Logo

Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib

19.07.2022 15:15 370 baxış
IMG

İlk yarımilin yekunlarına həsr olunan müşavirə bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf yolundadır və yeni zirvələrə doğru inamla irəliləyir.

Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri nəzərə çarpıb. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft-qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb.

Ümumiyyətlə, əldə edilən bütün sosial-iqtisadi uğurlar ölkə iqtisadiyyatının dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya iqtisadi islahatlar üzrə əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib.

Ölkə rəhbəri çıxışında iqtisadi gücün təkcə neftin qiymətinin artırılması ilə bağlı olmadığını, bunun həm də həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrdə aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib. Bütün bunlarla bağlı ölkə rəhbəri deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıb və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.

Cənab Prezident müşavirədə ölkəmizin xarici dövlət borcu ilə bağlı mövcud vəziyyətinə də diqqət yetirərək deyib: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır”. Bəli, bu, ölkəmizdə həyata keçirilən düzgün, uzaqgörən iqtisadi strategiyanın məntiqi nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, inkişaf etmiş ölkələrin bəzilərində bu məsələdə fərqli mənzərə nəzərə çarpır, xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Çünki Azərbaycan borcların yığılmasına, gələcək nəsillərin bu borc altında əziyyət çəkməsinə imkan vermir.

Eyni zamanda müşavirədə düşməndən təmizlənən torpaqlarda energetika sektorunun yüksək səviyyədə qurulması diqqət mərkəzində saxlanıldığı qeyd olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təkliflərinin də yaxın aylarda ölkə rəhbərinə təqdim ediləcəyi gözlənir. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələrin maliyyə təminatının büdcədə ifadə ediləcəyi nəzərdə tutulur.

Dövlətimizin başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurla bağlı görülən işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verildiyini bildirib. Ölkə rəhbəri artıq bütün dünyanın üzləşdiyi bu problemin həlli istiqamətində Azərbaycanın da ciddi tədbirlər həyata keçirdiyini, bunun respublikamızın taxılın idxalından böyük dərəcədə asılılığı ilə bağlı olduğunu söyləyib. Eyni zamanda, bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlandığını, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmaq barədə müəyyən layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.
 Bütün bu uğurlar pandemiyadan, müharibədən təzə çıxmış bir ölkənin Azərbaycanın iqtisadi sahədə altı ay ərzində görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir və nəzərdə tutulan bütün planların yüksək səviyyədə reallaşacağından xəbər verir.

Eldar Aslanov,

ADPU tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Xəbər lenti