Logo

Macarıstanda “Müasir Avropanın sütunları: dini icmaların birgəyaşayışı” mövzusunda konfrans keçirilib

19.10.2021 13:25 535 baxış
IMG

Macarıstanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində həmin ölkənin Baş naziri Ofisinin Kilsə və Milli Azlıqlarla Əlaqələr üzrə Dövlət Katibliyi tərəfindən cari ilin 13-15 oktyabr tarixlərində Macarıstanın Debretsen şəhərində “Müasir Avropanın sütunları: dini icmaların birgəyaşayışı” mövzusunda konfrans təşkil edilib.

Tehsil.biz xəbər verir ki, konfransda Avropa sivilizasiyasının dəyərlər sisteminin dini əsası, vicdan və din azadlığı, din və məzhəblərin ortaq məsuliyyəti, dinlərarası dialoq məsələləri, həmçinin 21-ci əsrin mənəvi çağırışları (ailənin rolu, insan həyatının qorunması məsələsi, hüquq və mənəviyyat arasında əlaqə) kimi mövzular üzrə müzakirə aparılıb, məruzələr edilib.

Simpoziumda Macarıstanın Kilsə və Milli Azlıqlarla Əlaqələr üzrə Dövlət katibi Miklos Soltesz, Beynəlxalq  Persepsiya üzrə Dövlət katibi Tamas Menczer, Avropa Şurasının Anti-semitizm, dini dözümsüzlüyün digər formaları və nifrət cinayətləri üzrə xüsusi nümayəndəsi Daniel Höltgen, Avropa Parlamentinin üzvü György Hölvenyi kimi rəsmi şəxslərlə bərabər, Macarıstanın Yəhudi icmalarının prezidenti Peter Feldmajer, Macarıstan İslam icmasının prezidenti Zoltan Bolek, Macarıstan Kilsələr Şurasının baş katibi Vilmos Fişil və digər din xadimləri ilə yanaşı, Fransa, Cənubi Afrika, İsveçrə Konfederasiyası, Vatikan və digər ölkələrin din xadimləri və alimləri iştirak ediblər.

Tədbirdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev təmsil edib. Şöbə müdiri 15 oktyabrdakı əsas sessiyada və müzakirədə “Avropa Şurasına üzv dövlət nümunəsində din və dövlət: Azərbaycan” mövzusunda məruzə və təqdimatla çıxış edib.

Məruzədə Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin tarixi kökləri və müasir dövrdəki vəziyyəti, Azərbaycanda tarixən mövcud olmuş dinlər, dövlət-din münasibətləri sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı multikulturalizm siyasəti, ölkədə fəaliyyət göstərən dini icmalara dövlət qayğısı və s. barədə geniş məlumat verilib.

Həmçinin 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması, tarixi-dini abidələrimizin dağıdılması və təhqir edilməsi, mənimsənilməsi, o cümlədən Azərbaycan dövlətinin ötən il 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa edərək torpaqlarını işğalçılardan azad etməsi barədə də iştirakçılara geniş məlumat verilib.

Qeyd edək ki, tədbir çərçivəsində Dövlət Komitəsinin nümayəndəsi tərəfindən Dövlət Komitəsinin nəşri olan “İşğal edilmiş ərazilərdə Azərbaycanın dini-tarixi abidələri” kitabı və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin “Azərbaycanın mədəni və tarixi irsinin Ermənistan tərəfindən mənimsənilməsi” hesabatı tədbir iştirakçılarının diqqətinə təqdim edilib.

Konfrans oktyabrın 15-də öz işini yekunlaşdırıb.

Xəbər lenti