Fevralın 4-də Bakı Slavyan Universitetində (BSU) rektor yanında fəaliyyət göstərən tələbə məşvərət qrupunun növbəti iclası baş tutub. Universitetin tələbə təşkilatlarının sədrlərinin də təmsil olunduğu qrupun bundan sonra Tələbə Məşvərət Şurası adı altında fəaliyyətini davam etdirməsi və universitetin idarəetmə prosesində daha fəal iştirak etməsi barədə qərar qəbul edilib.
İclas çərçivəsində 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar BSU könüllülərinin fəaliyyətinin təşkili, həmçinin “Yaşıl dünya naminə BSU könüllüləri” təşəbbüs qrupunun həyata keçirdiyi ekoloji layihələrin uğurları müzakirə edilib. Bununla yanaşı, tələbələrin elmi fəaliyyətə daha geniş cəlb olunması məqsədilə tələbə konfransları platformasının yaradılması, eləcə də tələbə təşəbbüslərinin və layihələrinin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tələbə Məşvərət Şurasının fəaliyyətinin genişləndirilməsi universitetdə tələbəyönümlü idarəetmə modelinin daha da təkmilləşdirilməsinə və tələbələrin akademik, elmi və ictimai fəallığının artırılmasına töhfə verməyi hədəfləyir.