Logo

"Nazirlik Təhsil İnstitutunu idarə edə bilmədi, tədqiqat institutlarını necə idarə edəcək?"

04.08.2022 10:35 588 baxış
IMG

"Son 10 ildə cəmiyyətdə belə tendensiya müşahidə edilir ki, istənilən adam bələd olmadığı istənilən sahəni idarə edə bilər. Menecmentin aksiomu isə deyir ki, menecer bələd olmadığı sahəni heç vaxt səmərəli idarə edə bilməz. Yenidən velosiped yaratmağa nə ehtiyac?  Bu yanaşmanın uğursuz təşəbbüs olduğunu son illər bir çox sahələrdə müşahidə etdik". 

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.

O bildirib ki, AMEA-nın işində ciddi nöqsanlar, narazılıqlar olsa da, onun belə aqibəti çoxları üçün gözlənilməz oldu:

"Problemləri vaxtında həll etmək mümkün idi. Hələ uzun müddət bu birləşmə prosesi elm-təhsil ictimaiyyətində müzakirə ediləcək. Bu addımın nə dərəcədə səmərəli olması, nəticənin elm və təhsilin inkişafına təsiri, qərarın icrasının səmərəli olması uzun müddət gündəmdə qalacaq. Əsas narahatlıq isə Elm və Təhsil Nazirliyinin bu elmi strukturları nə dərəcədə səmərəli inteqrasiya etməsi, gələcəkdə onları "elmi" əsaslarla idarə etməsi kimi suallarla əlaqəlidir". 

Ekspert bildirib ki, sovet hökuməti ağır Vətən müharibəsindən və ciddi dağıntılardan sonra -1945-ci ildə (Sovetin 25-ci ilində) bizim elmlər akademiyasını yaratdı:

"Bu çox əhəmiyyətli və məsuliyyətli qərar idi. Müharibə sonrası maliyyə sıxıntılarına baxmayaraq, buna lazımı maliyyə də tapdı. Sonrakı illərdə xeyli elmi laboratoriya, tədqiqat institutları, yüzlərlə alim yetişdirdi. Bəzi sahələrdə isə elmi məktəblər də yarandı. Müstəqillik illərində "AMEA bizim milli sərvətimizdir" desək də, sonrakı illərdə bunu lazımı səviyyədə inkişaf etdirə, qoruya bilmədik, normal maliyyələşdirmədik, kadr siyasətini yanlış yapdıq. Sonluq gözlənilən idi".

İlham Əhmədovun sözlərinə görə, indi bu problemlərin həlli Elm və Təhsil Nazirliyinə  həvalə edilib:

"Nazirlik öz tərkibində olan yeganə elmi tədqiqat institutunu - "Təhsil İnstitutunu" nə vaxt normal idarə edə bildi ki, indi tərkibinə qatılmış 30-35 tədqiqat institutunu səmərəli idarə edə bilsin? 7-8 ildir, bu institut yelkənsiz qayıq kimi o qayadan bu qayaya dəyərək sanki ləngər vurur. Bu institut son 7-8 ildə öz 90 illik missiyasından uzaq düşüb, əsasən təlimlər keçirmək və kommersiya maraqları güdməklə təhsili "inkişaf" etdirir. Əsas fəaliyyəti pedaqoji sahədə tədqiqatlar aparmaq, təhsil islahatlarının elmi təminatını hazırlamaq olan bu institutun kadr heyəti son illər  Elm və Təhsil Nazirliyində olduğu pedaqoji sahəyə aidiyyəti az olan "alim"lərlə komplektləşib. Son 8 ildə heç bir elmi və pedaqoji təcrübəsi olmayan insanlar bu instituta rəhbərlik etdi. Əslində isə pedaqoji elmin və praktikanın incəliklərini bilən, elm təşkilatçısı burada rəhbər olmalı idi".

Dosentin fikirlərinə görə, bəzi mütəxəssislər təklif edirlər ki, AMEA-nın struktur vahidləri (institutlar və elm mərkəzləri) ali məktəblərin nəzdində qrant əsaslı tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməlidir:

"Təki belə olsun.  Amma nazirliyin qrant müsabiqələrinin obyektiv olduğunu heç vaxt görmədik, buna da ümid azdır. Belə bir şəraitdə elm və təhsilin səmərəli inteqrasiyası istiqamətində hamımız möcüzə gözləyirik".

Xəbər lenti