Azərbaycanın bütün əraziləri kimi Füzuli rayonu da özünəməxsus gözəlliyi ilə fərqlənir. O, Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayonun ərazisindən Quruçay, Göndələnçay, Qozluçay Çərəkən çayları keçir. Əhali burada 1827-ci ildə məskunlaşmağa başlamış və ilk olaraq buranı Qarabulaq adlandırmışdı. Ərazi 1930-cu ildə Qaryagin adı ilə rayon statusu almışdı. 1959-cu ildə Azərbaycanın görkəmli şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. 1988-ci ildən Ermənistan tərəfindən təcavüz edilməyə başlamışdı. Rayon əhalisi özünümüdafiə qüvvələri yaradaraq, təcavüzkara qarşı mərdliklə vuruşsa da 23 avqust 1993-cü ildə Füzuli rayonu işğal olundu. 17 oktyabr 2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən işğaldan azad olundu. Rayonun məşhur kəndlərindən biri Dədəli adlanır. Bu oba tarixən Cavanşir-Dizaq mahalına bağlıdı. Yaşayış məntəqəsi dədəli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub. Kənd əhalisi sakit təbiəti, zəhmətkeşliyi, torpağa bağlılığı ilə fərqlənib.
Dədəli kəndinin çoxlu sayda tanınan simaları var. Onlardan biri də pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Sərdar Quliyev olmuşdur. Bu ilin may ayının sonlarında, 90 yaşının tamam olmasına bir aydan bir neçə gün çox qalmış Sərdar Quliyev torpaq nisgili ilə dünyasını dəyişdi. Bu gün onu tanıyanların hamısı ona Allahdan rəhmət diləyir və onu itirdikləri üçün heyfslənirlər. İndi o haqq dünyasındadır. Mən əziz xatirəsinə hörmət əlaməti olaraq onun ömrünün səhifələri haqqında həyat yoldaşı Mehbarə xanımdan (Mehbarə xanım BDU-nun Pedaqogika kafedrasının dosentidir), qızı İlahə xanımdan, kürəkəni Nazim bəydən, qohumlarından, dostlarından, həmkarlarından eşitdiklərim, o cümlədən gördüklərim və bildiklərimdən istifadə edərək professor Sərdar Quliyevin həyat salnaməsini bir daha vərəqləməyi özümə borc bildim.
Uşaqlıq həyatının arzuları
Sərdar Quliyev 1932-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olmuşdu. Kənddə yaşayan bütün uşaqlar kimi erkən yaşlarından əmək fəaliyyətinə cəlb olunmuşdu. Dərrakəli, diribaş və zəhmətkeş idi, tapşırılan işləri həmişə yarıdırdı, buna görə də ona daha çox iş tapşırırdılar. Atası Musa kişi Nəriman bəyin oğlu idi. Sovet hakimiyyəti qurulandan sonra xeyli əziyyət çəkmişdilər. Babasının bütün mal-dövləti müsadirə olunmuşdu. Musa kişi təbiətən sakit, hamıya yaxşılıq edən, zəhmətkeş bir adam idi. Kolxozda mühasib işləyirdi.
1939-cu ildə yeddi yaşı tamam olan balaca Sərdarın məktəb həyatı başladı. Dərrakəsi, fərasəti və zəhmətkeşliyi burada da onu digər uşaqlardan fərqləndirdi. O, məktəbə müqəddəs ocaq kimi baxırdı, buranı dünyanın sirlərini öyrənmək imkanı verən məbədgah kimi dəyərləndirirdi. Elə ilk gündən sinfin, bir müddət sonra isə məktəbin qabaqcıl şagirdinə çevrildi. Bütün fənlərdən yüksək qiymətlər alırdı. Amma tarix dərsi onu özünə daha çox cəlb etmişdi. Müəllimi də vətənpərvər bir insan idi, Azərbaycan tarixini elə vətənpərvərlik hissi ilə tədris edirdi. Balaca Sərdar Azərbaycan tarixini öyrəndikcə, böyük şairimiz Səməd Vurğunun Azərbaycan şeirindəki “Nələr çəkmiş başın sənin” misralarının fəlsəfəsini başa düşür və bu tarixi daha dərindən öyrənmək üçün tarixçi olmaq arzusu ilə yaşamağa başlayırdı. Bu, həyatda onun ilk arzusu idi.
Kənd məktəbi yeddiillik idi. O, təhsilini ya başqa kənddə, ya da Füzuli şəhərində fəaliyyət göstərən pedaqoji texnikumunda davam etdirməli idi. O, texnikumu seçdi. Fikirləşdi ki, texnikum onun həm arzularına daha tez qovuşmasına, həm də daha dərin bilik almasına imkan verər.
1949-cu ildə qəbul imtahanlarından heç bir çətinlik çəkmədən yüksək qiymətlər alan gənc Sərdar təhsilini texnikumda davam etdirməyə başladı. Texnikum mühiti məktəb mühitindən fərqlənirdi. Məktəbdə müəllimlərinin çoxu qohum-əqraba və qonşuları idi, hamı onu tanıyırdı, burada isə heç kim onu tanımırdı. Texnikumun qaydaları daha sərt idi. Bunları başa düşən gənc Sərdar səylə çalışır, bütün çətinlikləri asanlıqla dəf edirdi. Hətta texnikumun ictimai işlərində də canla-başla fəallıq edirdi. Günlərin, ayların və illərin bir-birini sürətlə əvəz etməsi hiss olunmadan onu maraqlı texnikum həyatının sonuna gətirib çıxardı.
Texnikum onun həyatında böyük rol oynadı. Bu müddət ərzində o, yetkin şəxsiyyətə çevrilmişdi. Onun dünyagörüşü formalaşmış, həyata baxışları daha mütərəqqi olmuşdu. Əgər texnikuma qəbul olanda alacağı təhsillə kifayətlənmək istəyirdisə, indi onda yeni arzu yaranmışdı, bu arzunu reallaşdırmaq üçün, ilk növbədə, ali məktəbə qəbul olmalı idi.
O, Azərbaycan Pedaqoji İnstitutunun (indiki-ADPU) tarix fakültəsini seçdi. Valideynlərinə və kənddə heç kimə demədən, texnikumda təhsil alarkən ona gündəlik xərclik üçün verilən vəsaitə qənaət edərək yığdığı pul ilə Bakıya gəldi. İmtahanlardan qorxmurdu, amma ədalətsizlikdən qorxurdu. “Qəbul olmasam kənddə camaat nə düşünər?” fikri ilə Bakıya gəlmişdi. Onun biliyi yüksək qiymətləndirildi və 1953-cü ildə tarix ixtisası üzrə ali məktəbə qəbul oldu və kəndə alnıaçıq döndü. El adəti üzrə həmin gün Musa kişinin həyətində ziyafət təşkil olundu və kənd əhalisi gənc Sərdarın uğurunu qeyd etdi və ona gələcəkdə daha böyük uğurlar üçün xeyir-dua verdi.
Həyat yolunu işıqlandıran peşə seçimi
Pedaqoji ali məktəb, təbii ki, tamam başqa mühit idi. Bu təhsil ocağında ölkəmizin görkəmli alimləri dərs deyirdilər. Onların tələbləri texnikum müəllimlərinin tələblərindən daha çətin, daha mürəkkəb idi. Gənc Sərdar bu çətinliklərin olacağını əvvəldən bilirdi, onları dəf etməyə hazır idi, ona görə də bu mühitə asanlıqla uyğunlaşa bildi və qısa zaman kəsiyində öz zəhmətkeşliyi, zəkası və tərbiyəsi ilə müəllimlərin sevimli tələbəsinə çevrildi. Həm tarixi, həm də onu necə tədris etməyin yollarını öyrənirdi. İstər mühazirə, istərsə də seminar məşğələlərində ən fəal tələbələrdən biri o idi.
Gənc Sərdar ali məktəbə tarix mütəxəssisi olmaq üçün gəlmişdi. Bu ixtisası özü seçmişdi və seçdiyi bu ixtisası sevirdi. Amma ali məktəbdə tarix fənləri ilə yanaşı həm təhsilin tarixi, həm də pedaqogika fənnini tədris edirdilər. Pedaqogika və təhsilin tarixi fənlərini öyrəndikcə onun arzusu haçalanırdı. Seçim qarşısında qalmışdı, bilmirdi tarixçi olsun, yoxsa tarix müəllimi.
Tədris müddətində nəzəri dərslərlə yanaşı, tələbələr həm də məktəbdə pedaqoji təcrübəyə də gedirdilər. Onlar üçüncü kursda oxuyarkən passiv pedaqoji təcrübədə iştirak etməli idilər. Təcrübənin əsas məqsədi tələbələrin məktəbin fənn müəllimlərinin dərsini müşahidə etmək və onların metodikasını öyrənmək idi. Bir neçə həftə dərsləri müşahidə etmişdilər ki, bir gün fənn müəllimi nə fikirləşdisə, gənc Sərdara “hazırlaş, sabah dərsi sən keç” dedi. Bu təklifi rədd etmək olmazdı, amma bu təklifi tərəddüdlə qarşıladı. Onun tərəddüdünü görən müəllim “Sənin istedadın və hazırlığın imkan verəcək ki, yaxşı dərs deyəsən” dedi. Sonra ona sabahkı dərsin mövzusunu dedi və zəruri məsləhətlər verdi.
Sabahısı gün şagirdlərin Sərdar müəllimə necə heyrət və maraqla qulaq asmalarını müşahidə edən fənn müəllimi dərs bitdikdən sonra sevinc hissi ilə ona “Sən qabaqcıl müəllim olacaqsan. Bugünkü dərsin yüksək səviyyədə keçdi” dedi və Sərdarın dərsini təhlil etdi. Tələbəlikdən müəllimliyə keçid gənc Sərdarın həyatında həmin gün baş verdi və o tarix müəllimi olmaq qərarına gəldi. Məktəb müəllimi ona ixtisas seçimini dəqiqləşdirmək imkanı vermişdi və müəllimlik onun həyat yoluna çevrildi.
Müəllimlikdən alimliyə gedən yol
Elə bu həvəslə ali məktəbi bitirən kimi Naxçıvan ikiillik Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətə başladı. Əmək fəaliyyətini sonra Füzuli rayonu Yuxarı Seyid Əhmədli kənd orta məktəbində davam etdirdi. Onun dediyi dərs digər müəllimlərin dərsindən fərqlənirdi. Bunu görən rayon təhsil şöbəsinin rəhbərliyi onu qabaqcıl müəllim kimi Dədəlikənd yeddiillik məktəbinə direktor təyin etdi. Məktəb direktoru kimi də fərqləndi, rəhbərlik etdiyi məktəb yüksək nəticələr əldə etdi. Bu, ona Göyçay Rayon Xalq Maarif Şöbəsində metodist, müfəttiş vəzifələrinə təyinat almasına imkan verdi. Bir xeyli sonra isə o, 4 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundu.
Məktəblərdə işlədiyi müddətdə o yeniliklər edir, eksperimental dərslər deyirdi. Məktəb müəllimlərini öz dərslərinə dəvət edir, təcrübəsini onlarla bölüşür, digər müəllimlərin dərslərində iştirak edir, onların da təcrübəsini öyrənməyə çalışırdı. Həyata keçirdiyi yeniliklər onda təhsilini davam etdirməyə stimul yaradırdı və o, yenidən Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında (indiki doktorantura) təhsilini davam etdirmək qərarına gəldi. Görkəmli alim professor Əhməd Seyidovun rəhbərliyi ilə “Şagirdlərdə düzlük və doğruçuluq tərbiyəsi” (V-VIII siniflər) mövzusunda dissertasiya işi üzərində tədqiqat aparmağa başladı. Gərgin keçən günlər 1968-ci ildə öz bəhrəsini verdi və o, böyük müvəffəqiyyətlə dissertasiya işini müdafiə etdi. Müdafiənin uğurlu olması və onun yetkin alim kimi formalaşdığını görən ali məktəb rəhbərləri ona öz fəaliyyətini Pedaqogika kafedrasında davam etdirməyi təklif etdilər. Bu təklif onun həyat yolunu daha da zənginləşdirdi. İndi o müəllim hazırlayan ali məktəbdə, nəhəng alimlərlə bir yerdə işləyəcəkdi. Bu böyük etimadı doğrultmaq lazım idi. Beləliklə, gənc Sərdar müəllim həm də alimlik həyatına qədəm qoydu.
İndi Sərdar müəllim auditoriyaya daxil olur, böyük şövqlə mühazirə və seminar məşğələləri aparırdı. Onu həmişə tələbələr arasında görmək olardı. O, pedaqogika fənnini tədris edirdi. Baza təhsili tarix olduğu üçün fürsət tapan kimi Azərbaycan tarixindən, ölkəmizin, xalqımızın başına gələn faciələrdən danışır, yaxşı müəllim olmağı vətənpərvərlik müstəvisində dəyərləndirir, tələbələrin gələcəkdə həm yaxşı müəllim olmasına, həm də vətənpərvər bir vətəndaş kimi yetişməsinə çalışırdı.
