Logo

Məktəblər diabetli şagirdlərini bu yolla nəzarətdə saxlaya bilərlər

03.02.2025 17:08 96 baxış
IMG

Müasir texnologiyanın sürətli inkişafı sağlamlıq problemləri ilə yaşayan uşaqlar üçün böyük imkanlar yaradır. Xüsusilə I tip diabet kimi ciddi və daimi nəzarət tələb edən xəstəliklər üçün texnoloji yeniliklər valideynlərin və müəllimlərin yükünü azaltmağa kömək edə bilər. 

TƏHSİL.BİZ xəbər verir ki, ABŞ məktəblərində davamlı qlükoza monitorinqi (CGM) cihazlarının uzaqdan izlənməsi ilə bağlı mübahisələr bu imkanların yetərincə dəyərləndirilmədiyini göstərir.

Əvvəllər diabetli şagirdlər hər gün bir neçə dəfə məktəbdə tibb bacısının yanına gedərək qan şəkərinin səviyyəsini barmaq testi ilə yoxlayırdılar. Bu həm vaxt aparan, həm də uşaqlar üçün ağrılı bir proses idi. Amma CGM cihazları sayəsində bu ehtiyac aradan qalxdı. Kiçik bir sensor dərinin altına yerləşdirilir və telefon tətbiqinə davamlı olaraq qan şəkəri haqqında məlumat ötürür. Əgər qan şəkəri normadan kənara çıxarsa, tətbiq həyəcan siqnalı verir və şagirdə vaxtında müdaxilə etmək mümkün olur. 

Buna baxmayaraq, bir çox məktəblər bu texnologiyanı uzaqdan izləməkdən imtina edir. Valideynlər tələb edirlər ki, məktəb tibb bacıları və ya administrativ heyət şagirdlərin CGM tətbiqini nəzarətdə saxlasınlar, çünki sinif otağında siqnalın eşidilməməsi və ya müəllimin buna reaksiya verməməsi ehtimalı yüksəkdir. Lakin məktəblər kadr çatışmazlığını, internet etibarlılığını və texniki problemləri əsas gətirərək bu təkliflərə qarşı çıxır.

Bu vəziyyət amerikalı valideynlər arasında narazılığa səbəb olub. Məsələn, Floridada yaşayan bir valideyn 12 yaşlı oğlunun qan şəkərinin təhlükəli səviyyəyə düşdüyünü, lakin məktəbdə buna vaxtında reaksiya verilmədiyini bildirib. Nəticədə, o, məktəbin bu məsuliyyətsizliyinin Amerikanın “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Qanununu pozduğunu iddia edərək ABŞ Ədliyyə Nazirliyinə şikayət verib.

Bu problem yalnız bir neçə məktəblə məhdudlaşmır. ABŞ-nin 40-dan çox ştatında valideynlər oxşar problemlərlə üzləşirlər. 

Konnektikut ştatında isə məktəb işçilərinin CGM cihazlarının uzaqdan izlənməsinin qanuni tələb olduğu qərara alınıb. Lakin bu qərar hələlik digər ştatlara şamil edilmir. Həkimlər bildirirlər ki, diabetli uşaqların qan şəkəri səviyyəsinin uzaqdan izlənməsi vacibdir. Amerika Diabet Assosiasiyası ötən il CGM monitorinqinin məktəblərdə maneəsiz həyata keçirilməsini tələb edən siyasət dəyişikliyi edib. Lakin bir çox məktəblər bu siyasətə əməl etmir.

Tibb bacılarının sayı azdır, amma bu, şagirdlərin sağlamlığını təhlükəyə atmağa əsas vermir. Məsələn, San Dieqoda yaşayan bir valideyn 8 yaşlı qızının oxuduğu məktəbdən CGM monitorinqi tələb etsə də, ona imtina cavabı verilib. Məktəbin rəsmi siyasətinə görə, bu məsuliyyət yalnız valideynlər və ya həkimlərə məxsusdur. Məktəb rəhbərliyi CGM siqnallarının digər şagirdlərin təhsilinə mane ola biləcəyini əsas gətirir.

Nəticədə, şagirdin ailəsi 20 000 dollar xərcləyərək qızları üçün qan şəkərinin səviyyəsini aşkar edən xüsusi təlim keçmiş it almalı olub. Daha sonra isə övladlarını uzaqdan CGM monitorinqi aparan özəl məktəbə köçürüblər.

Lakin bütün məktəblər bu məsələyə eyni şəkildə yanaşmır. Virciniya ştatının valideynlərin tələblərini nəzərə alaraq tibb bacılarının CGM tətbiqlərini izləməsinə icazə verən qərar qəbul edib.

CGM cihazları bu işin daha effektiv və asan həyata keçirilməsinə imkan yaratsa da, bir çox məktəb bu texnologiyanı tətbiq etməkdən imtina edir. Məktəblərin internet sürətinin zəif olması və ya personal çatışmazlığı kimi bəhanələrin arxasında gizlənməsi qəbuledilməzdir. Əksinə, diabetli uşaqlar üçün təhlükəsiz mühit yaratmaq məktəbin əsas prioritetlərindən biri olmalıdır. Məktəblər texnologiyanın üstünlüklərini rədd etmək əvəzinə, onlardan ən yaxşı şəkildə istifadə etməlidir.


 

Xəbər lenti