Logo

ADA İtalya universiteti ilə birgə “Hüquq” ixtisası üzrə yeni ikili diplom proqramı həyata keçirəcək

13.02.2025 09:08 47 baxış
IMG

İtalyanın “Luiss Guido Carli” Universitetinin nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ADA Universitetinə səfər edib. 

ADA Universitetindən TƏHSİL.BİZ -ə bildirilib ki, səfərin əsas məqsədi akademik proqramların genişləndirilməsi, tələbələr üçün yeni imkanların araşdırılması və institusional əlaqələrin dərinləşdirilməsidir. Səfər çərçivəsində sözügedən universitetin akademik və inzibati rəhbərlərindən ibarət nümayəndə heyəti ADA Universitetinin prorektorları, dekanları və İtaliya-Azərbaycan Universiteti təşəbbüsünün həyata keçirilməsinə cavabdeh olan ekspertlərlə görüşlər keçirəcək. Müzakirələr akademik əməkdaşlığın genişləndirilməsi və birgə proqramların uğurlu icrasına yönələcək.

Görüşlərin əsas mövzularından biri ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyata keçiriləcək 3+2 formatında hüquq proqramının tətbiq olunmasıdır. Proqrama əsasən, tələbələr üç il Bakıda, iki il isə Romada təhsil alacaqlar. Bu model beynəlxalq hüquq təhsili və qlobal miqyasda fəaliyyət göstərə biləcək mütəxəssislərin hazırlanmasını təmin edəcək. Beşillik təhsil dövrünün sonunda tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.

Eyni zamanda, görüşlərdə beynəlxalq münasibətlər sahəsində iki diplomlu magistr proqramının yaradılması imkanları müzakirə olunacaq. Bu proqram ADA Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə Magistratura proqramını “Luiss Guido Carli” Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi ilə birləşdirməyi nəzərdə tutur. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulan bu proqram diplomatiya və beynəlxalq münasibətlər sahəsində dərin biliklər qazandıraraq qlobal karyera imkanlarını genişləndirməyə istiqamətlənib.

Akademik müzakirələrlə yanaşı, həmin universitetin nümayəndə heyəti Azərbaycan hökumətinin nümayəndələri ilə də görüşəcək. Bu görüşlərdə "Made in Azerbaijan" brendinin inkişafına dair əməkdaşlıq perspektivləri müzakirə ediləcək və təhsil vasitəsilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolları araşdırılacaq.

 

 

 

 


 

Xəbər lenti