Fevralın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər” mövzusunda tədbir keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin gənclər siyasətinin bu gün uğurla həyata keçirildiyini deyən akademik G.Baxşəliyeva ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb. O, çıxışında Şərqşünaslıq İnstitutunun gənc alimlərinin uğurlarından da söz açıb, onların AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələrinə əsasən akademiya rəhbərliyi tərəfindən təltif edildiyini deyib.
Sonra gənc əməkdaşlardan İbrahim Bağırov, Nazim Mənsimov, Ceyhun Mürşüdzadə və Nərgiz Hüseynovaya Şərqşünaslıq İnstitutunun fəxri fərmanları təqdim edilib.
Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışıb, onların elmi uğurlarına diqqət çəkib. O, Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi və ictimai fəaliyyətdə xüsusi seçildiklərini, institutun Gənc Alim və Mütəxəssislər Şurasının 5 üzvünün fəlsəfə doktoru olduğunu, bir neçə gəncin də yaxınlarda müdafiə etdiklərini və ya müdafiə ərəfəsində olduğunu vurğulayıb.
Daha sonra institutun gənc əməkdaşları dövlətin uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin cəmiyyətdə rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan, torpaqlarımızın azad edilməsində göstərdikləri fədakarlıqdan danışıblar.