"Əsas fokuslandığımız iş müəllimlərin fənn bilikləridir. Çünki fənn bilikləri zəif olan müəllimin metodik bacarıqları yuxarı ola bilməz".
TƏHSİL.BİZ xəbər verir ki, bunu "Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, müxtəlif insanlar fənlər barədə bilikli ola bilərlər, amma bu, onların savadlı müəllim olması demək deyil.
Nazir qeyd edib ki, gələn ildən başlayaraq səriştəli müəllimin yetişdirilməsi, yəni metodik dəstəyə ehtiyacı olan müəllimlər üçün islahatların aparılması nəzərdə tutulur.
"Metodik kabinetlər yaradılacaq. Keyfiyyətli metodik vəsaitlərin tərcüməsinə ehtiyac var. Yeni tədqiqatlara əsaslanan orijinal məqalələr tərcümə olunmalıdır. Bəzi məqalələr mövcud ədəbiyyatın xülasəsi kimi başa düşülür. Ona görə də yeni məqamlar mütləq şəkildə məqalələrdə yer almalıdır. Azərbaycan məktəblərində tədqiqatçılar üçün lazımi şəraiti yaratmağa hər zaman hazırıq. Əsas odur ki, keyfiyyət göstəriciləri öz dəyərini itirməsin".