Yaradan dünyanı bəşər övladı üçün xəlq etsə də, ancaq hər bir canlının var olduğu və torpaq üzərində addımladığı yer ona qutsaldır. Bir növ insan da ağac kimi kökü, rişəsilə torpağa bağlı olar. Əbəs yerə deyildi ki, kök, qaynaq məsələsi bütün canlıların taleyində əsas rol oynayır. Zaman keçəcək, haqqında bəhs etdiyimiz söz, fikir adamı şair demiş, ağac misalı kök üstə qalxıb, yüksələcək, fəqət özünün və sözünün ucalığından bir an belə enməyəcəkdir. Çünki onun qazancının - meyvəsinin şirəsi kökdən - rişədən gələcəkdi.
Dağıstanın xalq şairi Rəsul Həmzətov deyirdi ki, Vətən mənə doğulduğum auldan başlayır. Əlbəttə, bu barədə çox fikirlər səsləndirilib. Rəhmətlik Xudu Məmmədovun "Qoşa qanad" əsəri bu mənada söylədiklərimizə sübutdur. Düşünsək ki, elə ilk insan da torpaqdan yaradılıb. Bir də o torpaq üzərində dünyaya göz açmaq, doğma insanları tanımaq, yurdun gözəlliyini yaşamaq, tarixini görmək...
Sevil Qiyas qızı Həsənova Azərbaycanın nadir təbiət möcüzələrindən sayılan Zaqatalada doğulub. Amma tale elə gətirir ki... Bu cümləni bitmiş fikrə salmadan əvvəl qədim bir rəvayətə - ana bətnində olan körpə ilə Allahın dialoquna nəzər salaq: — Allahım, dünyaya göz açacağam, amma nə edəcəyimi bilmirəm, — deyə körpə dillənir. Yaradan — Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, — deyə cavab verir. Hekayətin sonunda körpə Allahdan həmin adamın kim olduğunu soruşur. Allah cavabında — Adı əhəmiyyətli deyil. Sən ona sadəcə "Ana" deyəcəksən! — buyurur. Bu təsirli rəvayətdən sonra yuxarıda qeyd etdiyimiz fikri genişləndirək: Tale elə gətirir ki, Sevil Həsənova bir ömür boyu anasının isti qucağına, mərhəmətli qəlbinə, xeyir-dualı nəfəsinə, dərman qədər şəfalı olan əllərin sığalına həsrət qalır. O, nənə himayəsində böyüyür. Özü demişkən: Məsum körpə həyata göz açdığı ilk günlərdən pərvanə kimi başına dolanan anasını görər. Mən isə ilk günlərdən nənəmi görmüşəm, onu sevmişəm; həm ana, həm də nənə məhəbbətilə...
Müəllifin nitqi oxucuda əminlik yaratdı ki, insan taleyində yaşanan mənəvi sarsıntıları, həyatla insan arasındakı dramatik kolliziyaları dəf etməyin tək səbəbi sevgidir. Və illər ötəcək Sevil Həsənova boya-başa çatdığı elə-obaya, onu həyata hazırlayan orta məktəbə və təbii ki, anatək həmdəmi olan və ona anasızlığın ağrısını hiss etdirməyən nənəsinə öz mənəvi borcunu layiqincə ödəyəcəkdi. Və zaman keçəcək Azərbaycan Dövlət Universitetinə (BDU) qəbul olunan Sevil Həsənovanın ilk mətbu məqaləsi "Mənim nənəm" başlığı ilə "Azərbaycan qadını" jurnalında dərc ediləcəkdi. S.Həsənova bu əlamətdar hadisəni belə xatırlayır: "Sağlığında məni boya-başa çatdıran, böyüdən nənəmə ən böyük hədiyyə "Azərbaycan qadını" jurnalında dərc olunan "Mənim nənəm" məqaləsi oldu. Təsəvvür edin, onun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, çəkdiyi cəfası, intəhasız sevgisi müqabilində bu elə də böyük məsələ deyildir, ancaq mənəvi cəhətdən nənəm üçün ən gözəl ərməğan idi. Ömrünün sonuna qədər hər kəsə həmin yazı haqqında söhbət açırdı. Çoxlarının "Azərbaycan qadını" jurnalını bu yazıya görə aldığını indiki kimi xatırlayıram". Təbii ki, xatirələr, yaxşılıqlar çox vaxt əlaltında, gözlə görünən yerdə qalmır, bəzən bilərəkdən, yaxud da bilmədən yaxşılıqlar zaman keçişilə bilmərrə unudulur, tarixin bilinməzliklərinə atılır. Ancaq Sevil Həsənovaya belə məziyyətlər yad və ögey idi. O, vicdan və ləyaqət hissinə sarılaraq, elm və helm yolunu tutaraq və bir də ən məhrəm - başı örpəkli, xanım-xatın o munis və ülvi nənə sevgisini qəlbinə möhürləyib hələ çox yol qət edəcəkdi. Ta ki bu addımlar onu müstəqillik dövründə jurnalistika fakültəsində ilk qadın alim olaraq elmlər doktorluğuna qədər aparacaqdı...
