Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, həmin çərçivədə növbəti görüş Bakı Dövlət Universitetində (BDU) keçirilib.
Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar ediblər. Tələbələrin diqqətinə çatdırılıb ki. şəkərin normadan artıq istifadəsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər.
Görüşdə məlumat verilib ki, ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilədək müddətdə 125 faiz artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kiloqram şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 qram şəkərdən istifadə deməkdir. Həmin göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40 faiz artım müşahidə olunub. Həmin tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak edilməməsini vacib hesab ediblər.
Görüşün yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində Azərbaycan Kooperasiya Universitetində, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10, 225, 234, 307 nömrəli tam orta məktəblərdə, 49 nömrəli məktəb-liseydə və 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Təhsil müəssisəsində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər də qurulacaq. Stendləri ziyarət edənlərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, bu kampaniya əhali arasında sağlam həyat tərzinin təbliği və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlakına təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik isə bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.