Logo

Metodik xidmətin təşkili planları

24.09.2021 10:43 1022 baxış
IMG

Ölkəmizdə metodik xidmət işinin keyfiyyətinin yüksəldilməsi əsas məqsəd olaraq qarşıya qoyulub

Metodik Dəstək Mərkəzi (MDM) Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) nəzdində  Azərbaycan Respublikası təhsil nazirinin 21 oktyabr 2020-ci il F-485 nomrəli əmrinə əsasən yaradılmışdır. Mərkəzin əsas məqsədi tədris prosesinin təşkilində təhsilverənlərə metodik dəstəyin göstərilməsi, bu sahədə yeniliklərin və yenidənqurma fəaliyyətinin tətbiq edilməsidir.  Mərkəzin tərkibinə Metodik xidmət şöbəsi və Metodik əlaqələndirmə şöbələri daxildir. Mərkəz regionlarda rayon/şəhər metodik kabinetləri ilə kommunikasiyanın səmərəli qurulması, peşəkar fəaliyyətin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılmasını nəzərdə tutan fəaliyyət planı hazırlamışdır. Metodik kabinetlərdə fəaliyyət göstərən bütün əməkdaşlar barədə məlumatlar toplanmış, təhlil edilmiş və elektron məlumat bazası yaradılmışdır.

MDM metodik kabinetlərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində son dərəcə mühüm işlərin görülməsini qarşıya məqsəd qoymuşdur. Bura yaxın günlərdə metodik kabinetlərin yenilənmiş əsasnamə layihəsinin və eyni zamanda, metodist portfoliosunun hazırlanması və təsdiq edilməsi, hesabat formasının təsdiqi, metodistlərin təlimatlandırılması, metodik kabinetlərin nümunəvi fəaliyyət planı, metodistlərin yenidən hazırlanması, maarifləndirici metodik materialların hazırlanması və s. daxildir.

Ölkə üzrə metodik kabinetlərin fəaliyyətində peşəkarlığının artırılması, qarşıya çıxan problemlərin müəyyən olunması və dəstəyin göstərilməsi, hesabatlılığın artırılması və düzgün istiqamətə yönləndirilməsi üçün vahid hesabat formasına daxil olan sənədlərin hazırlanması işlərinə də başlanılmışdır.

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ümumtəhsil müəssisələrində öyrədici mühitin yaradılması, metodist hazırlığı və yenidənhazırlanması istiqamətində müvafiq işlərin icrası həyata keçirilir. Bu səpgidə işlərin səmərəli qurulması ilə yanaşı, əməli-praktik addımlar da atılır. Rayon metodik kabinet müdirləri, eləcə də, əməkdaşları ilə onlayn görüşlər keçirilir, mütəmadi olaraq vebinarlar təşkil edilir.

Mərkəzdə metodik kabinet rəhbərləri və metodistlərlə görüşün qrafiki hazırlanmışdır. Qrafikə uyğun olaraq 2021-ci ilin mart-sentyabr ayları müddətində MDM-in əməkdaşları  regionlar üzrə 64 rayon və şəhər üzrə təhsil şöbələrinin və idarələrinin nəzdində metodik kabinet əməkdaşları ilə fərdi şəkildə görüşlər keçirmişdir.

Görüşlər zamanı metodistlərin fəaliyyət istiqamətləri, iş şəraitləri, problemləri, ehtiyacları, həmçinin peşəkar fəaliyyətlərində özünüinkişafla bağlı istək və tələbləri öyrənilmişdir.

Görüşlərin yekununda MDM tərəfindən mövcud real vəziyyət, bütün tələb və ehtiyaclar təhlil edilmiş, metodik kabinetlərin bundan sonrakı fəaliyyətlərinin səmərəli qurulması ilə bağlı əldə edilən nəticəyə uyğun olaraq yol xəritəsi hazırlanmışdır. Ümumilikdə 64 rayon və şəhər üzrə 451 nəfər əməkdaşla görüş keçirilmişdir.

