Müasir dövrdə tələbələrin və məzunların ən çox üzləşdiyi problemlərdən biri də məhz karyera seçimidir.
Təhsilin və texnologiyanın inkişafı insanların karyera seçimində daha diqqətli olmağı tələb edir. Çünki bəzən fərdin yiyələndiyi ixtisaslar əmək bazarındakı təlabata uyğun deyil.
Bəs karyeramızı necə quraq, haradan başlayaq?
Hal-hazırda dünyada əksər insanlar bu suallara karyera məkəzələrində cavab tapmağa çalışırlar.
Karyera mərkəzi nədir?
Karyera mərkəzi insanlara iş tapmaqda və peşəkar bacarıqları inkişaf etdirməkdə köməklik göstərən ofisdir. Bu ofislər çox vaxt məktəb, kollec və ya qeyri-kommersiya təşkilatının bir hissəsidir, lakin müstəqil biznes və ya dövlət agentliyi də ola bilər.
Karyera mərkəzlərində təlim keçmiş karyera inkişafı mütəxəssisləri sizə karyera yolunu seçməyə, açıq vəzifələr tapmaq və müraciət etmək, CV yaratmaq və işəgötürənlərin namizədlərdə üstünlük verə biləcəyi bacarıqları öyrənməkdə kömək edə bilər. İstərdik əvvəlcə dünyada karyera mərkəzlərinin nə zaman yarandığı məsələsinə toxunaq, daha sonra karyera mərkəzlərinin növləri və hansı xidmətləri görtərdiyi haqqda sizə məlumat verək.
Dünyada Karyera Mərkəzlərinin yaranma prosesi Avropadan, daha dəqiq desək, İngiltərədən başlamışdır. 1891-ci ildə Oxsford Universitetində Karyera Mərkəzi yaradılmışdır. Daha sonra Amerikada ilk olaraq peşə büroları yaradılır. Uzaq Şərqdə isə Karyera mərkəzləri XX əsrin ortalarından etibarən əsası qoyulmuşdur. Fərqli karyera mərkəzləri müxtəlif yaş və təcrübə səviyyələrində olan insanlara xidmət göstərir. Bir insanlar karyera seçimlərini və karyera planını məhz məktəbdə təhsil aldığı dövrdə edir. Buna görə də məktəblərdə karyera mərkəzlərinin olması zərurətə çevrilir. Bir sıra ölkələrdə məktəblərdə karyera mərkəzləri fəaliyyət göstərir. Bu ölkələrə misal olaraq qardaş Türkiyəni göstərə bilərik. Bu kimi mərkəzlər ya müstəqil şəkildə fəaliyyət göstərir, ya da müəssisəyə bağlı şöbə kimi fəaliyyət göstərirlər. Bu mərkəzlər əsasən müxtəlif təhsil yolları haqqında və ya ixtisaslar barədə şagirdləri məlumatlandırır, yerli təşkilatlarda təcrübə proqramlarını əlaqələndirir və əmək yarmarkalarına ev sahibliyi edir. Bu karyera mərkəzləri həmçinin şagirdlərin hərbi xidmət və ya peşə hazırlığı haqqında məlumat verir.
Karyera mərkəzləri ölkəmizdə də olduğu kimi əsasən peşə məktəblərində kollec və universitetlərdə fəaliyyət göstərirlər. Bu mərkəzlərdə çalışan mütəxəsislər tələbələrə peşə bacarıqlarını inkişaf etdirməyə, əmək bazarına uyğun iş təklifləri verir və daha yüksək təhsil pillələrinə müraciət məsələlərində kömək edirlər. Əksər karyera mərkəzləri tələbələr üçün pulsuz olsa da, bəziləri məzunlar və işçilər üçün də xidmət göstərir.
Hal-hazırda ölkəmizin bir çox ali təhsil müəsisəsində karyera mərkəzləri fəaliyyət göstərir. Bu siyahıya biz Bakı Dövlət Universiteti, ADA Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimi ölkənin önəmli tələbə kontingenti olan universitetləri daxil edə bilərik. Bu karyera mərkəzlərinin əsas xidmətləri karyera ilə bağlı fərdi seansların verilməsi, təcrübə proqramlarının təşkil olunması və şirkətlərlə əlaqələrin yaradılması kimi bir sıra xidmətlər göstərirlər. Artıq Azərbaycanda peşə təhsili sahəsində də karyera mərkəzlərinin yaradılması prosesi başlayıb. Karyera mərkəzlərinin qurulması üzrə fəaliyyətlər, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.
Qeyd olunan məlumatlardan yola çıxaraq belə nəticəyə gəlmək olar ki iş həyatında düzgün mövqedə olmaq, düzgün karyera planlamaq hər bir təhsil alan üçün çox önəmlidir. Öz karyeramızı özümüz qura bilərik lakin doğru və ya yanlış qərar verdiyimizi bizə zaman göstərəcək. Ona görə də qərarlarımızı təcrübəli mütəxəsislərlə məsləhətləşməyimiz ən doğru seçimdir.