manerasına sadiqdir və bu manerada seçilmiş fikirləri ifadə edən sözlər rəssam akvarelinə bənzəyir. Müəllif milli psixologiya, milli ideologiyanın formalaşmağa başlamağının, bir sistem şəklində olmadığını bəyan edən Ümummilli Liderin mövcud vəziyyəti görüb və qiymələndirən, yaranmış situasiyada ən optimal qərarlar qəbul edən siyasətçinin obrazını da seçdiyi fikirlərlə təqdim edir: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərəcək başqa bir vasitə yoxdur”.

“Missiya” müəllifinin portret cizgilərini təqdim etdiyi Heydər Əliyev obrazının oxucular üçün tanış və doğma olduğunu bilib də, istedadın və analitik təfəkkürün açdığı mənzərələrin fonunda yeni ştrixlərində təqdim olunan rəhbərin özününəməxsusluğu ilə diqqəti çəkən keyfiyyətləri qabarıqdır. Bu cəhətdən Mahirə Hüseynovanın 1995-ci il fevralın 5-də Rüstəm Mustafayev adına İncəsənət Muzeyində hüdudsuz görünən istedadı ilə sərhədlər tanımayan, öz parlaq və ecazkar musiqisi ilə xalqını və Azərbaycanı təmsil edən bəstəkar Arif Məlikovun müəllif gecəsində Heydər Əliyevin çıxışını təhlil etməsi müəllifin maraqlı yaradıcılıq priyomlarından biri kimi diqqəti cəlb edir. Müəllif oxucusunun diqqətini dünya siyasi elitasının tanıdığı və birmənalı qəbul etdiyi dövlət xadiminin geniş dünyagörüşü, eridusiyası ilə bərabər, xalqını və onun keçmişini, min illər ərzində yaratdığı mədəniyyət nümunələrini nə qədər dərindən sevdiyinə yönəldir: “Azərbaycanın musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli və başqaları ilə bərabər, bu məktəbin yetişdirməsi olan görkəmli sənətkar Arif Məlikov”.

Bu, xalqının adı ilə dünya mədəniyyətinə töhfələr vermiş insanlarımıza, onların istedadına ifadə olunan hörmət və ehtiramdır. Daha sonra Sovet Sosialist Respublikaları İttifaqının, SSRİ-nin rəhbərliyində təmsil olunmaqla bərabər, ancaq ucsuz-bucaqsız kimi görünən ölkədə deyil, dünyanın siyasət kuluarlarında “Kremlin ən parlaq ulduzu” adlandırılan Heydər Əliyev Moskvada özünün də iştirakçısı olduğu bir hadisəni yada salır: “1986-cı ildə böyük tədbir vardı. Təsəvvür edin, mən nə qədər sevinirdim ki, Moskvada, Rusiyanın mərkəzində, zəngin tarixə malik olan Böyük Teatrın səhnəsində belə bir böyük tədbirdə, teatr mövsümünün açılışında Arif Məlikovun "Məhəbbət əfsanəsi" əsəri göstərilir. Mən orada həm sevinir, həm həzz alır, həm də fəxr edirdim”.

“Missiya”da yer alan oxşar səhnələr kifayət qədərdir. Bu səhnələrin hər biri müəllifin təhlilləri ilə müşayiət olunaraq oxucusunun Heydər Əliyev şəxsiyyətinin müəyyən qatlarına nüfuz etməsinə imkan yaradır, obrazın bütövlüyü, ən çətin və mürəkkəb məqamlarda optimal qərarlar qəbul etməsini şərtləndirən amillərin geniş spektri görünür. Kitabda belə məqamların biri Ümummilli Liderin şəxsi və siyasi həyatının növbəti burulğanlı anlarında təqdim olunur. Bu, keçmiş SSRİ-nin sonuncu rəhbəri, öz avantürist “yenidənqurma”sı ilə ictimai, daha sonra siyasi təlatümlərin kinetik enerjisi funksiyasını yerinə yetirən Mixail Qorbaçovun intriqaları nəticəsində SSRİ Nazirlər Soveti sədrinin I müavinliyi və Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosu üzvlüyündən istefa verəndən sonra Azərbaycanın o zamankı siyasi rəhbərliyi tərəfindən qurub-yaratdığı Bakı şəhərində yaşamaq istəyi normal qarşılanmayan, bu səbəbdən Naxçıvana sığınan Heydər Əliyevin tarixi köklərə nə qədər bağlı olduğunu yenidən təsdiq edir. Müəllif həmin epizodu dünya miqyaslı siyasətçinin Naxçıvan Ali Məclisinin sədri olduğu illərdə, 1992-ci il oktyabrın 23-də təkcə Azərbaycan deyil, dünya ədəbiyyatının azman nümayəndələrindən olan Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə bağlı tədbirdə müşahidə edir: “Həyat nə qədər maddi cəhətdən ağır olsa da, insan mənəviyyatı insanı yaşatmağa, mübarizəyə və bu çətinliklərin öhdəsindən gəlməyə yardım edir. Bu mənəviyyat mənbəyi də bizim mədəniyyətimizdədir, bizim ali köklərimizdədir, bizim əbədiyyətimizdədir, bizim mənəviyyat, mədəniyyət xəzinəmizdədir”.

Mahirə Hüseynova hər məqamda Ümummilli Liderin mənəvi normalara nə qədər sadiq olduğunu, həyatının hər məqamında o normaları özünün yol xəritəsində başlıca faktor hesab etdiyini görür. Bu, keşməkeşli həyat yolu keçən, dəyişən ictimai-siyasi formasiyalarda millətinə və Vətəninə sevgisi dəyişməyən Nəriman Nərimanova münasibətində daha qabarıq müşahidə edilir. Müəllif Heydər Əliyevin Nəriman Nərimanova münasibətində Şərqin ilk kommunist rəhbərinə münasibətinə deyil, onun xalqına xidmət etmək istəyinə daha çox hörmət etdiyini əsaslandırmaq üçün kitabında Qori Müəllimlər Seminariyasının məzunu, həyatını dəyərlər naminə yaşayan, Azərbaycan İnqilab Komitəsinin rəhbəri, Xalq Komissarları Sovetinin ilk sədri, ruhən beynəlmiləlçi olsa da, millətini sevdiyinə görə, millətindən olanların millətçi adlandırdıqları, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin  dörd sədrindən biri olan, Mixail Kalininin dediyi kimi, “Kreml divarları yanında əbədi uyuyacaq ilk Şərq nümayəndəsi”nə geniş yer ayırır.

Oxucu burada Heydər Əliyevin əlavə ştrixlərlə canlanan portreti ilə üzbəüz qalır və vəfatından 3-4 il sonra həyatının müəyyən hissəsi Azərbaycanla bağlı olmuş Sergey Kirov, Bakı şəhərinə rəhbərlik edən Levon Mirzoyan, artıq Kreml siyasi elitasına daxil ola bilmiş Anastas Mikoyan, Azərbaycana rəhbərliyinin ilk illərini yaşayan Mircəfər Bağırov və digərlərinin rəyi ilə ona vurulmuş “Nərimanov millətçiliyi”nin mif olduğunu sübut edən Ümummilli Liderin daşlaşmış doğmalara qarşı üçillik mübarizəsinin şahidi oluruq. Həmin anları müəlllif Heydər Əliyevin xatırladığı kimi təqdim edir: “İki dəfə Suslovun (SSRİ-də ideoloji sahənin birmənalı rəhbəri), Brejnevin (SSRİ-nin rəhbəri) yanına getdim, ancaq onlara Nərimanov barədə başqa informasiyalar vermişdilər. Nə yubileyi keçirməyə, nə də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail oldum. MK-da Nəriman Nərimanovun 100 illik yubileyinin keçirilməsinə dair qərara nail oldum, “Pravda” qəzetində Nəriman Nərimanovun yubileyinə həsr olunmuş böyük məqaləm getdi. Nəriman Nərimanovun yubileyini böyük təntənə ilə keçirdik, Bakıda möhtəşəm abidəsini ucaltdıq”.

Həmin anların canlı ovqatını yaratmaq, Nəriman Nərimanovun o zamanki reabilitasiyasının əhəmiyyətini göstərmək üçün müəllifin Nərimanovun “Oğlum Nəcəfə məktub”unu, əslində, gələcək nəsillərə vəsiyyətini təhlil etməsi Ümummilli Liderin nəyə görə öz siyasi karyerasını riskə qoyaraq görkəmli ədəbiyyat və dövlət xadiminin müdafiəsinə qalxmasını göstərmək üçün yazı maneralarından biri kimi maraqlıdır.

Mahirə Hüseynovanın “Missiya” kitabını oxuduqca müəllifin həyat missiyasında gənclərin və ancaq gənclərin deyil, gələcəyimizin taleyi hesab olunan insanların hərtərəfli yetişdirilməsi işində məktəbin məsuliyyətini xatırladan Ulu Öndərin müəllim əməyini yüksək qiymətləndirdiyinin dəfələrlə şahidi oluruq. 1982-ci ilin sonlarından SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü kimi SSRİ-də təhsil sahəsinə rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə 1983-cü ildən başlayan məktəb islahatından söhbət açılır: “Mən bütün Sovet İttifaqı üzrə məktəb islahatını hazırlayan komissiyanın sədri idim. Sovet İttifaqı kimi böyük bir dövlətin maarif, təhsil sahəsində islahatlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edirdim. Ona görə də məktəb işi, müəllimlik sənəti mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm”.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə fəaliyyətininin ən mühüm istiqamətlərindən biri, bəlkə də birincisi, onun Azərbaycan dilinə müstəsna sevgisinin təzahürü olan qayğısı, xalqının mənliyinin, milli şüurunun, mentalitetinin qorunması sahəsində atdığı addımlardır. Böyük siyasətçi və dövlət adamının şəxsi nümunəsində açıq-aydın görünən o möhtəşəm missiyanı özü belə ifadə edir, müasiri olan ziyalılara, xalqının gələcəyi üçün məsuliyyət daşıyan və daşımalı olan kəslərə üz tutaraq deyirdi: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəli getməsinə xidmət göstərirdi”.

“Missiya”da həmçinin Ümummilli Liderin Azərbaycan dilinin sağlamlığının qorunması, onun inkişaf strategiyasının uzunmüddətli bir zaman üçün hesablanaraq dövlət siyasəti səviyyəsinə qaldırılması məsələsinə geniş yer ayrılıb.

Əlbəttə, söhbət ondan getmir ki, Heydər Əliyev hakimiyyətə gələndən az sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyindəki çıxışı ilə respublikada yeni ənənənin əsasını qoydu. 1973-cü ildə ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Müasir Azərbaycan dili. Morfologiya” kitabının Azərbaycan SSR Dövlət Mükafatına layiq görülməsi, həmçinin bu sahədə kompleks tədbirlərin aparılması uzunömürlü strategiyadan xəbər verirdi. Ona görə də 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilərkən diqqətli müşahidəçilər o strategiyaya aid müəyyən elementlərinin bu layihədə yer alacağına əmin idilər.

Müzakirələr bitdikdən sonra ölkənin Ali Sovetinin sessiyasında  Konstitusiya Komissiyasının Sədri Heydər Əliyev “Azərbaycan Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə ilə çıxış etdi. Məruzədə diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Əsas Qanunun təməl prinsipləri arasında respublikanın milli, tarixi xüsusiyyətləri ilə bərabər, Azərbaycan dilinin dövlət dili statusunun da yer alması heyrətamiz faktlardan biri oldu. Ümummilli Liderin şəxsi təşəbbüsü və qətiyyətli, inandırıcı məntiqi nəticəsində yeni Konstitusiyanın 73-cü maddəsində yazılırdı: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Ölkənin Konstitusiyasında ana dilinin dövlət dili kimi təsbit olunması təkcə Sovet İttifaqında deyil, elə ölkə daxilində də ildırım effekti kimi yaratdı. Xatırlatmaq yerinə düşər ki, SSRİ respublikalarının böyük əksəriyyəti üçün əlçatmaz görünən bu hadisə bilavasitə Heydər Əliyev cəsarətinin gerçəkliyi kimi tariximizə yazıldı. Aradan 17 il keçəndən sonra, 1995-ci ilin oktyabrında, müstəqil Azərbaycan dövlətinin Prezidenti Heydər Əliyev artıq suveren dövlətin, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Sədri kimi, komissiya iclaslarının birində tarixə dönən o günləri yada salır, həmin 73-cü maddəni xatırladırdı: “Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Orada izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

“Missiya”da  həmçinin mahir siyasətçi və dövlət adamının müxtəlif zamanlarda keçmiş SSRİ-nin ən oxunaqlı, yüksək tirajlı kütləvi informasiya vasitələrindəki yazılarına, verdiyi müsahibələrdə ədəbiyyatın böyük missiyası ilə bağlı baxışlarına geniş yer verilir. Bu cəhətdən Ümummilli Liderin  “Qoy ədalət zəfər çalsın” sərlövhəsi ilə “Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc olunan müsahibəsinə diqqətin yönəldilməsi də maraqlıdır. Jurnalistin “Heydər Əliyeviç, axı məlum bir aforizmdə “Tanrı dahilərin övladlarını dahi xəlq eləməyib” deyilsə də, ziyalı nəsilləri həmişə olmuşdur və olacaqdır. Axı, bizdə ziyalı nəsilləri indi-indi çoxalmağa başlayıb. Ailənin mənəvi marağı mühitində böyüyən uşağın öz babalarının, atalarının işini davam etdirməsi məgər pisdir?” - sualına Heydər Əliyevin cavabı həm də ona görə maraqlıdır ki, həmin cavab bütün zamanların ictimai-siyasi formasiyasından asılı olmayaraq bütün cəmiyyətlər üçün aktual olaraq qalacaqdır. O suala cavabında Ümummilli Lider siyasətçi, dövlət xadimi olmaqla yanaşı, həm də filosofdur və onun ziyalı mühitində hansı məqamları önə çəkdiyi açıq- aşkar görünür: “Biz sizinlə müxtəlif şeylərdən danışırıq. Gəlin müzakirəmizin mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir”.

“Missiya” kitabını Heydər Əliyevin ömür yolu haqqında mükəmməl əsərlərdən biri hesab etmək olar. Səmimi etiraf edək ki, filologiya elmləri doktoru, professor  Mahirə Hüseynovanın əsərində Ümummilli Liderin istər Azərbaycana birinci rəhbərlik dövrü, istərsə də Qurtuluşa gedən yolu inandırıcı faktların dili ilə kifayət qədər canlı təqdim edilmişdir. Kitabdakı ayrıca bölmə, Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildən fəaliyyətindəki həyati əhəmiyyətli işlərin xatırlanması isə sələflər və xələflər arasındakı tellərin möhkəm bağlılığından xəbər verir.

O bağlılığın təzahürlərindən birini nəinki Azərbaycan xalqı, bütün dünya 2020-ci il noyabr ayının 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olarkən gördü. Ümummilli Liderin xatirəsinə ehtiramlarını ifadə etdikdən sonra Şəhidlər xiyabanına gələn Prezident İlham Əliyev elə buradan xalqına müraciət etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Firuz NOVRUZOV

Xəbər lenti