Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı 20 nömrəli məktəb-liseydə sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirib.
BŞTİ-dən TƏHSİL.BİZ-ə bildirilib ki, İnsan resursları sektorunun müdiri Aygün Bayramova müəllimlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib.
Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova müəllimlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar.
Biologiya fənni üzrə mütəxəssis, Əməkdar müəllim Nüşabə Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis Vüsalə Quliyeva, fizika fənni üzrə mütəxəssis, Əməkdar müəllim Sona Hacılı sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib, bu baxımdan təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıblar.
Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi barədə geniş məlumat verilib.