Logo

Agentlik “Əqli mülkiyyət aylığı” çərçivəsində həyata keçirəcəyi tədbirləri açıqlayıb

02.04.2024 12:55 212 baxış
IMG

Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə 2024-cü ilin aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, “Əqli mülkiyyət aylığı” çərçivəsində müvafiq sahənin müxtəlif istiqamətləri üzrə maarifləndirici xarakterli silsilə tədbirlər keçiriləcək. Universitetlərin və elmi-tədqiqat institutlarının mütəxəssisləri, tələbələr, müəlliflər, ixtiraçılar, o cümlədən gənc ixtiraçılar, iddiaçılar və digər maraqlı şəxslərin, habelə müəlliflərin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarının əməkdaşlarının iştirakı ilə dəyirmi masalar, görüşlər və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tədbir iştirakçıları Azərbaycanda müəllif-hüquq sisteminin yaradılması və inkişaf mərhələləri barədə dolğun bilgi əldə edəcək, müəllif-hüquq sahəsində milli qanunvericilik aktları və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) konvensiya və müqavilələri barədə məlumatlandırılacaqlar. Onlar, həmçinin Agentlik tərəfindən hazırlanmış kitab və broşürlərdən, xarici müəlliflərin kitablarından və digər materiallardan metodiki vəsait kimi istifadə etməklə media və müəlliflik hüququ, elmi əsər və müəlliflik hüququ, müəllif-hüquq qanunvericiliyində istisnalar və məhdudiyyətlər, elektron kitabxanalar və müəllif-hüquq məsələləri, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin prinsipləri, təşkili və həyata keçirilməsi, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi ilə bağlı geniş müzakirələr apara biləcəklər.

“Əqli mülkiyyət aylığı” çərçivəsində sənaye mülkiyyəti (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) barədə də iştirakçılara dolğun məlumatlar veriləcək. Agentliyin təcrübəli mütəxəssisləri tərəfindən ÜƏMT-nin “Patent hüququ müqaviləsi”nin (PLT) tələbləri nəzərə alınmaqla ixtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları, Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent ailələri, habelə sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin ekspertizası və qeydiyyatı barədə iştirakçıların sualları cavablandırılacaq.

Müzakirələrin maraqlı və diskussiya şəraitində keçməsi üçün tədbir iştirakçıları Agentlik tərəfindən hazırlanmış metodiki ədəbiyyatla, kitab və broşürlərlə, ÜƏMT-nin müvafiq sənəd və materialları, həmçinin əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq mütəxəssislərin kitabları ilə təmin olunacaqlar.

Aprel ayında, həmçinin əqli mülkiyyət sahəsində müəlliflər (ixtiraçı müəlliflər daxil olmaqla), əlaqəli hüquq sahibləri, tələbələr, iddiaçılar, vətəndaş cəmiyyətinin (ictimai birliklərin) nümayəndələri və digər maraqlı şəxslər arasında sosioloji sorğunun və Agentliyin tabeliyindəki Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı ilə kitab sərgisinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti