Artıq ikinci ildir ki, xalqımız Azərbaycanın müasir tarixində son dərəcə önəmli olan bir bayramın qürurunu yaşayır. İndi uşaqdan böyüyə hər kəs böyük fəxr hissi ilə Zəfərdən danışır, tarix yazan şəhidləri ehtiramla anır.
8 Noyabr tarixi üç onilliyin sonunda düşməni məğlub edib doğma yurdlarına, əzəli torpaqlarına qovuşan xalqımızın Zəfərinin bayramı, milli qürurun, şərəfin qələbəsi, ləyaqətin təntənəsidir. 2020-ci ilin 27 sentyabrı ilə 8 noyabrı arasındakı zaman kəsiyində bizim üçün hər şey adilikdən çıxdı, müqəddəsləşdi. Elə 44 rəqəminin özü də. İndi o 44 günün hər anı bizim üçün Qarabağ, Şuşa və ən nəhayət Zəfərdir.
Vətən savaşında Azərbaycan işğal faktı ilə barışmayacağını bütün dünyaya göstərdi və sübut etdi ki, istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə Azərbaycanın qətiyyətinin, dövlətlə xalqın birliyinin aşa bilməyəcəyi heç bir əngəl yoxdur. Bütün dünya, beynəlxalq ictimaiyyət haqqın nahaq, düzün əyri, vətənpərvərliyin işğalçılıq, həqiqətin yalan üzərində qələbəsinə şahidlik etdi. Bu savaş işğalçı dövlətlə bərabər dünyanı da Azərbaycan reallıqları ilə barışmaq məcburiyyətində qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il idi ki, kağız üzərində qalan qətnamələrini icra etdi. Münaqişənin həllinin hərbi yolla mümkün olmadığını bildirən dövlətlərə, erməni ordusu barədə “döyüşkən”, “məğlubedilməz” mifi yaradan Ermənistana lazım olan dərsi verdi.
30 il, necə deyərlər, bir igidin ömrüdür. Bu illər ərzində xalqımız ölçüyə gəlməyən acı, nisgil, həsrət yaşadı. Bir yandan məcburi köçkün həyatı, digər tərəfdən bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan vermədi. Ermənistan ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbələr vurdu, işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etdi, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurdu. Lakin xalq torpaqların bir gün mütləq düşmən tapdağından azad olunacağına olan ümidini itirmədi. 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilmədi. Bu umid, bu arzu bizi möhkəmləndirdi, gücləndirdi.
Nəhayət, 2020-ci ilin 27 sentyabrı xalqın çoxdan gözlədiyi gün idi. Həmin gün haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar verildi. Xalqa müraciətini “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə yekunlaşdıran dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin bu sözlərindən dərhal sonra xalq bir nəfər kimi - böyükdən kiçiyə ayağa qalxdı. O gün birlik zamanı idi. Kimi ön cəbhədə, kimi də arxa cəbhədə Vətənin səsinə səs verdi.
Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi ay yarım ərzində son qoydu. Dövlət başçımız müharibənin gedişində də dəfələrlə bəyan etdi ki, “Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi.
Vətən müharibəsi bir xalq kimi gücümüzü bütün dünyaya göstərdi, Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bu savaşda Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə üçün bütün qüvvəsini ortaya qoydu. 30 ilə yaxın nəticəsiz qalan sülh danışıqları prosesinin sonunda güclü, müasir səviyyədə silahlanmış ordumuz düşmən əsarətində olan ərazilərimizin hərb yolu ilə işğaldan azad edilməsində Azərbaycanın üstünlüyünü təmin etdi. Dövlətimizin başçısı bütün çıxışlarında, xüsusilə də müharibənin getdiyi günlərdə nüfuzlu beynəlxalq media orqanlarına, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə də dönə-dönə vurgulayırdı ki, döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı Azərbaycan əsgəri və zabitidir: “Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Ön cəbhədə əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldu, arxa cəbhədə isə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi. Bir sözlə, lider qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti və mənəvi bütövlüyümüz bu müharibədəki ən böyük üstünlüyümüz oldu.
Vətən müharibəsində qazanılan zəfərdən sonra Azərbaycanın qəhrəmanlıq tarixinin yeni bir salnaməsi yazılmağa başladı. Bu yeni salnaməni yazanlar arasında müəllimlərimizi görmək qürurverici bir hissdir. Müharibədə iştirak edən Bakı məktəblərinin 40-dan çox müəllimi sinif otaqlarında keçdikləri vətənpərvərlik dərsinin əməli nümunəsini soyuq səngərlərdə düşmənlə savaşaraq göstərdi. Azərbaycan müəllimi də, o müəllimlərin yetirmələri də Qarabağ sınağından uğurla keçdi. Bu bir danılmaz faktdır ki, cəsur, vətənpərvər oğulların yetişməsində məktəbin, təhsilin rolu olduqca böyükdür. Vətən müharibəsinin gedişi bunu bir daha göstərdi. Hər kəs şahid oldu ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş öz köklərinə, əzəli torpaqlarına bağlıdır, torpağının hər bir qarışı üçün canından keçməyə hazırdır. Paytaxt məktəblərinin 350-dən çox məzunu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalaraq Vətənə sədaqətlərini layiqincə sübut etdilər.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfəri dərsliklərimiz üçün də yeni səhifə açdı, dərslərimizə yeni məzmun gətirdi. Gənc nəslin Zəfər tariximizdən sonrakı mərhələdə vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi bu gün qarşımızdakı ən önəmli hədəflərdən biridir. Bu gün hər bir gənc Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.
Sevindirici haldır ki, yetişməkdə olan nəsillər vətənpərvər ruhda formalaşır, məktəblərimizdə vətənpərvərlik tərbiyəsi işi yüksək səviyyədə aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalanları Zəfər tariximiz barədə geniş şəkildə məlumatlandırmaq məqsədilə həyata keçirilən “Şuşa İli” ilə bağlı silsilə tədbirlər, “Zəfər tarixi” konfransları, “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqələri, “Xarıbülbülün sədası: Şuşa - 270” adlı festivalı, “Qarabağı tanıt” təqdimat müsabiqəsi, “7-dən 17-yə vətənpərvər!” və digər bu kimi layihələr şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, onları Vətənə məhəbbət ruhunda tərbiyə etmək, xalqa, torpağa bağlılıq hissini gücləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaqdan ibarətdir. Sozsüz ki, bütün bunlar son nəticədə qüdrətli Azərbaycan Ordusunun ruhunda özünü biruzə verən vacib amillərdəndir. Digər tərəfdən, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin təhsilə, uşaqların hərtərəfli inkişafına göstərdiyi qayğı gələcəyimiz olan gənclərin daha hərtərəfli və daha vətənpərvər olmasına zəmin yaradır.
İndi işğaldan azad olunan torpaqlarımızda sürətli quruculuq işləri gedir. Müharibə vaxtı birləşərək Zəfəri qazandığımız kimi, bu gün də birləşərək, bir millət olaraq Qarabağı yenidən qururuq. O yerlərə yeni nəfəs gəlir. Doğma Qarabağımız, Şuşamız öz doğma sakinlərinin isti nəfəsi, qurub-yaradan əlləri ilə ikinci həyatını yaşamağa başlayır. Sözsüz ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərində yüksək əzmkarlıq göstərən vətəndaşların qəlbindəki Vətən eşqinin formalaşmasında təhsil işçilərinin də müstəsna rolu var.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri