Logo

“Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” – BDU-da elmi seminar

13.03.2025 15:40 50 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, elmi seminarda Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Pəri Xəlilova “Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” mövzusunda məruzə edib. Gənc tədqiqatçı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışdan sonra əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Bu mövzuda fundamental araşdırmaların aparılmalı olduğunu diqqətə çatdırıb.

Məruzəçi mövzunun öyrənilməsi zamanı müxtəlif qaynaqlardan, o cümlədən yerli, türk, rus mənbələrindən istifadə etdiyini qeyd edib. Tədqiqatda Azərbaycan türklərinin qədim yurd yeri olan Qərbi Azərbaycanın mahallarının, həmçinin İrəvan xanlığının tarixinə aid kitablar təhlil olunub, mövzuya dair müxtəlif məlumat bazaları, internet resursları təqdim edilib. Məruzədə Qərbi Azərbaycan tarixinə dair kitabların nəşr tarixi xronoloji əsasda izlənilib, bu kitabların ictimai-siyasi proseslərin analizi, regionun tarixi-mədəni irsinin öyrənilməsi və tədqiqi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Həmçinin bəhs olunan kitablar bədii tərtibat, dil-üslub xüsusiyyətləri, redaktə məsələləri baxımından təhlil edilib. Ayrı-ayrı nəşriyyatların bu mövzuda buraxdığı nəşrlərin müxtəlif əlamətlərə görə müqayisəli təhlili aparılıb, çap məhsullarının dinamikası ad və tiraj göstəriciləri baxımından təqdim olunub.

Məruzəçi çıxışını Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərlə yekunlaşdırıb: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbər lenti