Logo

DQİDK sədrinin müavini 30-cu Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edib - FOTO

04.10.2023 11:54 184 baxış
IMG

Briqam Yanq Universitetinin Hüquq və Din Araşdırmaları Mərkəzinin rəhbəri Bret Şarfin dəvəti ilə ABŞ-nin Yuta Ştatında səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyev 1-3 oktyabr tarixlərində "Fikir,Vicdan, Dini etiqad azadlığının qorunması: insan hüquqları bəyannaməsinin 75 illiyi" adlı 30-cu Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak edib.

Dövlət komitəsindən "Tehsil.biz"ə verilən məlumata görə, 80 ölkədən 200-dən çox nümayəndə heyətinin qatıldığı simpoziumda Sahib Nağıyev çıxış edərək Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dövlətimizin bu sahədə atdığı uğurlu addımlar, həm yerli, həm də beynəlxalq səviyyədə keçirdiyi əhəmiyyətli tədbirləri diqqətə çatdırıb. Bildirib ki, Respublikamızda daim vicdan və din azadlığının qorunması əsas istiqamətlərdən biridir. Kifayət qədər həssas bölgədə yerləşməsinə baxmayaraq, ölkəmizdə tolerantlığın və multikulturalizmin qorunması daim diqqət mərkəzindədir. Dini sahə ilə bağlı müvafiq qanunvericilik aktları qəbul olunub, cəmiyyətin demokratik inkişafı ilə həmahəng olaraq onlara əlavə və dəyişikliklər edilməklə müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Qeyd olunub ki, dini qurumların dövlət qeydiyyatına alınması proseduru sadələşdirilməklə yanaşı, din xadimlərinin təyinatı, o cümlədən din sahəsi üzrə kadrların hazırlanması ilə bağlı hüquqi baza yaradılıb. Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş 995 dini qurum fəaliyyət göstərir ki, onlardan 26-sı xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna, digərləri isə müsəlman dini icmalarıdır. Sədr müavini vurğulayıb ki, Azərbaycan hökumətinin dövlət-din münasibətlərinin təmzimlənməsində xüsusi önəm verdiyi məsələlərdən biri də ibadət yerlərinin fəaliyyətinin dəstəklənməsidir. 70 illik sovetlər dövründə mindən çox dini ibadət yeri – məscid, kilsə, sinaqoq dağıdılıb, yaxud təyinatı dəyişdirilərək anbara, kluba çevrilib, 1991-ci ilədək isə yalnız 17 məscidin fəaliyyət göstəməsinə icazə verilib. Dövlət müstəqilliyimizi qazandıqdan sonra bütün ibadət evləri dindarların istifadəsinə verilib, həmçinin yüzlərlə yeni ibadət evi tikilib. Dini təşkilatların, dini təhsil müəssisələrinin fəaliyyətinə dəstək verilməklə yanaşı, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu təsis edilib.

S.Nağıyev, eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə yaradılan "Bakı Prosesi” platforması çərçivəsində keçirilən tədbirlərə diqqət çəkib. Hər il Azərbaycanda Qlobal Bakı Forumunun təşkil edildiyini,  ölkəmizdə 2016-ci il “Multikuturaizm ili”, 2017-ci il isə “İslam həmrəyli ili” elan edildiyini qeyd edib.

Xəbər lenti