2 mart tarixində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Hər iki müsabiqədə iştirak üçün elektron müraciət prosesi 4 fevral saat 12:00-dan etibarən başlayır və 17 fevral saat 15:00-a qədər davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron müraciət etməlidirlər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.
Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, Fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansı əldə edirlər.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə +994 50 791 46 31 “Whatsapp” platforması üzərindən problemin ətraflı təsvirini yalnız yazaraq müraciət edə bilərsiniz.