MDM-in qaynar xətti fəaliyyətə başlamış, müəllim, metodkabinet əməkdaşları, digər maraqlı tərəflərə əməli kömək göstərilməsinə start verilmişdir. Qaynar xətt metodik dəstəklə bağlı sual və təkliflərin ünvanlanması üçün nəzərdə tutulmuşdur. MDM-in qaynar xətt nömrəsi (+99451 229-68-68), həmçinin elektron poçt ünvanı ([email protected]) istifadəyə verildiyi müddətdən etibarən aktiv şəkildə xidmət göstərmiş və aylıq hesabat şəklində fəaliyyətini ictimaiyyətlə paylaşmışdır.  MDM-in fəaliyyət planına uyğun olaraq aprel ayından başlayaraq metodkabinetlərin fəaliyyət planları, hesabatlılıq səriştəsinin artırılması məqsədilə aşağıdakı mövzularda vebinarlar təşkil edilmişdir:

  • * Metodkabinetin fəaliyyət planının hazırlanması;
  • * Metodkabinetin hesabat sənədlərinin hazırlanması;
  • * Metodistin peşəkar portfoliosunun hazırlanması.

Bundan başqa, metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, müəllimlərə keyfiyyətli metodik xidmətin təmin edilməsi istiqamətində metodistlərin peşəkar bacarıqlarının artırılması, həmçinin təcrübələrin bölüşülməsi məqsədilə də distant seminarlar keçirilmişdir. MDM metodik kabinet əməkdaşlarının peşəkar inkişafına dair ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə öncə sorğu keçirilmiş və sorğunun nəticəsinə uyğun olaraq “Metodik işin təşkili formaları”, “İKT bacarıqlarından səmərəli istifadə”, “Səriştəli metodist kimdir?, “Metodik vəsaitlərlə tanışlıq” adlı vebinarlar təşkil edilmişdir. İnteraktiv şəkildə təşkil edilən vebinarlar metodik xidmət işi üzrə ən aktual məsələlərə həsr olunmuşdur. MDM fəaliyyət planına uyğun mütəmadi olaraq vebinarların təşkilini planlaşdırmışdır.

Virtual məkanda metodik dəstəyin əlçatanlığının artırılmasının sürətli həlli məqsədilə metodik dəstək portalının hazırlanması istiqamətində işlər həyata keçirilir.  Mərkəz əməkdaşları qısa müddətdə 10-dan artıq metodik araşdırma məqalələri hazırlamış və həmin yazılar ARTİ-nin rəsmi səhifəsində “Faydalı məlumatlar” bölməsində yerləşdirilmişdir.

MDM tərəfindən hazırlanan bu yazılarda yalnız təqdim olunan mövzularla bağlı elmi-nəzəri məlumatlar işıqlandırılmır, müasir pedaqoji prosesə bu araşdırmaların nəticələrinin necə töhfə verə biləcəyi ilə bağlı tövsiyələr də yer alır.

İl ərzində təhsilin bütün səviyyələrində fəaliyyət göstərən təhsil işçilərinə xitab edə biləcək, məlumatlarla zəngin olan portalın istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq MDM-də metodik göstərişlərin mütəmadi olaraq verilməsi üçün e-metodika.gov.az portalının yaradılması planlaşdırılmışdır.

MDM ARTİ-nin “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start vermişdir. Layihənin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində tədrisin təşkilinə dəstək olmaq və metodik xidmət göstərməkdir. Layihə çərçivəsində uğur əldə edən “səriştəli metodist”lər təlimlərə cəlb edildikdən sonra xidməti müqavilə əsasında müxtəlif məktəblərdə metodik işin səmərəli təşkili işinə cəlb ediləcəklər.

MDM metodistlərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlim proqramları hazırlamışdır. Təlim proqramları yalnız hazırda metodik kabinetlərdə çalışan metodistlər üçün nəzərdə tutulmamışdır. Yaxın günlərdə “Səriştəli metodist” layihəsindən seçilən namizədlər və gələcəkdə hazırlanacaq metodistlər üçün də müxtəlif təlim proqramları hazırlanmışdır. Qısa zamanda həmin təlim proqramlarının icrasına başlanılacaqdır.

MDM metodik xidmətin məktəblərdə şagird nailiyyətlərinin yüksəldilməsi işinə təkan vermək, müəllimlərin peşəkar və yaradıcı inkişafını təmin etmək məqsədilə həyata keçirdiyi işlərin nəticələrini mütəmadi olaraq təhlil edir, müzakirələr aparır, beynəlxalq təcrübəni araşdırır və yeni mexanizmlər işləyir. Bu mexanizmlərin tətbiqinin yaxın gələcəkdə ölkəmizdə metodik xidmət işinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksələcəyinə səbəb olacağı gözləntisi əsas məqsəd olaraq qarşıya qoyulmuşdur.

Elxan NƏCƏFOV,

ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri

Xəbər lenti