Logo

Sertifikatlaşdırma ilə bağlı növbəti görüş keçirilib

12.03.2025 15:01 90 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirilib.

Bu barədə idarədən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, Təhsil İşçilərinin sertifikatlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli, biologiya fənni üzrə mütəxəssis, Əməkdar müəllim Nüşabə Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis Vüsalə Quliyeva, fizika fənni üzrə mütəxəssis, Əməkdar müəllim Sona Hacılı, Binəqədi və Suraxanı rayonları üzrə kimya, biologiya, coğrafiya, informatika və fizika müəllimləri iştirak ediblər.

BŞTİ-nin sektor müdiri Aygün Bayramova təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib. 

Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar.

Biologiya fənni üzrə mütəxəssis N.Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis V.Quliyeva, fizika fənni üzrə mütəxəssis S.Hacılı sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib, bu baxımdan təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıblar.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi barədə geniş məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti