Logo

Hələlik ilk və son Nobelçimiz - İnanılmaz həyat hekayəti

22.01.2022 20:00 496 baxış
IMG

Bu gün alim, fizik, Azərbaycanın ilk Nobel mükafatçısı, yəhudi əsilli bakılı Lev Landaunun doğum günüdür. Tehsil.biz Kulis.az-a istinadla bu münasibətlə onun həyat hekayəsini təqdim edir.

Lev Davidoviç Landau 1908-ci ildə Bakıda, yəhudi ailəsində dünyaya göz açıb. Atası neft mühəndisi olub. Neftin çıxarılması barədə bir çox nəzəri məqalələr yazıb.

Landau 1916-cı ildə anasının müəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. 12 yaşında differrensial tənliyi, 13 yaşında inteqralları həll edə bilirdi.

Landau 14 yaşında Bakı Dövlət Universitetinin eyni vaxtda iki fakültəsinə daxil olur. Kimyanın daşını ataraq Landau özünü fizikaya həsr edir. İki il Bakıda təhsil alandan sonra xüsusi istedadını nəzərə alıb onu Leninqrad (indiki Sankt-Peterburq Dövlət Universiteti) Universitetinə yollayıblar. Artıq 1926-27-ci illərdə nəzəri fizikayla bağlı məqalələri çap olunur.

On doqquz yaşında Landau “Kvant nəzəriyyəsi”nə böyük töhfə verir. Onun gətirdiyi anlayış Kvant statistikasında mühüm yer tutur.

Üfüq genişlənir

Landau artıq bir ölkəyə sığmır və öz nəzəri biliklərini artırmaq üçün Almaniyaya, Danimarkaya, İngiltərəyə elmi ezamiyyətə yola düşür. Berlin Universitetində Albert Eynşteynlə, Kopenhagendə isə Nils Borla tanış olur.

Çox sonralar Nils Bor Landaunu özünün yaxşı tələbəsi hesab edəcək. Kembric Universitetində isə Pyotr Kapitsa ilə tanış olur. Nils Bor Landaunun istedadını görüb Rokfeller Fonduna müraciət edərək, onun elmi ezamiyyətinin uzadılmasına nail olur.

Həbs

SSRİ-də siyasi rejim sərtləşmişdi. 1929-cu ildə Landaunun atası Bakıda həbs olunur. Əsas ittiham bu idi ki, David Landao inqilaba qədərki qızıl pulları qanunsuz saxlayırmış. Dostlarının köməyi ilə dövlətə müvafiq məbləğ ödədikdən sonra həbsdən buraxılır.

Lev Landau xaricdən qayıdır.

Leninqradda alimlərlə yola getməyən Landau Xarkova gedir. Kafedra müdiri vəzifəsinə qədər yüksələn Landau özünün şıltaqlığı və tələbə qızlara göz qoyması ucbatından universitetdən uzaqlaşdırılır və Moskvaya gəlir.

Kapitsayla birgə çalışmağa başlayır. Siyasi rejim artıq repressiyalara başlamışdı. Artıq bir çox tanınmış fiziklər həbs olunub güllələnmişdi. Landau Stalin rejimi ilə razılaşmırdı və onun əleyhinə yazılmış çağırış vərəqəsini həvəslə redaktə edirdi. Lakin çox keçmir, işin üstü açılır və Landau həbs edilir.

Azadlıq

Landaunun azad olunması üçün Nils Bor və Pyotr Kapitsa işə qarışırlar. Kapitsa şəxsən Lavrenti Beriya ilə görüşərək onun azad olunmasını xahiş edir. Həbsdən azad olunduqdan sonra ömrünün sonuna qədər Landau Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. SSRİ-də yaradılan atom layihəsində iştirak edən əsas simalardan biri olur. Fizika elminin nəhəng siması hesab olunan Landau ən mürəkkəb sahələri araşdıraraq elmə əvəzolunmaz töhfələr verib.

Qəribə adam

Gənclik dövründə Landau and içmişdi ki, nə siqaret çəkəcək, nə də spirtli içki içəcək. Ailəni kooperativ qəbul edirdi və məhəbbətlə əlaqəsi olmadığını deyirdi. 1934-cü ildə o, Anqordiya Drobansova ilə faktiki nikaha girir. Çünki, o qadın, Landauya söz verir ki, onu heç vaxt qısqanmayacaq. Landau “bir-birinə hücum etməmək” haqqında pakt hazırlayır və orda qeyd olunur ki, ər-arvad hər ikisi kənarda məhəbbət macərası yaşaya bilərlər. Rəsmi nikaha yalnız 12 il sonra daxil olurlar. Fiziki nəzəriyyələrin müəllifi Landau həm də “Səadət nəzəriyyəsi”nin müəllifi idi. O, hesab edirdi ki, hər kəs xoşbəxt olmağa borcludur. Bunun üçün 3 şey lazımdır: işləmək, sevmək və insanlarla ünsiyyətdə olmaq.

Dahi fizik həmişə deyirmiş ki, məni ilk zorlayan qadın həyat yoldaşım olub. Landau qadınlarsız yaşaya bilmirdi. Onun saysız-hesabsız məhəbbət macəraları olmuşdu və hətta o səviyyəyə çatırdı ki, tələbələrinin həyat yoldaşları ilə də macəra yaşayırdı. Onun məşhur tələbələrindən biri xatirələrində yazırdı: “Mən dissertasiya müdafiə eləməli idim və Landaunun rəyi lazım idi. Moskvaya gəldim və Landauya müraciət elədim. Akademik mənə rəyin əvəzinə qız tapmağı təklif etdi. Mən tanımadığım şəhərdə dolaşıb qız axtarırdım.”

Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözən həyat yoldaşı ən axırda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin, özünə başqa yer tapsın.

Qəzaya düşən günü Landau öz tələbəsinin həyat yoldaşı ilə bir yerdə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda baş verir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı: “Əgər mən imkan versəydim o evdə sevişsin, qəzaya düşməzdi.”

Nobel və ölüm

1962-ci ildə Landau avtomobil qəzasına uğrayır. Bu qəzadan sonra alim üç ay komada olur. Bütün dünya fizikləri onun müalicəsi üçün müraciətlər edirlər.

Ən maraqlı fakt isə budur ki, qaydalara əsasən Nobel mükafatı qalibə kənar yerdə təqdim edilmir. Bu istisna yalnız Landau üçün edilib.

1962-ci ilin sentyabrında Landau SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürülür. Həmin ilin noyabrında ona Nobel mükafatı verilməsi barədə teleqram gəlir. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.

Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər.

Xatırladaq ki, Landau ifrat axıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür

Uzun müddətdən sonra Landau özünə gəlir, amma beyin travması alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmir.

1968-ci ildə dahi fizik Moskvada gözlərini əbədi olaraq yumur....

Xəbər lenti