Sevil Həsənova 1974- cü ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirir. Yaxşı oxuduğuna, müxtəlif sahələrdə fərqləndiyinə və müəllimlərinin diqqətini çəkdiyinə görə 1972-ci ildə komsomol xətti ilə Azərbaycandan yeganə nümayəndə olaraq, Rumıniyaya bir aylıq beynəlxalq düşərgəyə göndərilir. Təfəkkür, analizetmə və yüksək erudisiya qabiliyyətilə dünyanı dərk edən məktəblinin tədqiqatçılıq və axtarıcılıq qabiliyyəti, yaradıcılıq potensialı elə o illərdən üzə çıxır. İlk məqalələrindən biri olan "Mənim Rumıniya xatirələrim" maraqla qarşılanır və "Qırmızı bayraq" qəzetində dərc olunur. Bu yazını dünyaya yaradıcı baxışı özündə ehtiva edən ən kövrək və saf boyalarla əks olunan söz tablosu da hesab etmək olardı. Sevil Həsənovanın yaradıcı addımları bir yerdə dayanmır. O, ataların "yol gedənindir" hikmətini əsas götürür və bu sahədə addımını iti və iri atır. Sonrakı mərhələdə “Komsomol projektoru” qəzetinin redaktoru kimi fəaliyyət göstərir, müxtəlif mətbu orqanlarında, o cümlədən "Azərbaycan gəncləri" qəzetində çoxsaylı yazıları dərc olunur.
Sevil Həsənova 1975-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olur. Universitetə qəbul zamanı əsas imtahanlardan öncə şifahi və yazılı sınaqlardan keçmək lazım gəlir. Şifahi imtahan zamanı tarixdən verilən suala cavabı müəllimlərdən birinin diqqətini çəkir. Həmin müəllim üzünü imtahan verənlərə tərəf tutaraq: "Bax, jurnalistikaya belə tələbələr gəlməlidir", deyə bildirir. Gənc Sevil Həsənova sonradan biləcək ki, isti yay günündə qəlbinə sərinlik və rahatlıq gətirəcək həmin xoş sözlü, xoş çöhrəli fikirlərin müəllifi də, sənədlərini qəbul edən də professor Cahangir Məmmədli imiş. Yazılı imtahanda bu sahəyə marağın haradan yarandığını kövrək dillə, titrək əllə qələmə alarkən başı üzərində dayanan müəllimlərdən biri deyir: "Qızım, elə bu qaydada da davam elə". Və həmin müəllimi də Sevil Həsənova sonralar tanıyacaq və onun vaxtilə "Tərcümə, televiziya və radio jurnalistikası kafedrası"nın yaradıcısı Tofiq Rüstəmov olduğunu biləcəkdi. Həmin vaxt yazdığı inşada bir cümləni isə indiyədək unutmayıb: "Jurnalist axtarışda olan kəşfiyyatçıdır". Qələmə aldığı inşanı hardasa məktəb vaxtı Rumıniyaya səfərilə də əlaqələndirir. Çünki oradan qayıdandan sonra, bu peşəyə həvəsi daha da artmışdır. Həmin səfərdə kurator və xeyli tanınmış jurnalın rəhbəri Tamara Vedina o qədər ürəyinə yatır ki, məktəbli Sevil gələcəkdə bu xanım kimi jurnalist olacağına söz verir. İllər ötür və Sevil Həsənova ədəbiyyat imtahanı zamanı rəhmətlik Nəriman Zeynalovla olan dialoqunu tez-tez xatırlayaraq deyir ki, "Vaqif" dramı və digər sualları bilməsi müəllimlərin xoşuna gəlir. Ondan — Qızım, orta təhsilini harada almısan, — deyə soruşan imtahan komissiyasına təfsilatlı şəkildə cavab verir və oxuduğu məktəbi, müəllimlərinin adını bir-bir sadalayır. Sinif rəhbərinin adını ucadan söyləyir. Ümumiyyətlə, Sevil Həsənova onun həyatında rolu olan (az-çox) heç kimi unutmur. Hər dəfə tələbəlik həyatından söz düşəndə fəxrlə deyir ki: Tofiq müəllim, Yalçın müəllim və digərləri mənə qayğısını əsirgəməyib. Bu halalzadəlik, əsilzadəlik Sevil Həsənova qanında həmişə dövr edir.
Başqa bir dövr də zamanla əlaqəli olacaqdı: Süleyman Rüstəm dili ilə desək, "yel qanadlı illər ömürdən ged"əcək, Sevil Həsənovanı zəhmətilə kamala yetirən, dörd bir yanında nərgizlər, lalələr bitən Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi əlli ildən sonra öz doğmasını iki əlli bağrına basacaqdır. O, qəlbinin ən məhrəm dərinliyində yer alan ruha məlhəm sözlərini şirin və təsirli xatirə çələngi şəklində ömrünün məktəb illərinə ərməğan edəcək, əbədiyyətə qovuşan müəllimlərinin ruhuna ehtiramını, həyatda qalanlara sevgisini dilə gətirəcəkdi. Sevil Həsənova həmin görüşdə o zamandan bəri söylədiyi və heç vaxt unutmadığı fikirlərə yenidən qayıdır, həyatda qazandıqlarına görə orta və ali məktəb illərinə, o illərdə ona dərs deyən müəllimlərinə ehtiramını bildirir. Və bir də məktəb və tələbə yoldaşlarına... Çünki o, bir vaxtlar məktəb yoldaşları ilə əhd-peyman bağlamışdır. Universiteti bitirərkən tələbə yoldaşları, müəllim kollektivi də həmin əhd-peymana, sanki fərman veribmiş kimi: "Səni Universitetdə görmək arzusu ilə ayrılırıq" demişdilər. İndi Sevil Həsənova illərin ayrılığından sonra məktəb və tələbə yoldaşlarının arzusunu yerinə yetirərək, yəni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ilk qadın elmlər doktoru olaraq doğmalarının hüzurunda vədinə sadiq, üzü ağ, alnı açıq şəkildə dayanır.
Ancaq bir dönəmlər idi ki, Sevil Həsənovanı qarşıda həyatın çətin sınaqları ilə üzbəüz qalmaq təhlükəsi gözləyirdi. Birinci sınaq onun Bakı Dövlət Universitetinin Jurnalistikasından uzaq düşəcəyinə, ikincisi, ali məktəbi bitirən anda müəyyən səbəblərə görə pedaqoji fəaliyyətlə məşğul ola bilməməsinə gətirib çıxara bilərdi. Və ən nəhayət sonuncusu böyük Hüseyn Cavid ruhu qarşısında mənəvi borcun çətin və şərəfli sınağı idi. Sevil Həsənova bu sınağı qutsal, müqəddəs adlandırır...
