Logo

Direktor: Dilçilik İnstitutunda türkologiya ixtisasını seçənlərin sayı azalır

13.03.2025 11:59 32 baxış
IMG

Bu gün Azərbaycan dilində sözlərin yazılışı, tələffüzü ilə bağlı insanlar diskussiya aparır, nəyin düzgün, nəyin yanlış olduğunu müəyyən etməyə çalışırlar. Bu, yaxşı haldır, insanların ana dilinə marağını, sevgisini göstərir. Lakin Azərbaycan dili və türkologiya sahələrində alimlərin sayı azalır. Türkologiya sahəsində Qazaxıstan hazırda öndə gedən ölkələrdən biridir. Türkiyədə də bu sahə inkişaf edir, həmçinin Özbəkistanda və Qırğızıstanda da. Lakin Azərbaycanda olan vəziyyət gələcəkdə türkologiya üzrə mütəxəssis probleminin yaşanacağından xəbər verir.

Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli söyləyib. O bildirib ki, Dilçilik İnstitutunda doktorantura və dissertanturada türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlərin sayı çox azdır: “Ona görə ki, türk dilləri, Azərbaycan dili ixtisaslarını seçənlər Dövlət İmtahan Mərkəzində ingilis dilindən imtahan verməlidirlər. Gələcəkdə dil tarixi ilə məşğul olana və yaxud gələcəyin türkoloquna ilkin mərhələdə doğrudanmı ingilis, yaxud alman dilindən imtahan vermək lazımdır? Bəlkə bu ixtisasları seçənlər üçün imtahan kimi Şərq dilləri müəyyən edilə. Minillik tariximizi ingilis dili vasitəsilə öyrənməyəcəyik axı. Həmin mənbələrin çoxu Şərq dillərindədir. Avropa dillərindən imtahan verə bilməyən şəxs artıq bizim institutun doktoranturasına qəbul ola bilmir, yaxud dissertanturaya gələ bilmir. Beləliklə də gələcəyin mütəxəssislərinin sayı azalır. Bu problemin nəticəsidir ki, müdafiələr əsasən dil nəzəriyyəsi üzrə keçirilir. Azərbaycan dili və ingilis dili tipoloji cəhətdən fərqli dillərdir. Dünya dillərinin öyrənilməsi yaxşı haldır. Dil nəzəriyyəçiləri Avropa dillərindən imtahan verə bilərlər. Lakin gələcəyin türkoloqlarına, dil tarixçilərinə bu tələbin qoyulması çətinlik yaradır. Nəticədə Azərbaycan dili, türkologiya sahələrinə bir nəfər gəlir, ya gəlmir”.

Direktor Nadir Məmmədli, eyni zamanda, qardaş Türkiyədən alimlərin Dilçilik İnstitutunda türkologiya ilə bağlı seminarlar keçirməyə hazır olduqlarını söyləyib.

“Ulu Öndər deyirdi ki, əvvəlcə öz dilini, sonra başqalarının dilini öyrən. Bu, böyük bir hikmətdir. Ümummilli Liderin dilimiz haqqında bu fikrini də xatırlamaq istərdim: “Xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Deməyim odur ki, bu gün gənclərin doktoranturada, dissertanturada türkologiya, Azərbaycan dili ixtisaslarını, dil tarixini seçməməsi gələcəkdə öz təsirini göstərəcək”, - deyə professor Nadir Məmmədli fikrini yekunlaşdırıb.

Xəbər lenti