AMEA-nın Folklor İnstitutunda “Abbasqulu ağa Bakıxanov və milli-mənəvi dəyərlər” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, Folklor və yazılı ədəbiyyat şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən elmi sessiya böyük mütəfəkkir və maarifpərvər alim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr edilib. Tədbirdə institutun direktor müavini vəzifəsini icra edən dosent Afaq Ramazanova böyük alim, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun bədii və elmi yaradıcılığı barədə danışıb.
Elmi seminarda “Abbasqulu ağa Bakıxanovun əsərlərində ailə və övlad tərbiyəsi”, “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında maarifçilik ideyası və milli özünüdərk”, “Gülüstani-İrəm” əsərində və xalq yaradıcılığında vahid vətən mövzusu” haqqında məruzələr dinlənilib.
Sessiyada, həmçinin “Carçı ekspress” jurnalının builki 6-cı nömrəsinin Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunduğu vurğulanıb və həmin jurnal institutun kitabxanasına hədiyyə edilib.