Logo

Müəllimləri narazı salan məqam

12.03.2025 09:04 112 baxış
IMG

Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2024-cü il üzrə məruzəsində qeyd olunub. Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, təhsil sisteminin müxtəlif sahələri üzə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalır: “Müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur”.

Həmçinin qeyd olunub ki, müəllim çatışmazlığı və ya şagird azlığı səbəbindən regionlarda bəzi orta ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi həyata keçirilir: “Xüsusən ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan, belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır. Odur ki, "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları"na yenidən baxılması, təhsilalanların dövlət təhsil standartlarına uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün həmin təhsil müəssisələrində müəllim sayının artırılması məqsədəmüvafiq hesab edilir”.

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bildirib ki, şagirdlərin sayı az olan məktəblər və siniflərin, habelə, şagird sıxlığı müşahidə olunan məktəblər və siniflərin mövcudluğu nə dünənin, nə də bu günün problemdir. Onun sözlərinə görə, bu, uzun illərdən bəri optimal həllini gözləyən vacib məsələlərdən biri kimi daim gündəmdə saxlanılıb: “Baxmayaraq ki, bu məsələnin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülüb, hətta ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçiriləcəyi ilə bağlı rəsmi vədlər də verilib. Bununla belə müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalmaqdadır. Məsələn, 2000-ci ilin əvvəllərində Dünya Bankının layihəsi çərçivəsində Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində rasionallaşdırma tədbirlərinə başlanılsa da, şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi – məktəb şəbəkəsinin rasionallaşdırılması prosesinə start verilsə də, məktəblərin birləşdirilməsi, şagirdlərin köçürülməsi məsələlərində müəyyən problemlər yarandı. Nəticədə proses təxirə salındı. Müəyyən mənada qanunvericilik bazası, digər infrastruktur məsələsi həll edilmədiyi üçün bu işi aparmaq mümkün olmadı. Belə hesab edildi ki, gələcəkdə rasionallaşdırma tədbirləri ilə bağlı daha yüksək səviyyədə sənədlər qəbul edildikdən sonra prosesə başlanıla bilər. O vaxtkı rəsmi statistikaya əsasən ölkəmizdə şagirdlərinin sayı 30-dək olan 315, 31-dən 50-dək olan 38, 51-dən 100-dək olan 9 ibtidai məktəb var idi. Ölkədə şagirdlərinin sayı 30-dək olan 89 əsas və 9 orta, 31-dən 50-dək olan 154 əsas və 74 orta, 51-dən 100-dək olan 325 əsas və 323 orta məktəb mövcud idi. Belə az sayda şagird kontingentinə malik əsas və orta məktəblərin mövcudluğunun məqsədəuyğun olmadığını, müvafiq məktəb şəbəkəsinin rasionallaşdırılması üzərində ciddi düşünmək lazım gəldiyi bildirilmişdi”.

Ekspert deyir ki, Azərbaycanda 4 500 məktəbdən 1500-də şagirdlərin sayı 100-dən azdır. Şagirdlərin sayından asılı olmayaraq azkomplektli siniflər saxlanılmalıdır: “Şagirdlər azdır deyə təhsilin keyfiyətinə nə dərəcədə təsir etsə belə, hansısa məktəbi və ya sinfin ləğv edilməsi düzgün mövqe sayıla bilməz. Mən özüm təyinatla 5 il kənd məktəbində işləmişəm və payızın yağışında, palçığında, qışın qarında, çovğununda qonşu kəndlərdən kilometrlərlə məsafə qət edib işlədiyim məktəbə gələn uşaqların nə əziyyətlərə qatlaşdığının bilavasitə şahidiyəm. Hazırda regionların inkişafı ilə əlaqədar prezidentin sərəncamları var. Regionların sosial vəziyyətini yaxşılaşdırmaq, mədəni, məişət obyektlərinin  tikintisini gücləndirməklə, müəyyən stimullaşdırıcı qərarlar qəbul etməklə gənc müəllimlərin kənd yerlərinə axınını artırmaq olar. Bu istiqamətdə müəyyən işlər görülür, modul tipli məktəblərin şəbəkəsi getdikcə daha da genişləndirilir. Digər tərəfdən, hansısa ucqar rayonun bir neçə kəndindəki az şagirdi olan məktəbi birləşdirmək həmin kəndlərdən şəhərlərə axını – urbanizasiya prosesini gücləndirə bilər. Çünki, hər bir kəndin mövcudluğu üçün gərək onun məktəbi, xəstəxanası, mədəniyyət klubu olsun. Əgər məktəbləri rasionallaşdırma adı ilə həmin kənddən köçürsək, o kənd məhv olub gedəcək və bir kənd kimi tarixdən silinəcək, təhsildən yayınma hallarının baş verməsi qaçılmaz olacaq”.

Ekspert bununla yanaşı vurğulayıb ki, siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salır: “Müxtəlif yaş, dünyagörüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçilməsi nə effekt verə bilər ki? 45 dəqiqə dərs müddətində 2 fərqli siniflə məşğul olduğumuz halda hansı keyfiyyətdən söhbət gedər? Təbii ki, keyfiyyətli təhsil verilə bilməz. Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansı birini çatdırsın? Əslində, dilemma qarşısında qalmışıq. Ucqar məktəblərimiz var ki, orda uşaqların sayı hətta 20-dən də azdır. Paytaxt məktəblərində isə sıxlıq müşahidə olunur. Bu problem əsasən məskunlaşma ilə bağlı yaranıb. Problemin tənzimlənməsi istiqamətdə müəyyən işlər görülür, lakin bununla belə müəllim və siniflərin sayı ilə münasibətdə disbalans hələ də qalır. Vəzifə disbalansı balanslaşdırmaqdır”.

Xəbər lenti