Logo

Şərqşünaslıq İnstitutu Elm Gününə həsr olunmuş tədbir keçirib

14.03.2025 16:23 87 baxış
IMG

Martın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart – Elm Gününə həsr olunmuş "Milli kimliyin formalaşmasında elmi tərəqqinin rolu" adlı tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən Elm Gününün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir.

Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan elminin tarix boyu əldə etdiyi nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 67 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

İnstitutun Təhsil şöbəsinin müdiri dosent Lalə Bayramova çıxışında şərqşünas alimlərin elmə böyük töhfələr verdiklərini, onların beynəlxalq miqyasda öz sözlərini deyərək elmimizi ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil etdiklərini bildirib.

Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev bildirib ki, qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. E.Mustafayev son illərdə ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərdən bəhs edib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə milli kimliyin formalaşmasında elmi tərəqqinin rolunu vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Tədbirdə, həmçinin Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi dosent Adil Mirabdullayev, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Orxan Nəcəfov və başqaları Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıb, çoxsaylı kollektivin əzmlə, böyük həvəslə çalışaraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

Xəbər lenti