Logo

Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib

05.02.2025 14:31 36 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Mikrobiologiya İnstitutu 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Bilik yarışı” keçirir.

Dendrologiya İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqə milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və ekoloji proseslərə gənclərin daha fəal cəlb olunmasını təşviq etmək məqsədi daşıyır.

Yarışda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. İştirakçıların təqdim etdiyi bacarıqlar STEAM, şeir, foto və rəsmlərdən ibarət olacaq.

STEAM əsaslı tədrisin təşviqi təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.

Fotolar və rəsmlər qlobal iqlim dəyişikliyinin ekoloji mühitə təsiri mövzusunu əks etdirməlidir. Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü azı A4 formatında olmalıdır. Təsvirlər süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə, rəngli və yüksək keyfiyyətli formada, gəncin özü tərəfindən yaradılmalıdır.

Müsabiqədə yaş məhdudiyyəti yoxdur. İştirak etmək istəyənlər əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd edərək təqdimatlarını aprel ayının 5-dək [email protected] ünvanına göndərməlidirlər.

İlk üç yerin qalibinə fəxri diplom və mükafat veriləcək.

Müsabiqənin yekunu aprelin 9-da Dendrologiya İnstitutunda keçiriləcək.

Xəbər lenti