Sevil Həsənova ziyalı ailəsində dünyaya göz açdığı üçün, hər iki valideynləri Azərbaycan Dövlət Darülfünunu bitirdiyinə görə, özünün də bilik yolu doğma Bakı Dövlət Universitetindən keçir. Bu da Tanrının işi idi. Fəqət, Sevil Həsənova vaxt-bivaxt yaddaşında bərq vuran o şirin anları — nağılabənzər xatirələri yada salır və deyir ki, həmin illər bacım Tibb Universitetində oxuyurdu. Bu mənada ailədə gənc Sevil Həsənovanın da həkim olmasını istəyirlər. Lakin o doğmalarına tibb ixtisasına sənəd verəcəyini deyərək, yolunu jurnalistikadan salır. Sonra həssas qəlbli həmin gənc doğmalarının könlünü almaq üçün belə bir qənaətə gələrək: "Ailəmdə fəlsəfə və ədəbiyyatı sevənlər də vardı. Mən də bu iki ixtisasın ortasında dayanan jurnalistikanı seçdim", deyə bildirir. Təhsil aldığı müddətcə Həmkarlar ittifaqının sədri seçilir. Bununla yanaşı Universiteti əla qiymətlərlə başa vurur. Təhsilini başa vurduqdan sonra gənc jurnalist kimi Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində “Elmi-kütləvi və tədris proqramları” baş redaksiyasında redaktor, “Azərbaycantelefilm” yaradıcılıq birliyində böyük redaktor vəzifələrində çalışır. Onun ssenari müəllifi olduğu “Qabil”, “İki ömür” və s. televiziya filmləri izləyici rəğbəti qazanır. Doğrudan da, tam qətiyyətlə deyə bilərik ki, bu sahəyə Sevil Həsənovanı yuxarıda da qeyd etdiyimiz kimi, elə Tanrının özü gətirmişdi. Çünki sonralar ömür-gün yoldaşı ilə, məhz bu elm məbədində - Jurnalistika fakültəsində tanış olacaqdılar. Belə də olur. Həyat yoldaşı Elşad Həsənov 1979-cu ildə Jurnalistika fakültəsini bitirir və təyinatla Azərnəşrdə redaktor vəzifəsində çalışır. 1984-cü ildə Dövlət Təhlükəsizlik Xidmətində Heydər Əliyev ənənələrinin davam və inkişaf etdirilməsi naminə öz vəzifəsini layiqincə yerinə yetirir və 2011-ci ildə polkovnik rütbəsi ilə təqaüdə çıxır. Ardınca Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nəzdində fəaliyyət göstərən "Bahar Energy" əməliyyat şirkətində vitse-prezident vəzifəsində çalışır və 2021-ci ildə təqaüdə çıxdıqdan sonra yenidən jurnalistika sahəsinə qayıdır, publisistik məqalələri ilə, həmçinin siyasi şərhçi, təhlükəsizlik üzrə ekspert kimi dövrü mətbuatda çıxış edir. Yaradıcı fəaliyyətinin nəticəsi kimi "Öncə Vətəndir" adlı kitabın müəllifidir. Elşad Həsənovun həyat yoluna nəzər salarkən əbədiyaşar Heydər Əliyevin fikirləri qəlbimizdə səslənir: "Təhlükəsizlik işçisi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki, şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz". Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün də Elşad Həsənov öz yaradıcı fəaliyyətini dövlətçilik ənənələrinin qorunması yolunda davam etdirir. Elşad Həsənov və Sevil Həsənovanın ədəbi-ictimai və pedaqoji fəaliyyətlə bərabər, deyərdik ki, ən böyük uğuru cəmiyyətə sağlam ruhlu, saf mənəviyyatlı və təhsilli 3 övlad, 6 nəvə yetişdirməsidir. Böyük müəllimimiz Şirməmməd Hüseynov demişkən: "Ailə saf olsa, millət də saf olar". Sevil Həsənovanın ən böyük mənəvi uğuru ictimai, mübaliğəsiz desək, bəşəri idi. O səbəbdən bəşəri ki, vaxt gələcək Hüseyn Cavid ideologiyası ilə böyüyən gənclər Qafqazda əmin-amanlıq yaradacaq, Vətən savaşında tək işğal altında qalan torpaqlarımızı deyil, eləcə də dünyanı erməni terrorundan xilas edəcəkdi. Bu mənada Sevil Həsənovanın jurnalist kimi Cavid Əfəndinin publisistikasını araşdırması onun qələm adamı olaraq milli ləyaqətindən, dövlətə, xalqa mənəvi sədaqətindən irəli gəlir. Bu məqamda istərdik və vacibdir ki, əbədiyaşar Heydər Əliyevin Hüseyn Cavid böyüklüyünə münasibətinə toxunaq: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olub. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”. Həqiqətən də Hüseyn Cavid bütün mənalarda təpədən-dırnağa qədər Azərbaycanlı idi. O, millət müəllimi idi. Maraqlıdır ki, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ilk ana dili müəllimi olmuşdur. Bu gün Sevil Həsənova həm pedaqoq kimi, həm də Cavidşünas alim olaraq yüksək ləyaqətlə öz fəaliyyətini davam etdirir. Təkcə müəllifin "Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda" monoqrafiyası dediklərimizə ən tutarlı dəlildir. Yadımızdadır ki, Sevil Həsənova monoqrafiyanın təqdimatından öncə böyük Hüseyn Cavidin Naxçıvanda, Bakıda ev-muzeyini, qəbrini ziyarət etdi. Həmin anlarda müəllifin daxili həyəcanı onun Vətəndaşlıq məsuliyyətindən irəli gəlirdi. Biz bunu təqdimat mərasimində də gördük. Müəllifin Cavid Əfəndiyə həsr etdiyi təsirli monoloqunu indi də xatırlayırıq. Çünki Sevil Həsənova bu işə ömür qoyub, canının şirəsini axıdıb. "Tədqiqatçı hər mövzunu jurnalist qələmi və ədəbiyyatçı qəlbilə təhlil edir, düşüncə süzgəcindən keçirir. Sevil Həsənova dövrün böyük romantik sənətkarlarından olan Hüseyn Cavidin realist(lərə) yanaşmasını "H.Cavidin füyuzatçılarla əlaqələri, fəlsəfi-siyasi düşüncələri və realistlərə münasibəti" başlıqlı araşdırmasında oxucuya çatdırır. Araşdırmada ədibin realist ədəbi məktəbin nümayəndələrinə, ələlxüsus da Mirzə Cəlil yaradıcılığına olan rəğbətini görürük" (bax: "Bütöv Azərbaycan" qəzeti, 06 oktyabr, 2023-cü il, səh., 8; Qərənfil Dünyaminqızı, Əsgər İsmayılov, "Monoqrafiyanın paradiqmatik quruluşu"). Ümumiyyətlə, Sevil Həsənovanın jurnalistika ilə bərabər ədəbiyyata da xüsusi marağı olub. Düşünsək ki, publisistika hər iki və bir-birinə yaxın sahənin tən ortasında dayanan janrdır, o zaman Sevil Həsənovanın qələmindən çıxan yazıların oxucu qəlbinə rahatlıqla yol tapmasının nəticəsi apaydındır. Hələ Universitet illərində elə dəhlizdəcə Sevil Həsənovadan imtahan götürür, hər üç suala cavab verən tələbəyə müəllimi tərəddüdsüz əla qiymət yazır. Sonralar müəllim-tələbə dilində belə bir ifadə yaranacaqdır: Qulu Xəlilov kimi əjdahaya cavab verən Sevil". Həqiqətən də Qulu Xəlilovun həqiqətdən yana olan qılınctək kəskin tənqidi, elmdə güzəştə getməməsi onun xasiyyətinə də hopmuşdur. Çünki əsl elm adamı idi. Burada onu yetişdirən mühitin də rolu vardır. Qərbi Azərbaycanda doğulması, Ağdamda uşaqlıq illərini keçirməsi və ən nəhayət Bakıda - Azərbaycan Dövlət Universitetində (BDU) püxtələşməsi. Hələ o zaman qismət elə gətirir ki, Qulu Xəlilov Sevil Həsənovanın diplom rəhbəri olur. Taleyin işinə bax, bu zaman da çalışdığı "Multimedia və elektron kommunikasiya kafedrası"nda rəhbər Qulu Məhərrəmlidir. Sevil Həsənova hər dəfə deyir ki, hər iki ziyalı Tanrının cəmiyyətə elm qismətidir. Və onların təkcə adları deyil, həm də qələmlərində, Vətənə, xalqa, peşələrinə olan sevgisində oxşarlıq vardır.
Sevil Həsənova əsilzadəliyi ilə bərabər həm də halalzadədir. Xəmiri halallıqla yorulduğu üçün dünəni unutmur, yaxşılığı yaddaşdan silib atmır. O, hər dəfə elmi rəhbəri Şamil Vəliyevin ruhunu ehtiramla xatırlayır. Dərin kədər hissilə deyir ki, Şamil Vəliyev mənim professor adımı almağımı görmədi... Əziz oxucu, bu məqamdaca düşündük ki, kiçik bir haşiyə çıxaq: rəhmətlik Əbdüləzəl Dəmirçizadə universitetinin son kursunda oxuyarkən müəllimi professor Bəkir Çobanzadə onu rəhbərlik etdiyi dillər kafedrasında işə götürür. Ancaq Dəmirçizadə ailə məsələlərinə görə, doğma şəhərinə qayıtmağa məcbur olur. Üstündən zaman keçir. Bəkir müəllimin səyi nəticəsində Dəmirçizadəni aspiranturaya qəbul edirlər və o, müəllim kimi fəaliyyətə başlayır. Hardasa bu oxşarlığı müəyyən mənada Sevil Həsənovanın elm yolu ilə də müqayisə etmək olar. O da ailə məsələlərinə görə bir müddət elmdən uzaq qalır. Sonralar həyat yoldaşı Elşad Həsənovun mənəvi dəstəyi, ziyalı həmdəmliyi ilə elm yolunda Sevil Həsənova qarşısında yeni cığır açılır. Elşad Həsənov bu işə ömür-gün yoldaşından daha çox düşüncə adamı kimi, hətta bir müəllim kimi, qardaş və dost kimi yanaşır. Buna səbəb idi ki, Sevil Həsənova bu yolda onunla birgə addımlayan ən başda Elşad Həsənov, professor Qulu Məhərrəmli, professor Allahverdi Məmmədli, dosent Sevinc Məmmədova, professor Abid Tahirli, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı və təbii ki, doğması qədər sevdiyi Zibeydə Mirzəyeva ismini hər dəfə böyük məhəbbət, intəhasız sayğıyla çəkir. Ona elm yolunda bələdçilik edən mürşidlərin, alimlərin qayğısını hər dəfə böyük qürurla dilə gətirir. Akademik Teymur Kərimli, akademik İsa Həbibbəyli, opponenti professor Cahangir Məmmədli, Tamella xanım Əliyeva, Rövşən Məmmədova bir ömür borclu olduğunu, onların təmənnasız yaxşılığını vurğulayır. Fikir, düşüncə adamları ilə işləməyi həyatının ən böyük uğuru sayır. Və ən böyük xoşbəxtliyi Jurnalistika fakültəsində ona vaxtilə dərs deyən müəllimlərlə çiyin-çiyinə çalışmağı, həmçinin "elmlər doktoru" adını məhz doğma Universitetində almasıdır. Sevil Həsənova buna görə Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevə və Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya sonsuz təşəkkürünü bildirir. Və biz də Jurnalistika fakültəsi olaraq təşəkkürə can və könüldən qoşuluruq...
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist
Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin tələbəsi