Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunan IV beynəlxalq elmi-praktik konfrans keçirilib.
AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, “Dizaynın müasir problemləri” mövzusuna həsr olunan konfrans Dizayn fakültəsinin Qrafik və media dizaynı kafedrası ilə Mühit dizaynı kafedrasının birgə təşkilatçılığı ilə reallaşıb. Konfrans dünyanın aparıcı elmi, dövlət və özəl qurumlarının nümayəndələrini, tanınmış mütəxəssisləri, tədqiqatçıları və alimləri bir araya gətirərək dizaynda tədrisin metodoloji problemləri, ənənəvi dizaynın fəlsəfi və bədii məsələləri, şəhər mühitinin dizaynı, müasir dizaynın estetik problemləri və müasir texnologiyalardakı rolu kimi aktual mövzuların müzakirəsinə imkan yaradıb.
Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov konfransın AzMİU-nun 50 illik yubileyi çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, universitetin dizayn sahəsindəki elmi-tədqiqat fəaliyyətindən, fakültənin beynəlxalq əməkdaşlıqlarını genişləndirmək və dizayn sahəsində yenilikləri təşviq etmək istiqamətində gördüyü işlərdən danışıb.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva çıxışında konfransın beynəlxalq miqyasda böyük maraq doğurduğunu söyləyib. O, dizayn sahəsində xarici universitetlərlə əməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayıb, AzMİU-nun dünya universitetləri ilə apardığı elmi layihələr haqqında məlumat verib.
Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova dizaynın müasir texnologiyalarla və elmi yeniliklərlə inteqrasiyasından danışıb. Prorektor tədqiqatçıları yeni texnologiyalar üzərində işləməyə və dizaynda müasir həllər yaratmağa səsləyib.
Qrafik və media dizaynı kafedrasının müdiri dosent Təranə Bəkirova konfransın dizaynın vizual kommunikasiya aspektlərinə dair elmi müzakirələr aparmaq istiqamətində mühüm platforma olduğunu deyib. Təranə Bəkirova qrafik dizayn sahəsində yeni tendensiyalara toxunaraq, müasir texnologiyaların qrafik dizaynın inkişafında oynadığı roldan danışıb.
Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva şəhər mühitinin dizaynı və urbanizasiya problemlərinə nəzər salaraq, bu sahədə aparılan son tədqiqatlar haqqında məlumat verib. O, şəhər estetikasının əhəmiyyətini, mühit dizaynında müasir yanaşmaların tətbiqinin zəruriliyini vurğulayıb.
“Renee Architecture & Design” şirkətinin rəhbəri Rəna Novruzlu dizayn və memarlıq sahəsində aparıcı tendensiyalar, müasir şəhər dizaynının estetik prinsipləri və yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüb. O, öz şirkətinin bu sahədə həyata keçirdiyi layihələrdən bəhs edib və dizayn sahəsində gənc tədqiqatçılara tövsiyələr verib.
Konfransın plenar iclasında Mühit dizaynı kafedrasının dosenti Elşad Əliyev, Qrafik və media dizaynı kafedrasının baş müəllimi Fəridə Qasımova, Eskişehir Osmanqazi Universitetinin Memarlıq bölümünün dosenti N.Hacıöməroğlunun mövzu ilə bağlı məruzələri dinlənilib.
Beynəlxalq konfrans çərçivəsində elmi məruzələr təqdim olunub, diskussiyalar və təcrübə mübadiləsi aparılıb. İştirakçılar konfransın dizayn sahəsində innovativ yanaşmaların müzakirəsi və elmi biliklərin inkişafı baxımından mühüm platforma olduğunu vurğulayıblar.