Logo

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13.03.2025 16:55 42 baxış
IMG

Bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Gəncə Dövlət Peşə Təhsil Mərkəzində ticarət və xidmət üzrə qısamüddətli təlim keçən müdavimlərlə görüş keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin şöbə müdiri Anar Aslanov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov iştirak edib. Görüş çərçivəsində qənnadıçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə təlimlərdə iştirak edən müdavimlərin əvvəlki təcrübələri və qazanacaqları yeni biliklər müzakirə edilib. Təlim iştirakçıları proqramın onlara verdiyi imkanlar və peşəkar inkişaf perspektivləri haqqında öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Gəncə Dövlət Peşə Təhsil Mərkəzindəki qısamüddətli təlimlərə bu şəhərdə məskunlaşan 100 nəfər məcburi köçkün cəlb edilib. Qısamüddətli təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadəkdir. Proqramlar nəzəri biliklər və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 8 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

 

 

 

 


 

Xəbər lenti