Bir müddət keçdikdən sonra Sərdar Quliyev artıq Pedaqoji İnstitutun kollektivi tərəfindən nümunəvi müəllim kimi dəyərləndirilirdi. İntellekti, mənəvi dəyərləri və zəhmətkeşliyi onun öz fəaliyyəti ilə fərqlənməsinə imkan verirdi. Yorulmaq bilmədən işləyirdi. Daima mütaliə edir, elmi yeniliklərlə tanış olur, məqalələr, kitablar, dərsliklər yazır, dediyi dərslərin həm metodiki, həm də elmi məzmununun yüksək olmasına çalışır, öyrəndiyi yenilikləri dərslərinə tətbiq edir. Dərs deməklə yanaşı elmi fəaliyyətini davam etdirir, elmlər doktoru proqramı üzrə “Şagirdlərin mənəvi tərbiyəsində ailə, məktəb, ictimaiyyət və əmək kollektivlərinin birgə fəaliyyətinin nəzəri əsasları” mövzusu üzərində tədqiqatlar aparırdı. Faktiki olaraq onun praktik materialları var idi, amma Sərdar Quliyev tədqatlarının daha etibarlı olması üçün yenə məktəblərə gedir, eksperimentlər keçirir, məqalələr, kitablar yazır, elmi-praktik konfranslarda çıxışlar edirdi. Nəhayət, uzunmüddətli tədqiqatların nəticəsində 1988-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdi.
Onun doktorluq dissertasiyası olduqca aktual problemə həsr olunmuşdu. Dissertasiya işinin elmi yeniliyi ondan ibarət idi ki, o yeni nəslin təbiyəsini cəmiyyət sferasında qiymətləndirir, cəmiyyətin inkişafında onların rolunun mühüm olduğunu göstərir və bu istiqamətdə tərbiyəyə qlobal hadisə kimi yanaşaraq, onu ailənin, məktəbin, ictimaiyyətin və əmək kollektivlərinin birgə işi kimi qiymətləndirir, bu dörd tərbiyə institutunun əlbir işinin istiqamətlərini, forma və yollarını açıqlayırdı. Tədqiqatın aktuallığı bu gün də öz əhəmiyyətini itirməmişdi. Zaman dəyişsə də yeni nəslin tərbiyəsində bu yanaşma yüksək qiymətləndirilir.
Professor Sərdar Quliyev bu illər ərzində öz fəaliyyəti ilə pedaqoji universitetin inzibati strukturunda mühüm vəzifələrdə - Axşam və qiyabi şöbələr üzrə prorektor, Azərbaycan Pedaqoji İnstitutunun Partiya Komitəsinin katibi, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri vəzifələrində çalışdı. Onu tanıyanlar bilirlər ki, bu vəzifələrin hər birində o, Pedaqoji Universitetə öz töhfəsini vermiş, fəaliyyətini həmin vəzifələrin tələblərinə uyğun qura bilmişdi.
Elmi işlər onun fəaliyyətinin ana xəttini təşkil etmişdi. Professor Sərdar Quliyevin 25 kitabı, dərsliyi, dərs vəsaiti işıq üzü görmüşdü. Bununla yanaşı 200-dən artıq elmi məqaləsi ilə müəllimlərin pedaqoji fəaliyyətinə işıq sala bilmişdi.
Professor Sərdar Quliyevin elmi və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. O, Azərbaycan Respublikasının “Qabaqcıl maarif xadimi”, “Qabaqcıl təhsil işçisi” döş nişanları ilə təltif olunmuş, 2011-ci ildə isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.
Ömrün nisgilli sonluğu - həyata keçməyən arzu
Ömrünün son illərində iki dəfə əməliyyat olundu. Bu əməliyyatlar nəticəsində ayaqlarında müxtəlif problemlər yaranmışdı. Günlərini ailəsinin, qohum-əqrabanın əhatəsində evdə keçirirdi. Tez-tez dostları da onu ziyarət edirdi. Yeni ədəbiyyatı mütaliə edir, məqalələr yazırdı. Amma heç nə onu ovundura bilmirdi. Bütün ömrü boyu işləmişdi, indi bir tərəfdən işləmək imkanlarının məhdud olması, digər tərəfdən anadan olduğu və böyüdüyü Füzuli rayonunun işğalda olması onu darıxdırırdı.
17 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Füzuli rayonunu işğaldan azad etdi. Sərdar müəllim 1988-ci ildən bu günü gözləyirdi. Lakin o, doğma torpaqları ziyarət edə bilmədi, ömrü vəfa etdi, sağlamlığı vəfa etmədi. Torpaqlarını ziyarət etmək onun sonuncu arzusu idi. Bu arzu reallaşmadı, haqq dünyasına qovuşdu. Əvəzində bu gün onun ruhu şaddır, işğaldan azad edilmiş boya-başa çatdığı torpaqlarda nəhəng quruculuq işləri həyata keçirilir. Həyata keçirilən layihələr Füzuli rayonunun yaxın gələcəkdə Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcəyini sübut edir.
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru